"Aclıq oyunları", "Saatları qurma institutu" və "Səhər yuxum" - YENİ KİTABLAR

"Qanun” nəşriyyatından 3 yeni kitab gəldi.
 
 
ƏHMƏD HƏMDİ TANPINAR
 
"SAATLARI QURMA İNSTİTUTU”  
 
Türk ədəbiyyatının klassiki Əhməd Həmdi Tanpınarın romanları zəngin həyat əhvalatlarından yaranır, cəmiyyətdə baş verən məsələlərə özünəxas münasibətilə seçilir.
 
Mədəniyyəti dəyişdirmək cəhdlərinin insanları aparıb dalana çıxarmasını araşdıranda gəldiyi nəticələr insan və cəmiyyət baxımından diqqətəlayiq müddəalardır.
 
"Saatları qurma institutu” romanı fərddən başlayıb kütləyəcən cəmiyyətin həmin dəyişmə prosesindəki vəziyyətini oxucuya böyük ustalıqla çatdırır.
 
Qeyd edək ki, Tanpınar Nobel mükafatlı türk yazarı, Türkiyənin Şərq və Qərb arasında seçim çabalarından yazan Orxan Pamukun ən çox təsirləndiyi yazarlardandır.  
 
Tərcümə: Nəriman Əbdülrəhmanlı
 
 
Əhməd Batman   
 
"Səhər yuxum”
 
Mən ikimizdə olan bu həvəsə məna verə bilmirəm. Bizə nə oldu, bilmirəm, ancaq yaxşı şeylər olmadığını yaxşı bilirəm. Ya çox yanlış zamanda rastlaşdıq, ya da heç rastlaşmaması lazım olan iki insandıq. Sevgili desəm sevgili deyil, aşiq desəm aşiq deyil, təsadüfən rastlaşanlar idik, odur ki, ondan o yana gedə bilmədik.
 
Bu kitab bəlkə artıq bir qəhvə içirdər. Bəlkə sənə əlindəkinin dəyərini öyrədər. Hər şeydən vaz keçdiyin halda həyata yenidən başlamağa imkan yaradar bəlkə də… unutduğun bir sevgilini xatırlayarsan, səndən başqalarının da ağrı-acılarının ola biləcəyini görərsən. Bəlkə bu kitabla eşqi öyrənərsən, bəlkə sənə görə eşq yoxdur...
 
Tərcümə: Nizami Zöhrabi
  
 
Suzanne Collins 
 
"ACLIQ OYUNLARI”
  
Hadisələr qəddar rejimin hökm sürdüyü xəyali Panem dövlətində cərəyan edir. Kapitoli 12 bölgənin əhalisini vəhşicəsinə istismar edir və total qorxu altında saxlayır. Məhz bu məqsədlə mərkəz ildə bir dəfə hər bölgədən bir oğlan və bir qız iştirakçı olmaqla qladiator  döyüşləri – aclıq oyunları təşkil edir. Kitabın baş qəhrəmanı Katnis Everden döyüşlərin  könüllü iştirakçısıdır: o, püşkə əsasən oyunlara qoşulmalı olan kiçik bacısını əvəz edir...
 
Amerikan yazıçısı Suzanne Collins 1962-ci il avqustun 10-da ABŞ-nın Konnektikut ştatının Ferfild dairəsinin Sendi Huk kəndində anadan olub. 1991-ci ildən uşaq televiziya veriliş və serialları üçün ssenarilər yazmağa başlayıb. 2003-cü ildə uşaqlar üçün ilk kitabı – "Yeraltı salnamələri” seriyasından "Yerüstü Qreqor” adlı birinci romanı işıq üzü görüb. Collins 2007-ci ilə qədər populyar və oxunaqlı seriyadan daha 4 kitab çap etdirib. 2008-ci ildə "Aclıq oyunları” romanı – eyniadlı trilogiyanın birinci hissəsi çıxıb. Əsər çox qısa müddətdə bestsellerə çevrilib.
 
Tərcümə: Anzulə Əmirova