Akif Abbasov. Drap palto və bir ətək pul (HEKAYƏ)

Akif Abbasov. Drap palto və bir ətək pul (HEKAYƏ)

Şura hökumətinin vaxtları idi. Yerli adamlardan biri – Gətir Aparov rayon xalq deputatları soveti icraiyyə komitəsinin sədri, yəni ispalkom seçilmişdi.  Qabağından yeməyənin və həm də təmənnalı adamlardan biri idi.  Bunu bildiklərindən  idarə,  təşkilat, müəssisə rəhbərləri gəlib onu təbrik edir, baxım-görüm edirdilər. 29 nömrəli məktəbin  direktoru yerindən qımıldanmırdı: "Təqdim olunanda təbrik etmişəm, gedib nə deyəcəyəm ki?”

Gətir Aparov məktəb direktoru Şakir müəllimin saymazlığından  qeyzlənir ürəyində: "Bunun yekə xanalığına  bax. Belə çıxır ki, məni saymır.  Unudur ki, bu rayonun əsas iki yiyəsi var. Birinci katib, bir də  mən. Prokuror da, polis rəisi də, məhkəmə də mənimlə hesablaşır. Sən kimsən ki,  hüzuruma gəlmirsən” deyə asıb-kəsir, onu vurmaq üçün məqam gözləyirdi.  
Şakir müəllim də özünü sındırmır, onun nə düşündüyünü bilsə də, inadından dönmürdü: "Haqqımda birinci katibdə mənfi rəy formalaşdırmaq istəyir. Amma xeyri yoxdur. O kişi məni yaxşı tanıyır”.

Bir gün qonşu məktəb müəllimlərindən Həcər xanım qapını açıb Şakir müəllimin otağına girdi. Şakir müəllim onu mehribanlıqla qarşıladı, əyləşmək üçün yer göstərdi. Katibə limonlu, qarağat mürəbbəli  çay gətirdi.

Həcər xanım sözlü adama oxşayırdı. Axır ki, mətləb üstünə gəldi:

-Şakir müəllim, mən məsələmi həll elədim.

Şakir müəllim sual dolu baxışlarını ona zillədi:

-Hansı məsələni?

Həcər xamım cavabında dedi:

-İspalkomla danışmışam, məni direktor təyin etdirəcək.

Şakir müəllim Həcər müəllimi yaxşı tanıyırdı. Fərli savadı, bacarığı yox idi. Amma  xoş söz deməyə borclu idi və dedi də:

-Təbrik edirəm.

Həcər xanımın sifətinə xoş təbəssüm yayıldı: 

-Bilirsən, sənin xeyir-duanı almağa gəmişəm.

Şakir müəllim tez:

-Xeyirli olsun, - dedi.

Həcər xamım aydınlaşdırdı:

-Məsələ bir qədər başqa cürdür. Məni sənin yerinə təyin edəcəklər.

Şakir müəllim təəccüblə ona baxdı:

-Mənim yerimə?

-Hə, sənin yerinə. Gəlmişəm sənin razılığını alım.

Şakir müəllim qollarını geniş açdı:

-Yəni deyirsən durub yerimi sənə verim?

Həcər xanım heç nə olmayıbmış kimi:

-Yox, razılıq versəydin səni də özümə müavin götürərdim, - dedi. -Necə olmasa, təcrübəlisən. Mənə də köməyin dəyər.

Şakir müəllimin matı-mutu qurumuşdu: "Bu nə danışır? Mən nə günahın sahibiyəm? İspalkomun deməyi ilə deyil ki? İşdən çıxarılmaq üçün səbəb olmalıdır”. Odur ki, Şakir müəllim soyuqqanlı:

-Yəni sən əminsən ki, məni çıxarıb səni mənim yerimə qoyacaqlar? – deyə soruşdu.

Həcər müəllim inamla:

-Məsələ artıq həll olunub, - dedi. -Xeyri yoxdur. Razılıq ver, səni özümə müavin götürüm.

Şakir müəllim artıq əsəblərini cilovlaya bilmirdi:

-Boş-boş danışma. Bu məsələ sən deyən qədər asanlıqla həll oluna bilməz. Rayonun yiyəsi – birinci katib var, Təhsil Nazirliyi var.

Həcər xanım:

-Şakir müəllim, gəl inad eləmə, -dedi. -İspalkomla həll eləmişik. Bir drap palto özünə, birini də arvadına almışam. Bir ətək də pul vermişəm.

Həcər xanım bu sözləri deyib otağı tərk etdi. Şakir müəllim bir müddət özünə yer tapmadı. Sonra dağı Arana, Aranı dağa apardı. Ölçdü-biçdi. Ağsaqqal müəllimlərdən, xalq deputatları soveti icra komitəsinin sədri Gətir Aparovu yaxşı tanıyan, ona söz deməyə qabil adamlardan ikisini onun yanına göndərdi.

