Adil Mirseyid. Stendal sindromu

Adil Mirseyid. Stendal sindromu

İlk dəfə Mircavadın tablolarını görən bir şairin necə sarsıldığını öz gözlərimlə görmüşəm. Mircavad sənəti onun ağlını yüngülcə dumanlandırmışdı - özünü, sözünü bilmirdi. Hətta bir az da aqressiv idi. Halbuki az danışan, hisslərinə hakim olmağı bacaran, mülayim xasiyyətli bir adam kimi tanıyırdıq onu.

Tanıdığım bir rəssamın emalatxanasına gedib-gələrdim. O, əlvan rənglərə üstünlük verirdi, təmiz rənglərlə işləyirdi. Tabloları gözü-könlü oxşayırdı, tabloların nikbin ovqatı onları görən adamlara sirayət edirdi, amma vaxt keçdikcə rəssam öz içinə qapılmağa başladı, onun yaratdığı tablolar nə nədər nikbin olsa da, rəssam günü-gündən bədbinləşirdi. Bir vaxtlar səsli-küylü məclislərin ürəyi sayılan rəssam tədricən dost-tanışdan qaçmağa başladı, qaraqabaq, ətiacı bir adama çevrildi, Bir ara görüşmədik, sonra xəbər tutdum ki, rəssam o nikbin, əlvan tablolarını öz əlləriylə yandırıb. Xoşbəxtlikdən aramızdakı səmimiyyət zədələnməmişdi. Bir dəfə o, mənə etiraf elədi ki, öz əsərləri arasında xoflanırmış, əlvan boyalı tablolar rəssamın qəlbində anlaşılmaz, müəmmalı duyğular oyandırırmış, özünün dediyinə görə daim stresdəymiş. O, yüzə yaxın əsərini yandırmışdı, amma peşman deyildi.

İncəsənət muzeyində gözəl bir tablonun önündə gənc bir qadının bayqınlıq keçirdiyinin şahidi olmuşam.

Mikelancelonun məşhur David heykəli Florensiya Rəssamlıq Akademiyasında saxlanılır. Bu heykəli "canlı" olaraq görən adamların bəzən həyəcandan bayılıb özlərindən getdikləri olaylar bütün dünyaya məlumdur.

Bir dəfə gənc amerikalı musiqiçi Mikelancelonun mifoloji qəhrəmanı qarşısında anlaşılmaz hisslər keçirib, qorxudan huşunu itirib.

Ümumiyyətlə götürsək, David obrazı ətrafında əfsanəyə bənzər əhvalatlar haqqında müxtəlif versiyalar dolaşır.

Məsələn, 2007-ci ildə Milioki şəhər muzeyində italyan rəssamı Ottavio Vanninin fırçasına məxsus "Davidin zəfəri" tablosunu görən bir kişi 1640-cı ildə çəkilmiş tablonu yumruqlamağa başlayıb, sonra o, bu nadir sənət əsərini divardan qoparıb döşəməyə atıb və... tapdalayıb.

Sonralar adam öz hərəkətini anlamsız cümlələrlə izah etməyə çalışıb. Onun sözlərinə görə, Davidə deyil, Davidi təhdid edən Qoliafa qəzəbi tutub.

***

"Qırmızı və qara" romanının müəllifi, ünlü fransız yazıçısı Fredirik de Stendal (əsil adı Anri Mari Beyl) 1817-ci ildə Florensiyaya səyahət edib. Sonralar yazıçı səfər qeydlərini "Neapol və Florensiya: Milandan Recioya səyahət" kitabında qələmə alıb. Bu qədim şəhərdə yazıçı dəhşətli qorxu içində əzablı günlər yaşadığını oxuculardan gizlətmir.

Tibb elmində "Stendal sindromu" deyilən bir terminin mövcud olduğundan xəbəriniz varmı?

Stendal öz "xəstəliyi"nin simptomları haqqında ətraflı məlumat verir: sindrom ürək döyüntüsünün artması, başgicəllənmələri, huşunu itirmə və hallüsinasiyalarla müşahidə olunur. Qəribədir ki, Stendal sindromu bu gün də Florensiyanı ziyarət edən bəzi turistlərdə qeydə alınır.

