20 il əvvəlin söhbəti: Söz sözü çəkər

20 il əvvəlin söhbəti: Söz sözü çəkər

Vaqif İbrahimoğlu ilə Niyazi Mehdinin söhbəti

QEYD: Yazı 1991-ci ildə dərc edilib

NIYAZI MEHDI.: — Vaqif, bu ilin Yanvar ayında "Novruz” qәzetindә "Biz kimik” adlı yazım çıxandan sonra redaksiya məktublar da aldı vә hәtta Nizami Cәfərovun polemik bir cavabını da çap etdi. Hamısını qәzetin sәhifәlәrindә oxumuşam. Mәktublar da, cavab da mәnә çox sәvivyyәli yazı təsiri bağışladı. Ancaq onu da gördüm ki, mənim yazdığımla onlar arasında bir anlaşmazlıq var. Trifonovun sözü var, deyir ki, mən ölümdәn yazıram, mәnә deyirlәr ki, mәişәtdәn yazır. Bəlkə dә yerinә düşmür burada onun sözlәri, ancaq gözәl olduğu üçün söyləmәkdәn özümü saxlaya bilmirәm... İndi, mәn də o yazıda çalışmışdım «azərbaycanlı ruhu», «azәrbaycanlının Qut dünyası», «azәrbaycanlı düşünüşü» mәsəlәlәrini qoyum. Bir çoxları isə (bunu mәktublardan, cavab mәqalәsindәn gördüm) belə güman etdilər ki, mәni bizim etnik adımız, soykökümüz maraqlandırır. Yәqin belə başa düşülmәkdә mənim də tәqsirim var, qavrayanların da (halbuki etnik adımız da, soykökümüz dә bizim mәtbuat üçün, artıq çoxdan qoyulmuş məsəlәdir, «azәrbaycanlı ruhu» isә tamam yenidir. Elm, sözsüz, deyәcək ki, «azәrbaycanlı ruhunu vә ya iç dünyasını» «azәrbaycanlı xasiyyәti», «azәrbaycanlı obrazı» anlayışlarından ayırmaq gәrəkdir. Doğrudan da, bunlar ilişgiləri olan ayrı-ayrı qatlardır. Ancaq biz populyar söhbәt edəcәyik, ona görә də gəl, belə incәliklәrә hәr dәfә fikir vermәyək...

VAQIF İBRAHIMOĞLU.: — Ancaq «hәr dәfә» deyirsәnsә, onda sözündәn bu çıxır ki, gərәkəndə fikir dә vermәk lazımdır.

NIYAZI MEHDI.: — Görək gərәkəcəkmi? Sәninlә, 80-ci illərin erkənlərində bir söhbәtim yadıma düşdü. Onda deyirdin ki, azərbaycanlı ruhunda güclü uyuşqanlıq, adaptivlik mexanizmi var. Tarix, siyasi sistemlәr onu әn çətin durumlara salanda sınmır, özünün əsas dәyәrlәrini, istәklərini salamat saxlamaq üçün, vәziyyәtlәrdәn sağ çıxartmaq üçün üzdә vәziyyətә uyuşur. Mәsәlәn, ailәcanlıq azərbaycanlı yaşamının әsas dəyәrlәrindәndir vә 70 neçә ildә hәr dәfә düşdüyümüz dolaşıq vәziyyәtlərә üzdә uyuşqan olmaqla onu indiyәnəcәn salamat saxlaya bilmişik. Ancaq millətlәr dә var ki, hәmin çətin vәziyyәtlәrin birindә sınar. Uyuşqanlığı yetәrincә olmadığı üçün sınır. Nәticədә, tutalım ki, içkiyə qurşananların sayı onda milli bәla hәddinә çatır, cırlaşma gedir və s.

