4 ilə çəkilən film: Güldürən və düşündürən komediya

4 ilə çəkilən film: Güldürən və düşündürən komediya

 

Könül Əlibəyli

Bu gün film deyəndə insanın ağlına ilk olaraq Amerika, Almaniya, Fransa kimi nəhəng kinematoqrafiyası olan ölkələr gəlir. Lakin bəzən  kiçik bir ölkə ortaya elə böyük bir iş çıxara bilir ki, bütün eks fikirləri alt-üst edir. Qazaxıstana aid orijinal ekran əsəri olan "Tülpan” filmi buna misaldır. Rusiyanın və Qazaxıstanın rejissoru olan Sergey Dvortsevoyun 2008-ci ildə ekrana gələn "Tülpan” filmi Qazaxıstanın Almaniya, Rusiya, İsveçrə, İtaliya və Polşa kimi dövlətlərlə müştərək ekran işidir. Film melodram istiqamətli komediya janrı olaraq təyin edilib. Lakin filmi izlədikdən sonra onun əslində güldürmək məqsədilə deyil, düşündürmək niyyətilə çəkilən komik film olduğu ortaya çıxır.

Qısa məzmun

Asxat (Asa) adlı gənc oğlan Sakit okean flotunun keçmiş dənizçisidir. O, ehtiyata buraxılıb və böyük bir həvəslə Qazaxıstanın cənubunda, uzaq çöllərdə yaşayan ailəsinin yanına qayıdır. Onun kasıb ailəsinin həyat tərzi köçəri həyat sürən əcdadlarının həyatından az fərqlənir. Asanın bacısı Samal sərt xasiyyətə malik olan çoban Ondasla evlidir və üç uşağı var. Asa qayıtdıqdan sonra onların çadırında yaşamaq məcburiyyətində qalır. Bütün maraqlı və həyati hadisələr də elə bundan sonra baş verir.
 


Struktural təhlil

Belə ki, film səhralığa bənzər bir ərazidə qurulmuş yaşayış çadırının (Qazaxlar bu çadırlara yurt deyirlər) qarşısından dəvə naxırının keçməsi ilə güclü toz burulğanının əmələ gəlməsi, tozun yoxa çıxması ilə samovar qaynadan qadının kadrı ilə başlayır.

Daha sonra isə çadırda elçilik mərasiminin keçirildiyinin şahidi oluruq. Mərasimdə Tülpan (Lalə) adlı qıza elçi düşən Asxatın (Asxat Kuçinçerekov) boş və mənasız şeylərdən danışması və qızın valideynlərinin ona heç bir reaksiya verməməsi ilə müəllif bizi həmin bəy obrazının həyatdakı uğursuzluqlarının şahidinə çevirmək istəyir.

Dənizçi geyimində əyləşib əcaib dəniz heyvanlarından danışan oğlanın hətta elçilik mərasiminə belə iş paltarında gəlməsi ilə rejissor 2 məsələnin şərhini vermiş olur. Birincisi, obrazın özünü sevdiyi qıza və ailəsinə lazımlı və vacib bir şəxs kimi göstərmək  istəməsi ilə onun həyatda özünü hələ də təsdiq etmədiyinə işarə verir. İkinci problem olaraq isə tamaşaçını bu qənaətə gətirir ki, bəyin başqa bir paltarı yoxdur və onun ailəsi kasıbdır.

Qızın valideynlərinin sıxıldığını başa düşüb bəyin sözünü kəsən və onların gəliş səbəbini izah etmək üçün birbaşa mətləbə keçən yeznənin – Ondasın (Ondasın Besikbasov) onun diplom və mükafatlarından danışaraq, mövzunu konkretləşdirməyə çalışması öz çiynində yük hiss edən kişinin qaynını başından etmək istədiyini ağla gətirir.
Onun başlanğıc üçün 10 qoyun və hədiyyə olaraq, çilçıraq təklif etməsi və qız atasının qəbul etməsi elçiliyin uğurla yekunlaşması kimi başa düşülür. Növbəti kadrda bəy və onun dostunun yüksək əhval-ruhiyyə ilə maşınla öz çadırlarına qayıtması da bu fikrin davamı kimi təsdiqlənir.

Lakin qəfildən yeznənin mahnını kəsib "anasına deyib ki, şəlpəqulaqdır” deməsi gerçək vəziyyəti ortaya qoyur və qızın onu istəmədiyi aydınlaşır. Ardınca onun "Burada başqa qız yoxdur” deməsi isə ümidləri olan bir gəncin bütün planlarını alt-üst edir.

