Akşin Xəyal. Papaq oğrusu (HEKAYƏ)

Akşin Xəyal. Papaq oğrusu (HEKAYƏ)

Artıq bir saatdan çoxuydu ki, dayanacağın bir küncünə qısılaraq, 64 nömrəli marşrutu gözləyirdi. Əslində bu bir saat ərzində bir neçə 64 nömrəli marşrut gəlmişdi, amma gözlədiyi adam düşməmişdi deyə, növbətini gözləməyə məcbur olmuşdu. Arada çıxıb bir siqaret çəkir, yenidən dayanacağa qayıdırdı. Neçə gündən bəri yağmış və artıq buzlaşmış qarın şaxtası  ayaqlarını necə dondurmuşdusa topuqdan aşağı ayaqlarını hiss etmirdi. 

Növbəti siqareti çəkmək üçün dayanacaqdan çıxmışdı ki, gözü uzaqdan  yırğalana – yırğalana gələn 64- ə sataşdı. Əllərini qoşalayıb, nəfəsiylə isidib yenidən cibinə qoyaraq, dayanacağın arxasına keçdi. Avtobus yaxınlaşdıqca həyəcan basır, bədəninə istilik gəlir, ürəyi tez – tez döyünməyə başlayırdı. 

Avtobusun qabaq qapısından gözlədiyi adamın düşdüyünü görəndə həyəcanı daha da artdı. "Bəlkə etməyim” deyə düşündü. Axı nə qədər də olmasa ilk dəfəydi oğurluq edəcəkdi. Əynində açıq mavi gödəkcə, başında elə gödəkcəsi rəngdə papaq olan qadının, sağa, sola baxaraq yolu keçdiyini görüb, "Yox, nə olur olsun bunu etməliyəm” deyib, gödəkcəsinin kapşonunu başına çəkərək onun dalınca getdi. Qadın yolu keçib, sağa dönərək beş mərtəbə binanın qarşısındakı səkiylə addımlayırdı. Binanın sonuna çatanda, tini döndü. "Bundan yaxşı fürsət olmaz” deyib qadının arxasınca addımlarını yeyinlətdi. Binanın tinini döndüyündə qadın tindən cəmi bir neçə addım aralanmışdı. Dərindən nəfəs alaraq, özündə güc toplayıb qadına daha da yaxınlaşdı və onun başındakı papağı götürüb geri dönərək tini burulub qaçdı. Qadın, "Ay... papağım!” deyib geri çevrildiyində binanın tinini dönərək yoxa çıxan iki ayaqdan başqa heç nə görə bilmədi.

O,qaça - qaça papağı qoynuna, gödəkcəsinin iç cibinə qoyaraq, avtomobil yolunu keçib parka daxil olmuşdu ki, arxasında ayaq səsləri eşitdib geri çevrildi. İki polis işçisi artıq ona çatmaq üzrəydilər. "Əcəb yerdə axşamladıq, necə olub ki, mən bunlara fikir verməmişəm” – deyərək, sürətini biraz da artırdı. Elə bu an arxada bir tappıltı eşidib geri boylandıqda polislərdən birinin buzda sürüşərək yıxıldığını gördü. Amma digəri dayanmadan onu qovmaqda davam edirdi. Parkdan çıxıb səkiyə, ordan da yeraltı piyada keçidinə düşdü. Piyada keçidinin digər tərəfindəki pilləkənləri təzə çıxmağa başlamışdı ki, yıxılan polisin keçidin başında dayanıb onu gözlədiyini gördü. Çevrilib arxaya qaçmaq istədikdə digər polisin tövşüyə - tövşüyə pilləkənləri çıxdığını görüb fikrindən daşındı. Başqa çarəsi yox idi, təslim olmalıydı. Keçiddən çıxıb onu gözləyən polisə baxaraq gülümsünmüşdü ki, qarnına dəyən yumruq gülüşünü üzündə dondurdu. Ağrıdan qarnını qucaqlayıb əyildiyində, arxadan, dizlərinin büküyündən dəyən zərbə onu dizləri üstə yıxdı. Qollarını arxadan burub qandalladılar. Ayağa durmaq istədi, amma yer buz olduğundan sürüşüb yenidən dizi üstə düşdü. Yalvarıcı səslə:

- Buraxın məni, mən oğru deyiləm. – Dedi və  ağzının üstünə dəyən təpik sözünü ağzında qoydu.

- Oğru deyilmiş. Gözümüzün qarşısında qadının papağını başından götürüb qaçır, utanmadan da deyir oğru deyiləm. – Təpik vuran polis qəzəbli səslə dedi.

Təpiyin zərbəsindən dodağı partladı, burnundan açılan qan damcıldayaraq qarın rəngini qırmızıya boyadı. Başını qaldırıb yenə nəsə demək istəyirdi ki, hər iki polis gödəkcəsinin kapşonundan tutaraq, onu  zibil çuvalı kimi sürüyüb, ratsiyayla çağırılmış polis maşınına atdılar.

Növbətçi serjant onu polis bölməsinin dar dəhlizindən keçirib, balaca bir otağa salaraq:

- Burda gözlə, müstəntiq gələndən sonra qeydiyyata salınacaqsan. – Deyib, qapını üzünə bağlayaraq getdi.

