"Ağıllı söz, yaxşı şeir yazmışammı, varsa, hanı?" - Səməd Vurğun

Unudulmuş tək məzar

Bu gün məni səyyar xəyal,
Öz dünyamdan qoparmışdır…
Qulağı kar, dili də lal
Bir aləmə aparmışdır.

Nə şadlıq var orda, nə səs,
Torpağı dərd, suyu qəmdir.
Onu heç kəs keçə bilməz,
O, tilsimli bir aləmdir…

Bilinməyir onun yaşı,
Köhnə adı qəbristandır.
Hər fikirli qəbir daşı
Elə bil ki, bir insandır-
Göz yumaraq yerə, göyə
Qərq olmuşdur düşüncəyə…
Nələr vardır orda, nələr,
Göy sərvlər, göy çinarlar.

Bir də mərmər abidələr
Dayanmışdır qatar-qatar
Heykəllər də durur səf-səf,
Hava tutqun, zaman qışdır.
Qəbiristanda dörd bir tərəf
Bahar kimi gül açmışdır.

Yazın seli, qışın qarı,
Əsən külək, yağan yağış
Daşlardakı yazıları
İllər boyu pozammamış.

Nələr deyir bu mənzərə!
Düşünürəm aram-aram:
Bizdən ayrı düşənlərə
Borcumuzdur bu ehtiram!

Hər türbədən bir qəhrəman
Sanki baxıb deyir bizə:
"Alovların arasından
Yollar açdım eşqinizə”.

Oğul doğan, qız böyüdən
Ağ birçəkli bir ananın-
O müqəddəs qəhrəmanın
Baş əyirəm önündə mən…

Dahilərin, şairlərin
Gözlərində dan sökülür…
Düşünürəm dərin-dərin,
Ürəyimə nur tökülür…

Elə bil ki qanadı var
Qartal kimi heykəllərin.
Gəlin, deyir, seyrə gəlin
Öz qələmi, öz əliylə,
Öz işıqlı əməliylə
Min zülməti boğanın da,
Adi inək sağanın da
Öz ünvanı, öz adı var.

Nələr deyir bu mənzərə!
Düşünürəm aram-aram:
Bizdən ayrı düşənlərə
Borcumuzdur bu ehtiram!

Orda min bir qəbir saydım
Canlı kimi hava udur.
Mən cənnətə inansaydım,
Deyərdim ki, cənnət budur….

Bu xəyalla gəzdikcə mən
Qəbristanı qarış-qarış,
Gözlərimə dəydi birdən
Üstünü ot, alaq almış
Bir məzar ki, nə baş daşı,
Nə ünvanı, nə adı var,
Nə həmdəmi, nə sirdaşı,
Nə doğması, nə yadı var.

Fikrə getdi qəlbim bir an…
Qəbristana keşik çəkən,
Gül basdırıb, ağac əkən
Dünya görmüş bir qocadan
Soruşdum ki: sən bilərsən,
Kiminkidir bu tək məzar?
Nə yazısı, nə daşı var,
Nə üstünə gəlib gedən?

Qoca bir az gülümsədi,
Sonra qəbrə baxıb dedi:
- Qafil, özün bilməyirsən?
Səninkidir o tək məzar,
Onu dövran verdi bada;
Çox danışıb az yazanlar
Unudulur bu dünyada.

Evə gəldim can pərişan,
Keçən ömrü soraqladım.
Bu fikirlə xeyli zaman
Kitablari varaqladım.
Ağıllı söz, yaxşı şeir,
Yazmışammı, varsa, hanı?

Gördüm qoca doğru deyir,
Uçdu könlüm xanimanı…
Boğulduqca göz yaşıma
Dedim ömür yoldaşıma:
Qapıları tez ol, bağla
Otağı da bir az qızdır.
Sən də bil ki, təmtəraqla
Keçən günlər vəfasızdır!
Hanı qələm? Hanı kağız?
Tez ol gətir, a dildarım!
Barı gəzsin ağız-ağız
İndən belə yazdıqlarım…