Məlumdur ki, Florensiya sənət inciləriylə zəngin bir məkandır. Florensiya virusunun yayıldığı əsas ocaq məşhur "Uffiçi" qalereyasıdır. Muzey XVI əsrdə inşa edilmiş inzibati binada yerləşir. Muzeydə Mediçi ailəsinə məxsus sənət inciləri qorunub saxlanılır. Mediçilər ailəsi XIV əsrdən XVII əsrə qədər 400 il Florensiyanın hakimi-mütləqləri olublar. Mediçilər incəsənət hamiləri kimi də tanınırlar. "Uffiçi" qalereyasında əsərləri sərgilənən dahi sənətkarların quruca adı belə obıvateli ovsunlayır.

Cotto, Sandro Bottiçelli, Leonardo da Vinçi, Rafael, Corcone, Titsian, Uççello, Pyero della Françesko, Filippo Lippi... siyahını uzatmağı lüzum görmürəm, doğrudan da dahi sənətkarların xofu adamı basır. Doktor Qraçielle Maqerri Florensiyanı Uffiçi qaleyerasını ziyarət edən insanlarda Stendal sindromunu araşdırıb. Bu məqsədlə doktor 1979-cu ildə yüzdən artıq turistin başına gələn ilginc olayı təhlil edərək belə qərara gəlib ki, iyirmi beşlə qırx beş yaş arasında olan qadınlar və xüsusi ilə həssas adamlar bu virusa asanlıqla yoluxurlar. Bu adamlar adətən savadlı və kültürlü turistlərdi. Stendal sindromu florensiyalılardan yan keçir, onların bu virusa yoluxmaq riski sıfıra bərabərdir, florensiyalılar onları əhatə edən şedevrləri gündəlik həyatlarının ayrılmaz bir parçası kimi qavrayırlar, sənət incilərinə sadəcə olaraq dekorasiya kimi baxırlar.

Stendal sindromu psixoloji pozuntudur. İnsan sənət əsərinin təsiri ilə reallıq hissini itirir, özünü təsvir olunan reallığın içində yaşayırmış kimi bir duyğu keçirir.

Stendal "Neapol və Florensiya; Milandan Recioya səyahət" kitabında yazır: "Mən Müqəddəs Xaç kilsəsindən çıxanda ürəyim çırpınırdı, torpaq ayaqlarım altından qaçırdı, yıxılmaqdan qorxurdum. Mən həyat eşqi ilə, ehtiras enerjisi ilə dolu sənət inciləri görmüşdüm, onları görəndən sonra hər şey mənasını itirmişdi".

"İncəsənət xalqa məxsusdur" - dünya proletariatının dahi rəhbəri V.İ.Ulyanov doğrudanmı belə düşünürdü? Bu həmən Ulyanovdur ki, din xalq üçün tiryəkdir deyirdi. Amma incəsənət kütləvilərin ayaqları altına atılacaq sədəqə deyil, insan ruhunun möcüzəsidir - əlbəttə, biz gerçək sənətdən, ilahi sənətdən danışırıq. Anri Matiss deyərdi ki, sənət ibadətdir.

Maqerrinin fikrincə, muzeylərə gedən adamların bir qisminin qəlbinə dağıdıcı impulslar hakim olur, adi vəziyyətdə şiddətə meylli olmayan insanlar aqressivləşirlər. 1991-ci ildə "David" ciddi yaralar almışdı. İlya Repinin "İvan Qroznının oğlunu öldürməsi" tablosu da vaxtı ilə təcavüzə məruz qalmışdı. "Veneranın doğulması", "Çılpaq David", "Məhşər günü" və bir sıra sənət inciləri yüz illərdi italyanları dəlirdir. İtalyan muzeylərini gəzən hər yüz turistdən iyirmisinin az və ya çox dərəcədə ruhi dəngəsi pozulur.

