Adil Mirseyid. Kandinskinin abstrakt aləmi

Adil Mirseyid. Kandinskinin abstrakt aləmi

Abstrakt sənətin banilərindən biri rus rəssamı Vasili Kandinski deyirdi: "Rəngkarlıq sənətinin məqsədi insan qəlbinin saflaşdırılması olmalıdır".

1910-cu ildə Vasili Kandinski xaotik rəng ləkələrindən və xətlərdən ibarət bir akvarel işlədi. Bu akvareldə konkret olaraq heç bir predmet gözə dəymir, rəssamın fikrincə, onun əsərlərinə mane ola biləcək predmetlərdən yaxa qurtarmışdı. Kandinskinin fırçasına məxsus bu xaotik akvarellə XX əsr təsviri sənətində yeni bir cərəyanın - abstrakt sənətin təməli qoyuldu. Sonralar bu sənət cərəyanına konkret və ya sırf sənət deyəcəklər, yeni formalara müraciət edən abstrakt sənət zaman-zaman kəskin diskussiyalara səbəb olacaq. XX əsrin əvvəllərinə məxsus abstrakt eksperimentlərdən fərqli özəlliklərə malik çağdaş abstraksionizm sənəti hələ də çox populyardı.

***

Vasili Vasilyeviç Kandinski 1866-cı ilin dekabrında Moskvada doğulub. Kandinskilər ailəsi dağıldıqdan sonra anası balaca Vasya ilə Odessaya köçür. Gələcəyin rəssamı Odessada gimnaziyanı bitirdikdən sonra Moskva universitetinin hüquq fakültəsinə daxil olur. Siyasi iqtisad və statistika kafedrasının professoru, tanınmış alim Aleksandr Çuprovun məsləhəti ilə onun kafedrasında dissertasiya yazır. 1896-cı ildə Vasili Kandinski Derpit universitetində dərs deməyə dəvət etdilər.

Məlumdur ki, Kandinski professional rəssamlıqla nisbətən gec məşğul olmağa başlayıb, amma unutmayaq ki, hələ uşaqlıq illərindən xalası Yelizaveta İvanovna onun qəlbində gözəlliyə, gözəl olan hər şeyə sevgi toxumları səpmişdi. Yelizaveta xala Vasilidə musiqiyə, ədəbiyyata və rəssamlığa maraq yaratmışdı. Tələbəlik illərində Vasili Kandinski rəngli reproduksiyalar çap eləyən mətbəədə işləmişdi, burda o, Repin, Levitan, Polenova kimi rəssamların yaradıcılığı ilə tanış olmuşdu, tələbə Vasili tez-tez sərgilərə və teatra gedərdi. Bu dövrdə o, Klod Mone sənətinin və Vaqner musiqisinin heyranı idi.

Kandinskinin öz sözləri ilə desək, rəssamlıq onun qəlbinin "ümidsiz sevgisiydi".

***

1900-cü ildə Kandinski folklor mövzusunda dekorativ rəsmlər çəkir. Rusiya onun ana yurdu, Almaniya isə "ikinci" vətəni idi, sonra tale onu "üçüncü" vətəninə - Fransaya aparacaq.

Vasili Kandinski otuz yaşında elmdən ayrılıb taleyini bütünlüklə təsviri sənətə bağlayır. Bu məqsədlə o, "alman Afinası"na, Bavariyanın paytaxtı Münhenə yollanır. O zaman Münhen Almaniyanın mədəniyyət mərkəziydi, şəhərdə onlarla sərgi salonları vardı. Kral Rəssamlıq Akademiyası da bu şəhərdə fəaliyyət göstərirdi, bundan savayı, Münhendə özəl rəssamlıq məktəbləri də şəhərin mədəni həyatında önəmli rol oynayırdı. Onu da qeyd edək ki, Avropanın çeşidli ölkələrindən gəlmiş rəssamlar Münhendə toplaşmışdılar, onların arasında onlarla rus rəssamı Almaniyada mühacir həyatı yaşayırdı. Bəli, otuz yaşlı universitet müəllimi Vasili Kandinski taleyini rəssamlıq sənətinə bağlamaq arzusuyla Münhenə gəldi və bir çox rus rəssamının sənətin sirlərinə yiyələndikləri sloven rəssamı Anton Ajbenin özəl rəssamlıq məktəbinə baş vurdu. Anton Ajbenin rəssamlar arasında çox məşhur olan kəlamını yada salmaq yerinə düşər, Ajbe deyirdi ki, rəssam anatomiyanı diqqətlə öyrənməlidi, amma malbert önündə bildiklərini unutmalıdır.