Gənc oğlanın bacısı uşaqlarının pozitiv ifa və oyun səhnəsinin fonunda onun güzgü ilə qulaqlarına diqqətlə baxması bəyənilmədiyini özünə tənqid sayıb kompleks edən birinin təslim olmaq istəmədiyindən xəbər verir və bununla rejissor ailə dramı janrına diqqət çəkməyə çalışır. Asanın hər gecə yatanda gizlincə qulaqlarını iplə bağlaması gülüş doğursa da, əslində oğlanın arzusuna nail olmaq üçün hər şey edə biləcəyinə işarədir.

Çadırın həyətinə çıxıb naxırdan geri qalan inəklərlə oynamağa çalışan evin kiçik oğlu səmimi və real auranın əsas siması kimi çıxış edir.

Obrazlı təhlil

Asa doğma çölləri, gün doğumunu, gün batımını, yaşamağı və insanları sevir. Yerli gənclərin əksəriyyətindən fərqli olaraq, baş qəhrəman doğma yerləri tərk etmək istəmir, əksinə, burada qalıb çoban olmağı arzulayır. Öz arzusuna doğru gedən, qazax çöllərinə öz cənnətini yaratmağa qərar vermiş gənc oğlan xoşbəxt olmaq üçün həyatını dəyişdirmək niyyətindədir. O, yerliləri kimi yaşamaq fikrində deyil. Filmin baş qəhrəmanının arzusu öz ailəsi və qoyun sürüsünə, günəş batareyaları və su kəməri ilə təchiz edilmiş yurtaya sahib olmaq, yaxşı çoban olmaq, heç kimdən asılı olmayaraq sərbəst yaşamaqdır. Lakin qoyun sürüsünü alması üçün o, mütləq evlənməlidir. Çünki ənənəyə görə subay oğlana bu məsuliyyətli işi etibar etmək olmaz. Ətrafda, kilometrlərlə uzaqda yalnız bir subay qız var. Yerli çobanın qızı çox gözəldir və adı Tülpandır. Asxat inanır ki, o, Tülpanla evlənərək, öz arzularını həyata keçirəcək...

Gənc oğlan təsərrüfat sahibinə ona qoyun sürüsü söz verdiyini xatırladır. O isə bunun yalnız evləndikdən sonra mümkün olacağını bildirir. Onun Asaya "Axı sənin üçün kimsə yemək bişirməli, paltar yumalıdır. Burada arvadsız 1 həftə də dözə bilməzsən”, - deyə bildirməsi kişilərin qadınlara daha çox ev işlərini yerinə yetirmək üçün gərək duyduqlarına işarə edir. Bununla da, burada qadınların təhsil almasına önəm verilməməsi dərin təəssüf hissi doğurur.

Asanın yeznəsi və traktorçu dostu Boninin Asa üçün 2-ci dəfə elçi getməsi bir qədər məzəli, eyni zamanda düşündürücü dialoqlarla yadda qalır. Gənc oğlan yenə dənizdə başına gələnlər və qəribə dəniz heyvanları barədə danışır. Qızın ata və anası məcburi şəkildə qulaq asırlar. Elçilərin səyləri Tülpanı maraqlandırmır, qız hətta qonaqların qarşısına çıxmır. Asa heç vaxt görmədiyi qıza aşiq olduğunu hiss edir. Bu səhnə elçilik mərasimlərində hələ də köhnə adət-ənənələrin hökm sürdüyünü nümayiş etdirir. Lakin atanın qızının fikrini nəzərə alaraq, "Biz mədəni insanlarıq. Qız Asanı bəyənməyib, biz onu məcbur etmək istəmirik” söyləməsi tamaşaçını sevindirir. Ardınca onun dostu Boni qəzet vərəqində dərc olunmuş İngiltərə şahzadəsinin şəklini göstərərək onun qulaqlarının Asanın qulaqlarından daha böyük olduğunu deməsi gülüş doğurur. Ondas qızın özünün gələrək fikrini bildirməsini tələb edir. Atası Tülpanı çağırsa da, qız gəlmir. Kişinin öz-özünə "Axı o, şəhərdə kimə lazımdır?!”, - deyə acıqlanması, şahzadənin şəklini götürərək, qızı yola gətirmək üçün onun yanına getməsi, ananın qızını işsiz adama vermək istəmədiyini, bu izdivaca qarşı olduğunu bildirməsi işin əslini ortaya qoyur. 

