Akif Abbasov.  Bu uaşağa bir sənət ver (HEKAYƏ)

Akif Abbasov. Bu uaşağa bir sənət ver (HEKAYƏ)

Xallı Məhərrəmin Bivec adlı bir oğlu vardı.  Oxumaqla, işləməklə, xeyrə-şərə yaramaqla arası yox idi. Yeyib yatır, yatıb durub yeyir, çöldə-bayırda gəzir, çayxanalarda veyillənirdi.  Damağından da siqaret düşməzdi. Kənd ağsaqqalları Xallı Məhəmmədi qınayaraq:

-Ay kişi, ay Məhərrəm, oğlunun başına ağıl qoy, - deyirdilər. -Belə olmaz. İşi-gücü avaralanmaq, ona-buna şəbədə qoşmaqdır. Apar bir məktəbə qoy, oxuyub sənət yiyəsi olsun. Bəlkə onda ağıla gələ, bir işin qulpundan yapışa.

Xallı Məhərrəm gördü ki,  deyilənlər düzdür. Düzə də zaval yoxdur. Odur ki, oğlu Biveci qabağına qatıb avtovağzala gətirdi. Maşına oturub Gəncəyə gəldilər.  Xallı Məhəmməd onu buradakı peşə məktəblərinin birinə düzəltdi. Bivecə yataqxanada yer də verdilər.

Xallı Məhərrəm sevincək oldu. Oğlu oxuyub bir sənətə yiyələnəcəkdi. Biveci bağrına basıb xudahafizləşdi:

-Oğlum, məni naümid eləmə. Oxu,  özünə sənət, peşə qazan.  Başqasına möhtac qalma. Yekə kişisən. Mən dünyanı tutub durmayacağam. Gün gələcək, evlənəcəksən. Ailəni saxlamalı, dolandırmalısan. Əlini kimə açacaqsan, kimin üstünə gedəcəksən ki, sənə kömək etsin? Yaxşı işin olmasa, çətinlik çəkəcək, ehtiyacın caynağında qalacaq və boğulacaqsan!
Bivec dodağının altında nəsə mızıldandı. Xallı Məhərrəm:
-Nə dedin?
-Heç.
-Di sağ ol.

Ayrılanda Xallı Məhərrəm Bivecin cibinə pul da basdı.

Xallı Məhərrəm Gəncədə dükan-bazara da baş çəkdi. İşlərini tamamə yetirib özünü kəndə çatdırdı. Kəndin qırağındakı Mayoyun körpüsünün yanında avtobusdan düşdü. Ağır-ağır evinə doğru gedirdi ki, eşitdiyi bir səs onu ayaq saxlamağa məcbur etdi.

-Dədə, ay dədə!
Xallı Məhərrəm qulaqlarına inanmadı. Bu, Bivecin səsi idi. Onu Gəncədə qoyub gəlmişdi, ola bilməzdi. Bu kim idi ki, səsi onun oğlu Bivecin səsinə oxşayırdı?   Dönüb baxdı. Bivecin özü idi. Dərsi, məktəbi atıb Xallı Məhərrəmdən əvvəl  kəndə gəlmişdi.

-Ay dədə, bir siqaret ver, çəkim...
Xallı Məhərrəm cin atına mindi. Bağıraraq:
-Bivec oğlu Bivec,  burda nə qayırırsan? Səni Gəncədə qoyub gəlməmişdim?
Bivec burnunu çəkə-çəkə:
-Dədə, oxumaq mənlik deyil. Özünü yorma.

Xallı Məhərrəm onun başına bir qapaz saldı:
-Fərsiz oğul! Amma ölsən də, qalsan da bir sənət yiyəsi edəcəyəm səni!
Bir neçə gün ötdü. Xallı Məhərrəm özünə gələ bilmirdi. Qohum-qonşu, kənd əhli də bir yandan ona tənə edirdi ki, oğlunun öhdəsindən gələ bilmir. Bütün bunlar onun mənliyinə toxunurdu. Odur ki, Biveci götürüb bu dəfə Ağdamdakı peşə məktəbinə gətirdi. Gəncədə olduğu kimi burada da adını peşə məktəbinə yazdılar, yataqxanada yer düzəltdilər. Bivec söz verdi ki, bu dəfə atasının sözünə baxacaq. 

Xallı Məhərrəm gedəndən sonra Bivec çox düşünüb-daşındı. Atası haqlı idi. Onun sənəti yox idi. Doğrudan da, atası kiminçin çalışır, özünü oda-közə vurur? Özü üçün? Yox. Bivec üçün. Xallı Məhərrəmin başına bir iş gəlsə, o nə günə qalar? Anasını, özündən kiçik bacı-qardaşlarını Bivec saxlamalı olacaqdı. Yayın qaynar istisində, qışış şaxtasında çöldə-bayırda işləmək, fəhləlik etmək adamın ömrünü baltalayır, sağlamlığını əlindən alır.  Amma oxumaq da elə fəhləçilik kimi çətindir. Axı oxuduqları, müəllimlərin dedikləri başına girmir. Peşə məktəbinin yeməyini necə yeyəcək?  Yoldaşları danışıblar. Deyirlər şagirdləri günorta da, axşam da supa, makaron və verməşilə, qarabaşağa tutuzdururlar. Yarpaq dolması, kələm dolması, pomidor, bibər, badımcan dolması, küftə bozbaş, pulov, ləvəngi üzü görmürsən...Bəs necə olacaq?

Əlqərəz.
Xallı Məhərrəm Ağdamda bazarlıq edib avtobusa mindi. Narahatçılığı sovuşmuşdu. Bivec ağıla gəlməli idi. Daha ötən səfərki kimi etməzdi.  Bundan belə atasının üzünə ağ olmazdı. "Mən də onun xeyrinə deyirəm də”.

Avtobus mənzil başına yetişdi. Xallı Məhərrəm evə gəldi. Ayaqqabılarını  çıxarıb, paltarını dəyişib, yanını yerə - stula qoydu. Çox yorulmuş, bərk acmışdı. "Bir az dincəlim, durub şam edərəm”, - deyə fikirləşib ayağa qalxdı. Yataq otağının qapısını açanda sanki onu ildırım vurdu. Lal-dinməz dayandı. Bivec çarpayıda uzanıb yatırdı.  

 Bakı şəhər, 28 noyabr 2019-cu il