Anton Ajbenin məktəb-studiyasında Kandinski mənzərələr üzərində işləyirdi, bu mənzərələr üçün rəng harmoniyası önəmli nəsnədir, zaman keçdikcə rəssamın mənzərələri daha dekorativ, daha ekspressiv olurdu. Kandinski rəsm bilgilərini kamilləşdirmək amacı ilə Kral akademiyasının professoru F.Ştukdan ustad dərsləri almağa başlayır. Professor Ştuk o dönəmdə Almaniyada çox populyar sənət cərəyanı yuqendstil üslubunda işləyirdi. Rusiyada bu cərəyan modern adlanırdı.

Frans Ştukun studiyasında Kandinski gənc rəssamlarla tanış olur və bir qrup həmkarı ilə "Falanqa" qrupunu yaradır. "Falanqa" qrupu Alman moderni yuqendstili təbliğ edirdi. Yuqendstil süjetsiz, ornamental formalara, rənglərin rəmzinə, şərti işarələrə böyük önəm verirdi. Beklin, Rossetti, Seqantini kimi rəssamların rəmz ənənələri yuqendstilə təsirsiz ötüşməyib, bu mənada "Falanqa" qrupunda birləşmiş rəssamların, o cümlədən Vasili Kandinskinin yaradcılığı müstəsnalıq təşkil etmir. V.Kandinski bütün rəssamlar kimi dünyanı gəzib dolaşmaq arzusundaydı, bu məqsədlə o, əlinə fürsət düşdükcə səyahətə çıxırdı. Bu illərdə rəssam İtaliyaya, Fransaya, Şimali Afrikaya gedir, əlbəttə Rusiyanı da unutmur, Odessada və Moskvada olur.

V.Kandinski dünya mədəniyyətində dərin izlər buraxmış El Qreko, Ejen Delakrua, Uistler kimi böyük sənətkarlar qarşısında sayğı ilə baş əyirdi, rus rəssamlarından Repini, Levitanı, Polenovu sevirdi, hətta bizə məlumdur ki, V.Kandinski Polenovun tablolarının surətini çəkirmiş.

Bütünlüklə özünü avanqard sənətə həsr etməsinə rəğmən, Vasili Kandinski bəzi sənət yoldaşları kimi klassik irsi inkar etmirdi, onlardan öyrənirdi, Rembrandt isə onun mənəvi idealı idi.

***

Vasili Kandinski Qabrel Münterlə birlikdə Murnauda ev kirayələmişdi. O, bu evin interyerini rus ornamentləri ilə bəzəmişdi. Hələ Moskva universitetində təhsil aldığı illərdə fransız rəssamı Klod Monenin bəzi əsərlərinin reproduksiyasını görmüşdü. Klod Monedən sonra Sezann, Matiss və Pikasso sənəti onu özünə cəlb eləmişdi. Murnauda rəssam əlvan işıqlı boyalara üstünlük verirdi, amma çəkdiyi kompozisiyalar onun özünü qane etmirdi.

Sonralar rəssam improvizasiyalar üzərində işləməyə başlayacaq, bu improvizasiyalarda real formalar əvvəllər olduğundan da artıq deformasiyaya uğrayacaqlar, tablolar daha artıq şifrələnəcək və bu axtarışlar, eksperimentlər o həddə gəlib çatacaq ki, onun abstrakt əsərlərində formalar bütünlüklə qeyb olacaq. İmprovizələr silsilə rəsmləri üzərində işlədiyi vaxtlarda rəssam Fras Markla birlikdə "Göy atlı" almanaxını ərsəyə gətirəcək. Böyük bir rəssamlar qrupu bu dərgi ətrafında birləşəcəklər, bu dərgi ətrafında birləşən rəssamlar sonralar "Göy atlılar" qrupu adlandırılacaqlar.

Vasili Kandinski Bavariyada, Alp dağlarının ətəyində, Murnauda yenidən mənzərlər işləməyə başladı, fovist rəssamların yaradıcılığı ilə maraqlanan rəssamın Murnau mənzərləri əvvəlki əsərlərindən xeyli fərqlənir. Rəssam iri rəng yaxımları ilə işləyir, əlvan rəng yaxımlarını tünd konturlarla əhatəyə alır, əsərlər dekorativ fraqmental xarakter daşıyır. Plastika və ritm bu əsərlər üçün çox önəmlidir.