Xanlar müəllimlə Rahil müəllim ertəsi gün Gətir Aparovla görüşdülər. İnsafən, onları yaxşı qarşıladı. Rahil müəllim sözə başladı: 

-Eşitdiyimizə görə, Həcər xanımı bizim məktəbə direktor qoymaq istəyirsiniz.

Gətir Aparov ağır-ağır:

-Hə, elə bir fikrimiz var, -dedi.

Rahil müəllim sözə başladı:

-Gətir müəllim, aramızda xətir-hörmət var,  ona görə ayıb olar ki, həqiqəti sizdən gizlədək. Əvvəla, bizim direktor öz işini bacarandır, gözü toxdur, kollektivin qayğısına qalandır.
İspalkomun sədri başını buladı:

-Amma yekə başdır. Yerini bilən deyil.

Bu dəfə Xanlar müəllim dilləndi:

-Deyirlər onu çıxarıb yerinə Həcər xanımı qoymaq istəyirsiniz.

-Elədir.

Rahil müəllim dedi:

-Həcər xanım, gözəl-göyçək xanımdır. Ola bilsin, yaxşı pilov, yarpaq dolması, borş bişirir, zövqlə geyinib-keçinir. Bu işləri gözəlcə bacara bilər, amma ondan direktor olmaz.

Gətir Aparov etirazını bildirdi:

-İşləyib öyrənər.

Xanlar müəllim fikrini bildirdi:

-Burada başqa məsələ var, sənin adına, vəzifənə xələl gətirir.

İspalkomun sədri gözlərini ona dikdi:

-Nə xələl, nə vəzifə?

-Heç bilirsən o Həcər xanım məktəbləri gəzib nə deyir?

-Nə?

Rahil müəllim aydınlıq gətirdi:

-Deyir ki, mən direktorluq məsələsini ispalkomla, şəxsən Gətir Aparovla artıq həll eləmişəm. Ona bir drap palto, birini də arvadına almışam, üstəlik bir ətək pul da vermişəm sədrə.
Bunu eşidən Gətir Aparovu elə bil cin vurdu.  Dik ayaq üstə qalxdı:

-Elə belə deyib?

-Elə beləcə də.  Yoxsa biz haradan bilirik?  

Gətir Aparov tez köməkçisini çağırdı:

-O asılqandakı paltonu götür. Sonra da bizim evə dəy. Evdə  bu paltodan biri də var. Onları götürüb o Həcərdir, nədir apar, sox onun gözlərinə...

İspalkomun sədri üzünü gələnlərə tutaraq:

-Deyirsiniz, Şakir müəllim yaxşı direktordur?

-Hə.

-Yaxşıdırsa, nə problem var? İşləsin də. Mən nə deyirəm ki...

İllər keçdi. Şakir müəllim uzun müddət məktəb direktoru işlədi, təhsil şöbəsinin müdiri oldu. Həcər müəllim hələ də məktəbdə müəllim işləyir, ən böyük arzusu məktəb direktoru olmaqdır.
 


Müəllif haqqında: 

Abbasov Akif  Nurağa oğlu (Akif  Nurağaoğlu) 1950-ci il may ayının 28-də Şirvan (keçmiş Əli Bayramlı) şəhərində anadan olmuşdur.

Pedaqogika üzrə elmlər doktoru, professor, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi və institutun "Elmi əsərlər”inin baş redaktorudur.

Respublikanın əməkdar müəllimidir.

"Tərəqqi” medalına layiq görülmüşdür. 

"Qızıl qələm” mükafatı laureatıdır.

100-dən çox kitabın müəllifidir.

Ümumtəhsil, orta ixtisas, ali məktəblər və xüsusi məktəblər üçün 20-dən artıq dərslik və dərs vəsaitinin (o cümlədən "Ailə”, "Ailə həyatının etika və psixologiyası”, "Pedaqogika”, "Milli əxlaq və ailə etikası”, zəif eşidən uşaqlar üçün” "Oxu-2”, "Oxu-3”, "Oxu-4”, "Oxu-5” və s.);

4 romanın ("Aldanma sözlərə”, "Samsundan başlanan yol”, "Acı xatirələr”, "Sultan II Murad”), 2 povestin ("Xəyanət” və "Kremli tikən azərbaycanlı”), 2 pyesin ("Atatürk” və "Yaxşı dost”), xeyli hekayələr kitabının müəllifidir.

İngilis və rus dillərindən bədii tərcümələr edir. 9 tərcümə kitabının müəllifidir.

10 cilddən ibarət bədii əsərlərinin 7 cildi işıq üzü görmüşdür.