Buradan məlum olur ki, Tülpanın ərə getmək fikri yoxdur. O, bütün həyatını qazax çöllərində yaşamış anasının taleyini təkrarlamaq istəmir. Tülpan şəhərə gedib orada təhsil almağı arzulayır. Anası Tülpanın bu arzusunu həyata keçirə bilməsi üçün ona dəstək olur. Sən demə qız bəy namizədini vaz keçirmək üçün Asanın qulaqlarının çox böyük olduğunu bəhanə gətirir. Onun bu sözləri Asanı yaralasa da, o, təslim olmur və öz arzularından imtina etmir.
 


Asanın uşaqlara diqqət göstərməsi, onların suallarını həmişə təmkinlə cavablandırması onun sevgi dolu bir gənc olduğunu göstərir. Elçilikdən qayıdarkən yolda şənlənərək "Çox yaşa, Qazaxıstan!” deməsi onun ölkəsini nə qədər sevdiyini, ona bağlı olduğunu nümayiş etdirir. Ondasın pişiyi vuraraq itələməsi, Asanın isə onu tumarlaması onların nə qədər fərqli insanlar olduğunu tamaşaçıya anladır.

Dostu Boninin (bu ləqəbi daim traktorunda səslənən mahnıları ifa edən "Boney M” qrupunun adına görə alıb) Asanı şəhərə getmək üçün dəfələrlə yola gətirmək istəməsinə baxmayaraq, "Mənə lazım deyil sənin şəhərin”, - deyə acıqlanması Asanın doğma torpağını tərk etmək istəmədiyini, Tülpanla evlənib çoban olmaqdan başqa heç nə arzulamadığını göstərir.

Asa evlənmək üçün qız tapmağa çalışdığı zaman onun doğmaları da çətin günlər yaşayırlar. Şəhərdə yaşayan təsərrüfat sahibi tələf olan hər qoyuna görə Ondası cərimələyir. Naməlum xəstəlik hamilə qoyunları öldürür və Ondas ardıcıl olaraq beş quzunun ölü doğulmasından sonra ağasından şiddətli töhmət alır. Asanın belə işlərdə təcrübəsi olmasa da, o, yeznəsinə doğuş qəbul etməyə kömək edir. Ondas yeni doğulmuş quzuya süni tənəffüs versə də, onu xilas edə bilmir.

Ondas çöldə bir qoyunu itirdiyinə görə Asanı çoban hesab etmir. Bacısı Asanın yaralı ayaqlarına baxaraq, Ondası çağırır. Ondas isə buna əhəmiyyət vermir, onunla dəfələrlə mübahisə edir. Asa Ondasın ona daima əmr etməsinə etiraz edir, özünə qarşı bu münasibətdən təngə gələrək, evi tərk etmək istəyir. Samalın əri ilə mübahisə edərək Asanı müdafiə etməsi, onun qayğısına qalması, onun üçün narahat olması, göz yaşı tökməsi əsl bacının nəcib xüsusiyyətlərini nümayiş etdirir.

Asa itirdiyi hamilə qoyunu tapanda məcburi olaraq, doğuşu qəbul edir. Quzuya süni tənəffüs verərək, onu həyata qaytarır. Bu, ona yaxşı çoban olacağına inanmağa və Tülpanla münasibətləri yoluna qoymaq üçün mübarizə aparmağın vacibliyini dərk etməyə kömək edir. O, Tülpanın yanına yollanır. Qız qapını açmasa da, Asa onunla qapı arxasından söhbətləşir. O, qızın arzusundan, şəhərdə yaşamağın çətinliklərindən, onun qiyabi oxuya biləcəyindən bəhs edir. Ehmalca qapını açan Asa qızın yalnız saçlarını və əllərini görə bilir. O, öz arzusunu təsvir etdiyi yaxalığını qaldırır. Hər bir matrosun tərxis olunduqdan sonra yaxalığında öz arzusunun şəklini çəkdiyini bildirir. "Bu şəkildəki mənim həyatımı dəyişmək üçün şansımdır. Mən Qazaxıstan çöllərində belə cənnət guşəsi yaratmaq istəyirəm. Mənim hər şeyim olacaq: naxışlı ağ yorta, televizor, öz şəxsi təsərrüfatım. Anlayırsan? Evlən mənimlə, Tülpan. Biz səninlə buradakılardan fərqli, zəngin və xoşbəxt yaşayacağıq”, - deyə qızı yola gətirməyə çalışsa da, səyləri fayda vermir.

