Ağalar Məmmədov. «Mədəniyyət», yoxsa «kultura»?

Ağalar Məmmədov. «Mədəniyyət», yoxsa «kultura»?

Xaricidilli elmi ədəbiyyatda «sivilizasiya» və «kultur(a)» terminləri həm sinonim kimi, həm də müəyyən qədər fərqli anlayışlar kimi (əslində hiponim kimi) işlədilir. Son illərdə Türkiyə türkcəsindən dilimizə keçən və arada bir işlədilən «kültür» sözünü nəzərə almasaq, bizdə istər elmi terminologiyada, istərsə də gündəlik danışıq dilində, bir qayda olaraq, «kultura» (kültür) sözündən istifadə edilmir. Əvəzində məlum fərq – «mədəniyyət» və «sivilizasiya» terminləri arasında qoyulur. Deməli, belə aydın olur ki, Azərbaycan dilində «sivilizasiya» olduğu kimi saxlanılır, «mədəniyyət» isə «kultura»nın tərcüməsi kimi qəbul edilir. Gəlin, baxaq, görək, bu doğrudurmu?

Dilimizə ərəbcədən keçən «mədəniyyət» sözünün kökü şəhər («mədinə») deməkdir və bu baxımdan «mədəniyyət» latın dilində də sözün kökü şəhər («city») demək olan «sivilizasiya»ya uyğundur, nəinki mənası əkmək, şumlamaq, becərmək, bəsləmək, yetişdirmək, qulluq etmək («colere») demək olan kulturaya! Digər tərəfdən, ərəblərin bizə guya mədəniyyət, yəni şəhər mədəniyyəti gətirməsi fikri də tarixi baxımdan yanlış olardı, çünki ən azından «Qafqazın anası» adlandırılan qədim Bərdə şəhəri ərəblərin buralara gəlişindən xeyli qabaq qurulmuşdu, əksinə, ərəblər onu yerlə-yeksan etdilər! Üstəlik, biz öz kulturamıza mədəniyyət adı verməklə özümüz-özümüzü, xəbərimiz də olmadan, ərəb-fars (islam) blokunda saxlamış oluruq. Çünki «mədəniyyət» mədinəli olmaq deməkdir, mədəni – mədinəli olmaqdır. Doğrudanmı, mədəni azəri şüur baxımından mədinəlidir? Belədirsə, elə beləmi olmalıdır?

Yox, əgər «mədəniyyət» sözünü işlədəcəyiksə, onda yuxarıda da yazdığım kimi, onu hərfi mənasına görə yalnız sivilizasiyanın əvəzinə, yəni sivilizasiyanın tərcüməsi kimi işlətmək olar. Daha da korrekt olsaq, əslində sivilizasiya (civilization) mədəniyyət yox, mədəniləşmə deməkdir. Mədəniyyət «siviliti» (civility) sözünün tərcüməsidir.

Sivilizasiya və kultura terminləri sənaye inqilabından (XVIII əsr) sonra fərqləndirilməyə başlandı. Sənayeləşmədə, o cümlədən şəhərləşmədə geri qalan almanlar özlərini ingilislərdən fərqləndirmək üçün öz ənənəvi kulturalarını bu yeniliyə, yəni ingilis sivilizasiyasına qarşı qoydular, dedilər ki, sizin sivilizasiyanıza qarşı bizim də kulturamız var! Məşhur «maddi mədəniyyət-mənəvi mədəniyyət» bölgüsü də buradan törədi. Belə ki, almanlar ingilis sivilizasiyasını (mexanika, texnika, maşınlar, binalar və s.) maddi mədəniyyət sayaraq bəyənmir, öz kulturalarını (ali ideallar, dəyərlər, fəlsəfə və s.) mənəvi mədəniyyət sayaraq ucaldırdılar.

Modern şəhərləşmə sənayə inqilabının nəticəsində meydana gəldi. Sivil mədəniyyətin, yəni şəhər kulturasının, o cümlədən vətəndaşlıq şüurunun şəhərdə doğulması, kənddə isə mədəniyyətsizliyin hökm sürməsi ingilis dünyagörüşüdür. Bu mənada sivilizasiya əslində şəhər mədəniyyəti deməkdir. Yoxsa kotanla yer şumlamaq da son nəticədə bir mədəniyyətdir, coleredir. XVIII əsrdən etibarən mədəniləşmək – şəhərləşmək və şəhərliləşməkdən başqa bir şey deyildir.

Buna görə də, citoyen və yaxud citizen vətəndaş yox, şəhərdaş, yəni həmşəri (həmşəhri), həmyerli deməkdir. Civilization (sivilizasiya) və city (şəhər) sözlərinin eyniköklü olduğu gərək unudulmasın.

İndilərdə «sivil cəmiyyət» dediyimiz anlayış sovet dövründə mürtəce adlandırdığımız və qorxduğumuz «burjua cəmiyyəti»dir. Belə ki, almanca «bürgerliche Gesellschaft» sovet vaxtı burjua cəmiyyəti kimi, indi isə sivil cəmiyyət kimi tərcümə edilir.

Sivilizasiya ilə kultura anlayışları arasındakı fərqi türk dilində deyəsən ilk dəfə XIX əsrin məşhur türk ideoloqlarından olan Ziya Gökalp qoymuş və çox doğru olaraq sivilizasiyaya mədəniyyət, kulturaya hars demişdi. «Hars» Gökalpın ərəbcədən uydurduğu osmanlıca bir söz idi. Mənası kultura sözünün kökünə uyğun olaraq «əkin» demək idi. Bugünkü Türkiyə türkcəsində də çox doğru olaraq sivilizasiyaya uyqarlıq deyilir, amma kultura əvəzinə daha hars yox, elə kültür işlədilir. Biz isə tərs-məzhəb iş görmüşük.

Beləliklə, mənim gəldiyim nəticə bundan ibarətdir ki, dilimizdə termin kimi sivilizasiya ya olduğu kimi saxlanmalı, ya da mədəniyyət kimi ifadə edilməlidir (yaxşı olardı ki, «sivilizasiya» olduğu kimi saxlansın, «mədəniyyət» sözü ümumiyyətlə atılsın); kultura da ya olduğu kimi ifadə edilməli, ya da H.Zərdabinin də işlətdiyi «əkin» kimi tərcümə edilməlidir. Amma dərhal bunu da deməliyəm ki, «kultura» ancaq plüral-sosial mənada «əkin» kimi azərbaycancalaşdırıla bilər, individual kultura mənasında isə yox; yəni siz mədəni (kulğturnıy) adama əkinli adam deyə bilməzsiniz, gülməli səslənər. Amma bu qədəri dəqiqdir:

«KULTURA»YA ƏSLA «MƏDƏNİYYƏT» DEMƏK OLMAZ!

Azadlıq Radiosu