Adil Mirseyidin ilk fərdi sərgisindən kövrək notlar – FOTOLAR

Adil Mirseyidin ilk fərdi sərgisindən kövrək notlar – FOTOLAR

Dekabrın 21-də Müasir İncəsənət Mərkəzində Rəssamlar İttifaqı, millət vəkili Qənirə Paşayeva və Kulis.az-ın təşkilatçılığı ilə rəssam, şair Adil Mirseyidin ilk fərdi satış-sərgisi keçirilib.

Həmin gün həm də Adil Mirseyidin 60 yaşı tamam olurdu.

Kultaz.com-un Kulis.az-a istinadən verdiyi xəbərə görə, satış-sərgidə millət vəkilləri, yaradıcı və ictimai şəxslər iştirak ediblər.

“Mən istədim ki, bu rəsm sizin evinizdə qalsın. Baxmayaraq ki, bu əsəri evimizdən asmaq bizim hamımız üçün şərəf olardı. Ancaq istəmirəm ki, bizim tariximizdə rəssamımızın öz avtoportretini satması xəbəri keçsin”. Bunları “APA-Group”un baş direktoru Vüsalə Mahirqızı deyib və rəssamın “Avtoportret”ini alaraq özünə hədiyyə etdi və ona uzun ömür arzuladı.

Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağa Əli İbrahimov sərgini açaraq təşkilatçılara minnətdarlıq etdi: “Adil Mirseyidin əsərləri ilə mən ilk dəfə geniş şəkildə burada tanış oldum. Təəccüblənirəm ki, belə gözəl əsərləri ola - ola niyə indiyə kimi Rəssamlar İttifaqına müraciət etməyib”.

Sərginin açılışında çıxın edən millət vəkili Qənirə Paşayeva sərgiyə dəstək üçün gələn insanlara öz təşəkkürünü bildirdi: “Mən Adil müəllimə təşəkkür edirəm. Təşəkkür edirəm ki, o var və biz bu gün onun sənətinin işığına toplaşmışıq. Adil müəllimi mənlə tanış edən Kulis.az saytının rəhbərliyinə də minnətdarlığımı bildirirəm. Biz hamımız fəxr edəcəyik ki, sizin bu gözəl əsərləriniz bizim evimizdə də var. Bura gələn insanlar da onu sevdikləri üçün gəliblər. Biz sizin yaradıcılığınızı dəyərləndiririk. Ona görə burdayıq”.

Sərginin açılışında çıxış edən millət vəkilləri Adil Əliyev, Etibar Hüseynov, Gülər Əhmədova, Ceyhun Osmanlı Adil Mirseyidin əsərlərini bəyəndiklərini və burada iştirakdan məmnun olduqlarını dedilər.

Ona olan dəstəkdən və qayğıdan kövrələn Adil Mirseyid hər kəsə öz təşəkkürünü bildirdi.

Çıxışlar bitdikdən sonra sərgiyə gələnlər rəssamın əsərlərini, eləcə də onun “Ay süvarisi” şeirlər kitabını aldılar.

Bir neçə saat ərzində Adil Mirseyidin sərgiyə çıxarılmış bütün əsərləri satılıb qurtardı.

Qeyd edək ki, Adil Mirseyid uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkir. Elə bu sərgi də maddi vəziyyəti ağır olan rəssam üçün həm də bir yardım xarakteri daşıyırdı.

Fotolar Kulis.az-ındır.

[gallery link="file" columns="2" orderby="title"]