Dünyada baş verən yenilikləri əks etdirən jurnala baxan Asa motosiklla öz təsərrüfatına gedəcəyindən, yurtasının damında Yaponiya istehsalı olan günəş batareyaları olacağından, evini daimi işıq və su ilə təmin edəcəyindən bəhs edərək, xəyallar qurur. O, hər şeyi dəyişdirəcəyini, yurtaya televizor gətirəcəyini və peyk vasitəsilə çöllükdə 900 kanalı izləməyin mümkün olacağını bildirir. Şahzadənin şəklinə baxıb ah çəkir. Gənc oğlanın qum üzərində lalə şəkli çəkməsi onun hər an Tülpanı xatırladığını nümayiş etdirir.

Asa yenə Tülpanın yanına gələrək,  "Sənin əllərin, saçların, utanmağın çox xoşuma gəlir. Mən xüsusi məşqlər edirəm, qulaqlarım daha yaxşı görünəcək. Amma qulaqlar vacib deyil. Ağıllı olmaq daha önəmlidir. Elə deyilmi?”, - deyə bildirməsi gənc oğlanın saflığından xəbər verir. Qızın anasının gəldiyini görən Asa Tülpanı yola gətirmək üçün qapını qırıb içəri daxil olur. Yaşlı qadının sözləri Asanın bütün ümidlərini alt-üst edir: "O, getdi. Sən onu heç vaxt görməyəcəksən. Sən işsiz avarasan. Nə qədər ki, mən sağam, sən onu görməyəcəksən”. Bu sözlərə görə, əsəbiləşən Asa tövləni dağıdır. Tamaşaçı gənc oğlanı ilk dəfə belə əsəbi və üzgün görür. Çünki bu dəfə Asa Tülpanı tamamilə itirdiyinin fərqinə varır.

Təsərrüfat sahibi Ondasa Almatıya gedə biləcəklərini söyləyir. Ondas ailə üzvləri ilə birlikdə yurtanı sökür. Onlar köçməyə hazırlaşırlar. Asa isə uşaqlara pul verərək vidalaşır. Onun evin kiçik oğluna "Məni unutma!” deməsi kədərləndirir. Samalın böyük oğluna öz yaxalığını verir. Onun üzərində təsvir olunan lalə şəkli Asanın Tülpan və xəyallarından vaz keçdiyini göstərir.

Bacısı gənc oğlanı şəhərdə heç kimin gözləmədiyini, orada heç kimə lazım olmadığını, onun evlənmək üçün qız tapacağını və hər şeyin yaxşı olacağını bildirməsi Asanın qərarını dəyişdirmir.

Boninin traktoru ilə şəhərə doğru yola düşən Asa dəfələrlə geri baxır. Bir qədər tərəddüd etdikdən sonra qəti olaraq, doğmalarını tərk edə bilməyəcəyini, arzusunu həyata keçirməyi bacaracağını dərk edir. O, geri dönərək, Samalın ailəsi ilə birlikdə Almatıya köçür. Son kadrda Asanın sürüyə nəzarət edərək yola düşməsi onun artıq əsl çoban olduğunu tamaşaçıya çatdırır. Gənc oğlan özünü taparaq, həyatda məna və harmoniyanı əldə edir.

Yekun

Büdcəsi 1,5 milyon avro təşkil edən filmin çəkilişləri demək olar ki, 4 il davam edib, çünki rejissor filmdəki hadisələrin həqiqiliyinə nail olmaq istəyib. Hətta bir çox tənqidçilər filmdə baş verən hadisələrin son dərəcə səmimi olmasının insanı filmə ekrandan qopmadan, hətta titrlərə qədər baxmağa vadar etdiyini bildiriblər.

Film tamaşaçıya hər insanın öz arzusu olduğunu xatırladır. Bu arzu başqa insanların gözündə cəfəngiyyat və həyata keçməsi mümkün olmayan bir şey kimi görünsə də, bu, hələ o demək deyil ki, öz arzunu unudub ondan vaz keçmək, hamı kimi yaşamaq lazımdır. Həyatda filmin baş qəhrəmanı kimi, heç nəyə baxmayaraq, öz arzusunun arxasınca gedən insanlar çox azdır. Belə insanlardan öz arzusunu həyata keçirmək üçün mübarizə aparmağı öyrənmək lazımdır. Çünki belə insanlar həqiqətən xoşbəxtdirlər!