***

Təsəvvür eləyin ki, siz tanıdığınız bir rəssama öz portretinizi sifariş edirsiniz. Rəssamın kətan üzərində yağlı boya ilə çəkdiyi portret sizdən daha uzunömürlü olacağı gün kimi aydın məsələdir. İllər ötüb keçəcək, siz yaşa dolacaqsınız, saçınız-saqqalınız ağaracaq, üzünüz, alnınız qırışlarla dolacaq, beliniz büküləcək. Amma sizin yağlı boya ilə çəkilmiş portretiniz heç dəyişməyəcək. Daima gənc və gözəl görünəcək.

Dorian Qreyi xatırlayırsınızmı? Yox, Dorian Qrey nə Hollivud ulduzudur, nə də pop-star, heç olimpiya çempionu da deyil. Dorian Qrey ingilis yazıçısı Oskar Uayldın çap olunmuş yeganə romanının qəhrəmanıdır. Uayldın "Dorian Qreyin portreti" romanını vərəqləyək.

Oskar Uayld məşhur dendi və böyük estet olub. Deyirlər ki, bir dəfə yazıçı pəncərədən baxanda cır-cındıra bürünmüş bir səfil sərsəri görür və qulluqçusuna buyurur ki, öz kostyumlarından birini sərsəriyə versinlər, sərsəri rəzil görünüşü ilə pəncərədən görünən mənzərəni pozur. Yazıçı hər şeyi kamil və gözəl görmək istəyirdi, o, həddindən artıq duyğusal idi, aşırı duyğusallığı ucbatından yaşadığı cəmiyyətin içində yalqız və yabançıydı.

"Dünyanı gözəllik xilas edəcək" - bunu da dahi rus yazıçısı Fyodor Dostoyevski deyib. Dostoyevski ilə mübahisəyə qalxmaq mənim həddim deyil, amma mən heç bir zaman onun kimi ümidvar olmadım. Bəzən düşünürəm ki, gözəllik yasaq meyvə kimi bir şeydir - onun içində günah gizlənib. Bəlkə də gözəllik, kamillik hardasa bir qədər təhlükəli nəsnədir.

Dorian Qrey qəribə personajdır - o, əbədi gənclik virusuna yoluxub. Virus Qreyin içindəki bütün insani duyğuları sovurub çıxarıb, onun ruhunu mənimsəyib, əvəzində ona əbədi gənclik bəxş edib. Qrey ruhunu şeytana satıb - bu qədim mif Oskar Uayldın romanında ikiölçülü süjet xətti ilə qələmə alınıb. Romanda qəhrəmanın cansız portreti qocalır, canlı Dorian Qrey isə gənc qalır. Romanda təsvir olunan absurd olaylar oxucunu vahimədə saxlayır. Hadisələr və nəsnələr yerini dəyişir, burda hər şey baş-ayaqdır, romanı oxuyanda adamın başı gicəllənir. Uayldın romanında portret, yəni sənət əsəri əzab çəkir, portret əzab çəkirsə, deməli, onun qəlbi, ruhu mövcuddur. Sənət əsərinin obyekti olan insan isə qəlbsiz, duyğusuz, ruhsuz bir məxluqa çevrilir - bu, yazıçının traktovkasıdır. Qreyin rəssam olmaq şansı vardı, amma o, öz portretinin kölgəsinə dönür.

"Stendal sindromu" adlı virus yanız Florensiyada yayılmayıb, dünyanın müxtəlif bölgələrində rastlanır.
"Yerusəlim sindromu" geniş yayılıb, amma bu sindrom komikliyi ilə diqqəti çəkir. Araşdırıcılar "Qüds sindromu"nu belə izah edirlər, bəzi zəvvarlar özlərini İisus Xristos elan edirlər, əyinlərinə kəfən geyib qələbəlik yerlərdə moizə oxuyurlar. Gəlin incəsənət əsərinin insan təninə və ruhuna ən kəskin təsir etdiyi yerlərin siyahısını tutmağa çalışaq. Florensiyadan başlayaq, Qüds, Venesiya və Sankt-Peterburq "Stendal sindromu"na ən çox məruz qalan şəhərlərdir.

***

İtaliya. Venesiya. Venesiya kanallar, qandolalar və intihar edənlər şəhəridir - ah, gözəlim Venesiya, möcüzələr şəhəri. Venesiya sanki ilğım şəhərdi. Burda beyinlər dumanlanır. Venesiyanın suyuna sanki ölüm virusu qarışıb. Venesiyanın gözəlliyindən insan xəstələnə bilər, ölüm virusuna tutular bilər və bəzən tutulur da.