İndi, bütün bunları sәnin dediklәrini yadına salmaq üçün söylәmәdim. Söylədim ki, oxucular da başa düşsünlәr, nәdәn danışırıq.... Sualım belə olacaq: azərbaycanlılarda sənin göstәrdiyin xasiyyәt bəlkә milli lәyaqәt duyğusunun sısqalığı demәkdir? Ləyaqət hәr şeyi özünә sığışdırmamaqdır. Uyuşqanlıq isә hәr şeyi özünə sığışdırmaq, hәr şeyə özünü sığışdırmaq bacarığıdır...

VAQIF İBRAHIMOĞLU.: — Sənin «Biz kimik?» mәqalәndә belə bir gercəyi yada salmaq var idi ki, biz hәm müsәlmanıq, hәm qafqazlıyıq, hәm də türkük. Bir sözlә, Qafqaz türkləriyik. Götürәk bu axırıncını, - azәrbaycanlıda Türk ruhunu. Mәnim anladığıma görә, Türk ruhunda, qutunda zaman ölçüsü, biçimi içində oluşmaq, ola bilmək, etdiklərində, duşündüklәrində, axtardıqlarında zamanın axarına uyuşmaq çox xarakterikdir. Uluslar, millәtlәr də var ki, onların ruhunda zamanla münasibət gərgindir. Zamana pozuntu, korlanma gətirən bir şey kimi baxırlar.

NIYAZI MEHDI.: — Mәsәlәn, Platon yunanların adından Misirə qibtә edirdi. Deyirdi ki, gör işlərini necə qurublar ki, min illərlә onlarda heç nə dәyişmir. Biz də elə, olmalıyıq.

VAQIF İBRAHIMOĞLU.: — Yunanlar elə dә olmağa çalışırdılar. «Dünya necədir?» sualına cavab vermәk üçün mәdәniyyәtlәrindә «dünya belәdir» adında azman bir bina qurmuşdular. Hәndәvәrlәrindә dünya dağılırdı, bir şey uçurdu, o birisi tikilirdi, onlarsa dünyanı ancaq qurduqları hәmin «bina» kimi görürdülәr. Nәticәsi, son ucu nə oldu? O oldu ki, uyuşqanlıqları olmadığı üçün hәmin yunanlar yox olub getdilәr. İndiki yunanlar eramızdan qabaqkı yunanların davamı deyillər.
Türkün, Oğuzun ruhunda isә zamanın axarına uyuşqan olmaq gərəyi çeviklik strukturlarını yaradıb. Türk ruhu hərәkәt biçiminə alışqandır, vurğundur. Hәrәkәt isә zamandan doğur, yәni zaman olmalıdır ki, onun davamında hәrәkәt başlayıb qurtarsın.

NIYAZI MEHDI.: — Yadıma o düşdü ki, «Kitab-i Dәdә Qorqud»da bütün önәmli olaylar, hadisәlәr hansı әrәninsə «uru durmasından» başlayır, yәni vurub durmasından, qalxmasından...
Düzü, Türkün, Oğuzların hәrәkәtsevәr olması ideyası mәnә başqa qaynaqlardan da tanışdır. Bəziləri bunu köçәriliklә bağlayıblar, sonra da nə üçünsә köçәriliyi mәdәni həyatın aşağı pillәsi sayıb bundan Türk üçün, Türk ruhunun necәliyi üçün pis nəticələrə çıxıblar. Deyәsәn, elә ermәnilərin özündə belə fikirlәşәnlәr var ki, bizә "köçәri” demәklә bizim barbar olduğumuzu yüz faiz sübut etmiş olurlar. Ancaq maraqlıdır, Xristianlığın vә İslamın özülündә duran yәhudi dini köçәri bir xalqın köçәrilik sayəsindә gәlib çıxdığı dindir... Daha sonra, köçәrilik bütün millәtlərin keçmişindә, elә ermәnilәrin keçmişindә dә olub. O başqa mәsәlә ki, Türk ruhunun hәrәkәtә belә vurğunluğu onu bu keçmişi unutmağa qoymayıb. Oturaq hәyatla yaşayan azәrbaycanlılar özünün tәrәkәmә kəsimi ilә uyarlı olub. Azәrbaycanlı dünyası oturaqlıqla köçәrilik dinamikasını bir-birindәn uzaq salmayıb. Bütünlüklә bu, Türkiyә elmindә çoxdan fırlantıda, dövriyyәdә olan ideyadır... Anlamıram bu köhnә ideyaya sәn indi hansı canı vermәk istәyirsәn?

