8-ci günün qeydləri

8-ci günün qeydləri

Məhəmməd Tanhu

1

Rusiyanın dissident yazıçısı Dovlatov "Əcnəbi qadın” povestində zümrələrarası boşluqları, burjua və sosialist əxlaqını, təbəqələşmə və qövmlərin təfəkkür dayazlığı kimi sosial mövzuları başını götürüb Amerikaya qaçaraq oranı "vətən”inə çevirən rusiyalı zehniyyəti ilə yazır.

"Sovet İttifaqında gələcək haqqında danışılır. Burada isə – yaşayırsan, vəssalam”.

"Vətəndə azadlıq yox idi, əvəzində oxucu vardı. Burada isə azadlıq var, oxucu yoxdur”.

Dissident müəllif əsərdə yazarla Marusyanın dialoqu ilə zənginlik-yoxsulluq tərəzisindəki nəhayətsiz tarazlığa izah verir, insanın kasıb və zəngin olmasının anadangəlmə bir keyfiyyət olmasını və bunun ömür boyunca qara keşiş kimi onu izlədiyini vurğulayaraq yazır ki, bu iki nüans doğum anından insanın içindədir, sosialist liderlərin bar-bar bağırdığı ortaq bölgü, hər şeyin ortaq paylanması, yektəbəqəlilik baş tutsa belə zənginlər əvvəlkindən də qat-qat varlı olacaq, keçmişdə yoxsul olanlar isə "ibtidai” vəziyyətinə qayıdaraq müflisləşəcək, qəm və kədərin yoluna üz qoyacaq, bu dəyişməz paradoksdur.

2

Nərmin Kamalın "Aç, mənəm” romanı ədəbiyyatımızın ciddi uğurudur.
Pamuk var əsərdə, Əlif Şəfəq də haradasa və Nərmin Kamal da. Romançı bütün yazarların müşayiətində özünü göstərəndir, bəlkə də. Milli roman özüllü, qəhrəmanla ölkənin xarakter eyniliyi məsələsi və bunun bədii əsərdə kompleks uğurlu nümayişi, Coysunun Dublini kimi Bakının panoraması ilə yerli əhalinin örtüşmüş müstəvidə verilməsi, neftə bulanmış şəhərin "ağ” günləri, melanxoliya, nostalgiya və əbədi şərq-qərb qarşılaşdırılması və bunların fövqündə orijinal bir roman.

3

Balaca nüans: Kim Ki-Dukun qadın qəhrəmanları kişilərlə müqayisədə daha cəsarətlidir.

Motorlu qayıq, erkən günəş şüaları, saçları sifətini örtmüş susqun qız və adətən ya mərkəzdə ya da epizodik qoca obrazı. Beləliklə, siz Cənubi Koreya rejissoru Kim Ki-Duk filmi izləyirsiniz. Daha dəqiq onun "Yay” (2005) filmini.

"Yay” filmi Hüqonun "Paris Notr-Dam” kilsəsi əsərinin din və ölkə kimi anlayışlarından uzaq bir "analitikasıdır.” Yenilik və köhnəlik. Kvazimodanun Klod Frolloya olan ehtiramı, "Yay” filmində isə qızın da qocaya duyğduğu nəhayətsiz ehtiramla əkiz qardaşdır. Kilsə qozbeli keşişə ağır söz deyə bilmir, üstündə atalıq hissi var. Onu ancaq və ancaq öldürə bilər! Məhəbbət və ehtiras döyüşü. "Yay” filmində Qız on il qayıqdan uzaqlaşmayıb, Kvazimodo isə Notr-Dam kilsəsindən. Romanda belə bir məqam var: Kvazimoda kilsədən qaçanda divarlar darıxırdı, sanki o bu divarın canı idi, kilsənin hər şeyi, rəngi, səsi Kvazimoda idi. Bir gün gözəl geyimli və yaraşıqlı bir gənc qayıqla gələrək qocanın qayığının bəzəyi, zinəti qızı özüylə aparmağa cəhd edir və qayığın bütün xoşbəxtliyi də qıza qoşulub gedir. Yenilik və köhnəliyin əbədi toqquşması yenə təkrarlanır, əlbəttə ki, siz hansının qalib simasıyla oyunu başa vurduğunu, hansının dizini yerə qoyduğunu bilirsiz.

4

Merlin Monro (1926-1962) gözəl və cazibədar bir qadın üçün ən gözəl sayılacaq yaşda ölüb, yəni 35. Bu qadın cismani olduğu qədər ölərkən də gözəl qalmağı bacardı.

5

Pamukun dördüncü romanının "Boğazın suyu çəkiləndə” fəslindəki boğazın suyu çəkilərkən onun dibindəki görünən qalıntılar Andrey Tarkovskinin 1979-cu ildə çəkdiyi "Stalker” filmindəki suyun dayazlığında görünən sualtı aləmi: cırılmış əlyazmaları, gümüş sikkələri, mühərrik motorlarını, işlənmiş tibbi iynələri və s. əşyaların yer aldığı səhnəni xatırladır.