Tomas Mannın "Venesiyada ölüm" romanında olduğu kimi. Tomas Mannın romanını oxumağa vaxtınız yoxdursa, rejissor Viskontinin eyniadlı filminə baxmaq məsləhətdir.

***

1988-ci il. Almaniya. Münhen şəhəri. Pinakoteke rəsm qalerayası. Günlərin bir günü Hans Bolçman adlı bir alman qalereyanı gəzlir. Bolçman ilk baxışda muzeyə gələn yüzlərlə qanuna sayğılı alman vətəndaşlarından biri idi. Münhen rəsm qalereyasında Alman İntibahının banisi Albrext Dürerin də əsərləri sərgilənir. Həmən bu Hans Bolçman Dürerin üç əsərinin üzərinə kislota tökür... Məlum olur ki, bir neçə il əvvəl o, başqa bir muzeydə də sənət əsərlərinə qarşı eyni cinayətdə suçlanaraq iki il həbsdə yatıb. Həbsdən çıxandan beş ay sonra Bolçman eyni cinayəti bir daha işlədi və bir daha həsbə düşdü. Bolçman incəsənətə "nifrət" etdiyinə görə üç dəfə həbs olunub. Onun sənət əsərlərinə vurduğu maddi zərərin 270 milyon marka olduğu söylənilir. Hazırda o, ruhi xəstəxanada nəzarət altında saxlanılır. Hələ ki, "Stendal sindromu"nun dərmanı tapılmayıb...

***

Zəmanəmizin böyük sənətkarı Mircavadın Ermitaj macəraları bizim rəssamlarımıza yaxşı məlumdur. Mircavad Ermitajda yaşadığı olayları xatirələrində qələmə alıb. Rəssamın xatirələri ölümündən sonra 2005-ci ildə "Nurlan" nəşriyyatı tərəfindən ayrıca kitab şəklində sənətsevərlərə çatdırılıb.

***

"Stendal sindromu" yalnız ədəbiyyatla, təsviri sənətlə ilgili deyil. Bu terminə romantik musiqi ilə əlaqəli yazılarda sıx-sıx vurğulanır. Rejissor Frensis Ford Koppolanın lentə aldığı "Apokolipsis bu gün" filminin bəzi epizodlarını izləyək, bu filmdə görkəmli romantik Rixard Vaqnerin musiqisi səslənir. Vaqnerin romantik musiqisinin sədaları altında bambuk ağacları arasında gizlənmiş kiçik Vyetnam kəndini havadan bombalayırlar. Şanlı US Army əsgərləri Vaqnerin romantik musiqisindən vəcdə gələrək yoxsul, dinc, günahsız kəndliləri atəşə tuturlar. Əsrarəngiz musiqi təcavüzün, savaşın, ölümün sinonimi kimi səslənir...

"Stendal sindromu" bizim incəsənət və gözəllik haqqında beynimizdə kök salmış ənənəvi təsəvvürlərimizi dağıdır.

Sosial mənşəyindən, aldığı təhsildən asılı olmayaraq insan incəsənət əsərinə münasibətdə özünü çox həssas aparır. Onun qəlbini heyrət, təəccüb və heyranlıq duyğuları bürüyür.

Ötən əsrin əvvəllərində rəssam Qustav Klimtin "Gənc qızın portreti" Drezden muzeyindən yoxa çıxır. Aradan uzun illər keçsə də, portret tapılmır ki, tapılmır. Portretin fotosu muzeydə qalmışdı. Təxminən yetmiş ildən sonra gənc sənətşünas Rikki Oddi rəssamın yaradıcılığını tədqiq edərkən "Qadın portreti" onun diqqətini çəkir, hər iki portretin ilk baxışdan gözə çarpmayan oxşarlıqları bəlli olur. Sən demə, "Gənc qız portreti" "Qadın portreti"ninin üz gizgiləri altında məharətlə gizlədilib - bu da Qustav Klimtin cavanlıq metaforası...

Adil Mirseyid
Kult.az