VAQIF İBRAHIMOĞLU.: — Söhbәtimiz lәyaqәt mәsəlәsindən başladı. Mәncә, Türk ruhunun azәrbaycanlıya verdiyi mütәhәrriklik, çeviklik onu әn ağır vәziyyәtlәrә uyuşqan ola bilmәklә təmin edib vә bu, lәyaqәt duyğusunun zәifliyindәn yox, çevikliyin yüksәkliyindәn gәlir. Deyәsәn, Rәşidәddindә var ki, zәnci yıxılanda da ritmik yıxılır. Azәrbaycanlının da içindәn gәlәn elә bir ritmik çeviklik var ki, qarşısına çıxan әn cod, qaxaclanmış strukturları yumşaldır, oynaqlaşdırır. Ona görә dә mәn belә hesab edirәm ki, 70-ci illәrdә Azәrbaycan xalqı durğunluqda yaşamayıb. Durğunluq Dövlәt aparatının, partiya hakimiyyәtinin hansısa qollarında, budaqlarında olub. Ancaq onların aşağılara göndәrdiyi qaxaclanmış strukturları camaatımız elә bir günә salıb ki, nәticәdә öz yumşaqlığı, çevikliyi olan şәbәkәlәr alınıb.

Türk ruhunun hәrәkәtә acıq olmasını Osmanlı imperiyasının tarixi dә yaxşı göstәrir. Fikir ver, bu azman «canlı» qaxac gövdәyә çevrilməmәk üçün nәlәr etmişdi. Birincisi, әhatә etdiyi bir çox millәtlәrә mәdәni, dini avtonomluq vermişdi. Hər hansı bir qurğunun detalları çevik olanda qurğu da bütünlükdә çevikləşir. Osmanlı imperiyasını çeviklik baxımından ideallaşdırmaq istәmirәm, ancaq imperiyalar üçün heç dә xarakterik olmayan bir çevikliyi o xeyli zaman saxlaya bilmişdi. Nәticәdә bu imperiya türklәrlә bir çox başqa etnoslardan qopmuş hissәlәrn bir böyük qazanda qaynadıb «böyük etnos» yarada bildi (Termin Qumilyovundur). Ancaq Türk ruhuna xas olan mütəhәrrikliyi düz anlamaq üçün bir şeyi dә unutmayaq. Çeviklikdәn gәlən uyuşqanlığı, gürcü vә ermәni ruhunda da tapmaq olar, qonşuyuq axı. Bir qafqazlı kişisi kimi oxşarlığımızdan biri dә bundadır. Ancaq elә bunun özündә dә aydın fərqlər var. Mәsәlәn, gürcü tarixinә baxsan, istәdiyin qәdәr şәrәfli vә şәrәfsiz sәhifәlәrә rast gәlәrsәn, hәr xalqıın tarixindә bu var. Dininә xәyanәt edib dönük çıxmış,. satqınlıq etmiş, özününkülәri güdaza vermiş nә qәdәr gürcü aristokratları olub Orta yüzillәrdə.

NIYAZI MEHDI.: — Hәrçәnd gürcülәr başqa ulusların, mәsәlәn, rus ziyalılarının gözündә özləri haqqında bәy, knyaz imici, xarakterik obrazı yarada biliblәr. Yəni bir çoxlarının gözündә gürcü xalqı knyaz ruhlu xalqdır.