İzaxtaranın həyat yoldaşı niyə əlil övladı üçün Otağa getmir? Stalkerin özü gedə bilməz, icazə verilmir, bəs arvadı? Otaq ürəkdən gələn arzuları gerçəkləşdirdiyi üçün arvadında bu alınmaz deyə narahatdır izaxtaran.

Tarkovski gözlərini kameradan ayırıb bizə səslənirdi "Mənim filmlərimə ömrünüzdən şütüyüb keçən qatarın pəncərəsindən baxırmış kimi baxın”. "Kinonun şairi”ni Füzuli təkzib edirdi: "Aldanma ki, şair sözü, əlbəttə, yalandır.”.

6

Orxan Pamukun "Qar” romanı.

Ka əsər boyu "qaçır”. Frankfrutdan onu qarın aramsız lopa-lopa  yağdığı Qars şəhərinə gətirən həlledici səbəbi axtarır. Ka modernist dünyagörüşə sahib İpəyə, yəni Qərbə vurğunluğu və burada da, daima, ona olan sevgisini sorğulamağı onu bir şərqli kimi narahat edir. Sonrasında Kadifəyə yəni şərqə meyilliyi, içində ona məhəbbət bəsləməsi məqamı onu çaşdırır və bir növ xəyanət təsiri bağışlayır Kaya. Kanın Almaniyada şeir deyil qeydlər, gündəliklər yazmağı, qərbin nəsr ənənəsinin irəlidə olduğu, Qarsda isə ard-arda şeirlər yazmağı bir növ şərqin şeirin zirvəyə çatması və şərqlilərin şair kimi çılğın, hisslərə tez qapılan, ardını düşünməyən görüntüsünü vermə çabalamasıdır.

7

"Tanıdığımız romanlar”dan.

Elçinin "Ölüm hökm”ü romanı çoxşaxəli strukturu və mayasındakı kəskin ironiyasıyla ilə modernist nəsrin uğurlu nümunələrindəndir. Dövrünün "super dövləti” SSRİ rəhbərliyinin göstərişi əsasında imzalanan ölüm hökmləri, Tanrıdan gələn ölüm hökmü-taun və intihar, insanın azad iradəsiylə özünə kəsdiyi ölüm hökmü, yəni "Tanrı, idarəçi, insan” üçbucağı romanda qəzavü-qədər anlayışına və "azad iradə” məsələsinə bir neçə yerdən "zərbə endirməyi” bacarır, böyük suallar doğurur. 1988-ci ildə tamamlanmış roman mənəvi nüvəsində ateist dünyagörüşlərini və bu baxış bucağına inkarı gəzdirir, sadalanan məqamlar isə əsrlər və nəsillərarası  kontektsdə əks olunur. Romanın bir çox yerində "Quran”dan götürülən ayələr və ardıyca gələn fəsillər arasında bir "Qordi düyünü” var, bu paralelləşdirmələrdə  isə kəskin ironiya qırmızı zolaq kimi keçir, dini mətnlərin əsasında yatan Tanrının vədləri ilə meqapolis sakinlərinin timsalında insanların faciəsi arasındakı qırılma, rabitəsizlik fonemal bir dilemma, bərabərində isə suallar təqdim edir: "…o biri dünyada Xosrov müəllimin ruhu mütləq altı yaşlı Cəfərlə, dörd yaşlı Aslanla, iki yaşlı Azərlə görüşəcəkdi, hərgah o dünyadakı o görüş də olmayacaqdısa, hərgah o dünya da yox idisə, hərgah cənnət və cəhənnəm də boş bir əfsanə idisə, onda yaşayışın mənası nə idi və Xosrov müəllim səksən illik bir ömrün əzablarına nə üçün dözmüşdü?”. Bəlkə də, Xosrov müəllim intihar edərdi, sadəcə, intihar edənin aqibətinin dini mətnlərə görə cəhənnəmlə nəticələnəcəyi bildiyinə və vaxtsız ölən uşaqlarıyla həyat yoldaşının cənnətdə olduğuna inandığına və qovuşacaqlarına olan nəhayətsiz ümidinə görə dözür.
Milen Kundera özünün "Roman sənəti” kitabında nəhəng yazıçı Kafka yaradıcılığı haqqında belə bir ümumiləşdirmə aparır: "Kafkanın bütün qəhrəmanları cəzalandırılıb, onlar öz cinayətlərini axtarır”. Elçinin qəhrəmanları isə öz itirilmiş keçmişlərinin sorağındadırlar, onlar qorxduğu və buna rəğmən onları yaşadan yeganə şey keçmişləridir. Keçmiş yaxud gələcəkdən qorxmaq nüansı vurğulanırsa, Anar nəsrini də xatırlamalıyıq və bu məqamda Elçinlə Anar nəsrində bir ayrılma nöqtəsi vardır, fikrimizcə, Anarın əsərləri, sanki, gələcəklərindən, Elçinin əsərləri isə onları qarabaqara izləyən keçmişlərindən qorxanların tarixçələridir. Aqşin Yeniseyin "Göləqarğısancan” romanındakı "…yadında saxla, biz azərbaycanlıların üzünə taledən qabaq, tarix gülməlidir!” fikri Elçinin əksər qəhrəmanlarının canına doluşan diksintilərin,  qorxuların adıdır deyə bilərik.

8…

Nargin.az