Rəssamın fırçasına məxsus bu tablolar poetik lövhələrdi. Poetik lövhələr demişkən, Vasili Kandinski gerçəkdən şair ilhamlı rəssamdır. Kandinski alman simvolist şairi S.Georgenin təşəbbüsü ilə "Sözsüz şeirlər" adlı miniatür qravürlər adlı albom çap etdirmişdi. Rənglərin rəmzi mənası Kandinski üçün çox vacib məsələydi - rəssam yalnız "sözsüz şeirlər" çəkmirdi, o, universal şəxsiyyət idi, mən Kandinskinin şeirlərini oxumuşam, əgər Kandinski şeir yazmasaydı təəcüblənərdim. Kandinski rənglərin sirrindən, sehrindən bəhs edən bir neçə poema "bəstələyib". Düzü, Vasili Kandinskinin poetik yaradıcılığı haqqında düşünəndə bundan dəqiq ifadə tapa bilmədim, zira onun tabloları cizgilərlə, rənglərlə ağ kətan üzərində çəkilmiş poetik nümunələrdi.

Vaqner musiqisinə valeh olan rəssamın gözəl violençel çaldığı bizə məlumdur. Sənətdə mənəviyyat məsələlərinə önəm verən rəssam incəsənətin proobrazının məhz musiqi olduğunu dönə-dönə vurğulayırdı. Rəssamın fikrincə müasir incəsənət, ritm, harmoniya, ölçü və konstruksiya axtarışları musiqidən və poeziyadan qaynaqlanır.

Rəng klavişdi, könül royaldı, rəssam isə bu klavişlərə düzgün toxunaraq insan qəlbini riqqətə gətirən əldi - Vasili Kandinski belə düşünürdü.

***

1914-cü ildə Birinci Dünya müharibəsi başlananda Vasili Kandinski Moskvaya qayıtdı. Oktyabr çevrilişindən sonra rəssam Moskvanın mədəni həyatında fəal iştirak etməyə başladı. Rəssam mədəniyyət institutunun monumental sənət seksiyasının rəhbəri və xalq Maarif Komissarlığının üzvü oldu. O, Moskvada muzeylərin yaradılmasında, sərgilərin açılmasında iştirak edirdi və ən əsası məhsuldar işləyirdi, irihəmcli tablolar yaradırdı.

İnqilabın ilk illərində bolşeviklər avanqard sənət cərəyanlarına, yeni sənətə loyal yanaşırdılar. İndi siz təsəvvür edin ki, Aleksandr Rodçenko, Mark Şaqal, Kazimir Maleviç, Pyotr Kanqalovski, Mixail Larionov, Pavel Flanov kimi müxtəlif cərəyanların nümayəndələri "inqilab naminə" çiyin-çiyinə çalışırdılar.

Bir müddətdən sonra artıq Vasili Vasilyeviç Kandinski Rusiya bədii elmlər akademiyasının vitse prezidentiydi. Akademiyanın fiziko-psixoloji şöbəsinin rəhbəriydi.

1921-ci ildə Vasili Kandinski Akademiyanın beynəlxalq filialının açılması məqsədi ilə Almaniyaya ezam olunur. Almaniyada Vasili Kandinskini yaxşı tanıyırdılar. Onu Veymerə "Bauhauz"a dəvət edirlər, tanınmış Avropa rəssamları Leon Feyninger, Paul Klee və başqaları 1919-cu ildən "Bauhauz"da dərs deyirdilər.

Vasili Kandinski analitik rəsm və divar rəngkarlığı kurslarını aparırdı.

***

1933-cü il. Almaniyada nasional-sosialistlər hakimiyyətə gəlir. "Bauhauz" fəaliyyətini dayandırmalı olur. Vasili Kandinski Fransaya gedir, Paris yaxınlığında Noyi-sür-Sendə məskunlaşır. Fransaya pənah gətirəndən düz on bir il sonra Parisdə abstrakt sənətin banilərindən biri Vasili Kandinskinin son fərdi sərgisi açılır və elə həmin il, yəni 1944-cü ilin dekabr ayının 13-də rəssam vəfat edir.

"Ekspress"