VAQIF İBRAHIMOĞLU.: — Bu imici yaratmaq üçün dә gürcü öz tarixinin şәrәfsiz sәhifәlәrinә rast gәlәndә tәləm-tәlәsik üstündәn keçir, elә bil ki, heç onlar yoxdur. Fikrimi belә bir mәsәllә göstәrә bilәrәm. Döyüşdә mәğlubiyyәtlәrini yada salanda gürcü tez onun üstündən keçәr, azәrbayçanlı isə «ә, neyniyәk, budu dә» deyәr. Gürcülәr tarixi faktlar әsasında özlәrinә tarix quranda durmadan davam edәn әrәnliklәr tarixi qururlar. Gürcülәr ta Ortaçağdan şanlı tarix düzәltmәklә mәşğul olublar. Ermәnilәr isә hәmin dövrdәn faciəvi tarix düzәltmәk üzərindә işlәyiblər. Ancaq bu faciәviliklә onlar ruh üçün çeviklik sahəsini xeyli daraldıblar.

NIYAZI MEHDI.: — Xristian әxlaqından, psixologiyasından gәlәn fağırlıq,  məsumluq, hüznlülük, yazığı gәlmәk cәhәtlәrini ermәnilәr öz tarixini quranda «gör başımıza nәlәr gәlib», «gör bizim qadınlarla neylәyiblәr», «gör bizә nә dağ çәkiblәr», «gör nә başı bәlalı millәtik» mənasını verәn tarixә çeviriblәr. Kim istәsә ki, özü üçün belә tarix düzәltsin, keçmişindәn xeyli faktlar tapa bilәr. Ancaq nәdәnsә, yalnız Ortaçağ ermәni tarixçilәri bir az da mazoxizmi andıran hәvәslə, — sözümün qaba çıxdığını duyuram, ancaq bilmirәm başqa nә ad verim, — öz faciәlərindən danışıblar. Gürcülәr dә, ermәnilәr dә qara paltarı çox sevirlәr; Bu qara rәngin özündә çevikliyi dar çərçivәyә salan nәsә var. Halbuki azәrbaycanlı qara paltarda darıxır, çalışır ki, tez onu çıxarsın.

VAQIF İBRAHIMOĞLU.: — Avropada ziyafәt kostyumu kimi niyә qara kostyumu geyirdilər? Çünki bu ciddi rәng idi, artıq hәrәkәtlәrdәn, sәrbәstlikdәn çәkindirirdi.

NIYAZI MEHDI.: — Düzdür, gürcülәr, ermәnilәr haqqında bizim dediklәrimiz bir az «bizdә yaxşıdır, onlarda pisdir» şәklindә alındı, bunu onun üçün demirәm ki, onlardan kiminsә yazımzı oxuyub qәzәblәnәcəyindәn ehtiyat edirәm. İndi, Allaha şükür, «xalqlar dostluğu» adından hәr hansı millәt haqqında deyilәn tәnqidi fikrin qabağını almaq yoxdur. Hәm dә ermәni, gürcü mәtbuatı bizim haqqımızda o qәdәr hәdyanlar yazıb ki, bundan sonra nәyisә bizә irad tutmağa haqları da yoxdur. Ancaq, müsәlman әxlaqımız hər şeydә bizә insafı unutmamağı buyurub.

VAQIF İBRAHIMOĞLU.: — Ancaq gürcü mәdәniyyәtindә yaradılmış «knyaz ruhlu gürcü» mifinin mif olmasını bəzi gürcülәr də qәbul ediblәr. İosilianinin filmlәri başdan ayağa bu mifi dağıtmaqla mәşğuldur. Bir vaxtlar hәmin mifdәn onlar xeyir götürüblәr, indisә ziyanını çәkdiklәri üçün dağıtmaq istәyirlәr.

NIYAZI MEHDI.: — Güman ki, hәr hansı bir xalqın ruhundan danışmağa başladın-başlamadın, özün dә bilmədәn, mif yaradıcılığına yol verirsən. Lixaçovun rus obrazı haqqında yazılarını hәm dә ruslar üçün arındırıcı, necә olmağı göstәrәn mif yaradıcılığı hesab etmәk olar. İndi bәlkə Türk ruhu haqqında bizim söylәdiklərimizdә dә bir az mif yaradıcılığı var... Ancaq tәki belə miflәr yaxşıya, düzәlmәyә, dolğunlaşmağa xidmәt etsin...

VAQIF İBRAHIMOĞLU.: — Mәncә, tariximizdәn bizә çoxlu faktlar qalıb, onlar qoymaz bizi әsassız miflәr yaradaq.

NIYAZI MEHDI.: — Azәrbaycanlı iç dünyasının bir qatı Türk ruhudursa, o, biri qatı müsәlman Ruhudur. Gәl, bu axırıncını da düşünәk, görək onun hansı göstəriciləri var.

VAQIF İBRAHIMOĞLU.: Mənalı, mənəvi yaşam üçün, xeyirxah, hәlim xasiyyәt üçün Quranın, hədislәrin tapşırdıqlarına, buyurduqlarına müsəlman varlığının ana cizgiləri, şәbәkәsi kimi baxmaq olar. Mәnim fikrimcә, İslamda çeviklik, oynaqlıq, hәrəkәt və çeviklik üçün nә varsa, onun hamısı Türk ruhuna keçib, doğmalaşıb. Yerdə qalanlarsa Türkün yaşamında zahiri biçimlər, qaydalar şәklini alıb. Әrәb, fars ruhu İslamdan daha çox donuqlaşa bilәn, kәskin cizgilər cızan, möhkәm şəbәkәlәr qoyan strukturları sevmişdi. Türk ruhu isә tәrsinә edib. Ona görə də demokratiya adlanan fikir cürbəcürlüyünә, Türk iç dünyası farsdan, әrəbdәn daha çox açıqdır.

NIYAZI MEHDI.: — Sәnin bu ideyan mənә bir də anlatdı niyә Azәrbaycan müsәlman xalqları içində ilk dәfә demokratik Dövlət qurumunu götürә bilmişdi. Elә Türkiyәnin özü də... fikir vermisən? Әrәb  ölkәlәrinin çoxunda, İranda da üzdә demokratik Dövlәt qurumu olsa da, әslindә Səddam Hüseynlәr, Mübarəklәr, Hafiz Әsәdlər az qala ömürlük prezident olurlar. Türkiyədә isә belə şeylər yoxdur. Hәtta mәn belə bir ölçü götürәrdim: əgәr bir ölkәdә prezident vaxtaşırı dəyişirsə, demәli, orada demokratiya gözdәn pәrdә asma deyil.

VAQIF İBRAHIMOĞLU.: — Bax, fikir ver, dünyada heç bir xalqın atalar sözlәri bizdәki qәdәr bir-birinә zidd fikirləri bildirmir. Rəsmi atalar sözü kitabını demirәm: orada müsbәt saydıqlarını yığıblar. Mәsәlən, bizdә əxlaqiliyin dәyərindәn çoxlu atalar sözü var, ancaq di gəl ki, bir «bacarana can qurban» deməyimiz də var. Ruslarda qonşunun cah-cәlalını gözü götürmәmәk bərk yayılıb. Bunu öz araşdırıcıları, publisistlәri deyirlәr. Ona görә dә tarixləri hamını kasıbçılıqda bәrabәr etmәk, bunun üstündə vurub dağıtmaq, devrim etmək cәhdləri ilə doludur. Azәrbaycanlının isə «bacarana can qurban»ı sanki kasıbı qınayır ki, bacarmırsan, bacar, sən da qabağa çıx.

OXUCUYA BİRBAŞA MÜRACİƏT:

Sayğılı oxucu, bəlkə də söhbәtimiz bizim millәtimizi öymәk kimi alındı. Yersiz özünü öymәk dә, özünü danlamaq da pisdi. Azәrbaycanlıların bizim göstәrdiyimiz özәllikləri müzakirә olunsa, onların çatışmazlığa gәtirib çıxaran cığırları da aydın olar. Milli ruhdan danışmaq ümmandan bir parç su götürmək kimidir. Ümman hara, bir parç su hara? Biz bunu yaxşı bilirik.

"Novruz”.08.05. 1991