Divarları nəmişlikdən kif  bağlamış, dəmir barmaqlıqlarla bağlanmış balaca bir pəncərəsi olan bu otaqda oturmağa stul belə yoxuydu. O, otağın bir küncündə qısılaraq yerə oturub qoltuğundakı mavi papağı çıxardı. Barmaqlarını papağın üzərində gəzdirərək onu qanı qurumuş burnuna yaxınlaşdırıb qoxladı. Burnundan aralayıb baxdı, yenə qoxladı, yenə baxdı bu dəfə papaqla üzünü örtərək nəfəsi gəldikcə onun qoxusunu ciyərlərinə çəkdi. Otağın qapısı şaqqıltıyla açıldı. O papağı tələsik gödəkcəsinin cibinə soxaraq ayağa qalxdı. Gələn polis serjantı idi. Serjantın müşaiyyəti ilə növbətçi hissəyə yaxınlaşdı. Şüşənin arxasında oturmuş polisin suallarına cavab verdikcə polis də onun dediklərini, adını soyadını, yaşayış yerini və sairəni qarşısındakı ağ kağıza yazırdı. Sorğu sual bitdikdən sonra polis başını qaldırıb onun üzünə baxaraq:

- Maddi dəlil. – Dedi.

- Anlamadım. – Deyə o cavab verdi.

- Maddi dəlili təhvil ver, yəni oğurladığın papağı.

- Hə, bu saat. – Deyib cibindəki papağı çıxarıb balaca dəlikdən polisə uzatdı.

Polis papağı ondan alıb balaca sellafon torbaya salıb yanındakı seyfə qoydu. Onu müşaiyyət edən polis qolundan tutaraq:

- Gedək, müstəntiq səni gözləyir. – Dedi.

Leytenant rütbəsində, 28 – 30 yaşlarında olan gənc müstəntiq ona oturmaq üçün yer göstərib, sorğu – suala başladı. Onun işlədiyi yeri, vəzifəsini eşidəndə müstəntiq təəCcüblə:

- Bu cür imkanların var niyə oğurluq edirsən? – Soruşdu.

O, başını aşağı salaraq, müstəntiqin sualına sükutla cavab verdi. Daha bir neçə sualdan sonra gənc leytenant ona olacaqları başa salmağa başladı:

- Əməkdaşlarımız papağını oğurladığın qadını axtarırlar və çox güman ki, tezliklə tapacaqlar. Qadın bölməyə dəvət olunacaq, sizinlə üzləşdiriləcək. Əgər qadın sizdən şikayətçi olmasa o zaman işin bir az yüngül olacaq. Ondan sonra iş bağlanaraq, prokurorluğa ordan da məhkəməyə göndəriləcək.

Qadının onunla üzləşəcəyini eşitdikdə onu soyuq tər basdı. Yalvarıcı nəzərlərlə müstəntiqə baxaraq:

- Yox, xahiş edirəm deyin qadının axtarışını dayandırsınlar. Ən ağır cəza nədirsə onu verin, amma qadını mənimlə üzləşdirməyin. – Dedi.

- Bu mümkün deyil, prosedur belədir. Zərərçəkmişin fikri mütləqdir.

- Çox xahiş edirəm cənab leytenant, bunu etməyin. – Deyərək, az qala yalvardı.

   Müstəntiq təəcüblə, biraz da əsəbi səslə:

- Qadının papağını oğurlayanda utanmırdın, indi üzünə baxmağa utanırsan. Belə utanırdınsa niyə oğurluq edirdin?! – Dedi.

 O, yenə gözlərini yerə dikərək, bir anlıq susdu və sakit səslə:

- Qadını axtarmağa ehtiyyac yoxdur. Mən onu tanıyıram. – Dedi.

- Başa düşmürəm, tanıdığın birindən niyə oğurluq edirsən axı?

- Mən oğurluq etməmişəm.

- Bura bax, mənimlə oyun oynama burda. – Deyə müstəntiq hirslə ayağa qalxıb, yumruqlarını stola dirədi.

- Qulaq asın mənə. Hər şeyi olduğu kimi danışacam bəlkə onda mənə haqq qazandırarsız.

Müstəntiq yenidən öz kreslosuna oturub, stolun üstündəki qələmi əlinə alıb oynada – oynada dilləndi:

- Yaxı, danış, səni dinləyirəm.

O, qalxıb stolun üstündəki qrafindən özünə su töküb, bir qurtum içdi. Dərindən nəfəs alaraq, sözə başladı:

- O qadın mənim sevdiyim qadındır. Adı Dünyadır. Beş il qabaq bir birimizi dəlilər kimi sevirdik, sonra həyat elə gətirdi ki, yollarımız ayrıldı. İndi evlidir, iki uşaq anasıdır, amma mən onu hələ də sevirəm.

- Bəs, bəs beş ildən sonra onun papağını oğurlamaq nəyinə lazımıydı?

Xirtdəyinə dirənmiş qəhəri bir qurtum suyla geri qaytararaq:

- Saçlarının qoxusunu özləmişdim. – Dedi.

Otağa ağır bir sükut çökdü. O, gözlərini yerə dikərək, dırnaqlarını didir, müstəntiqsə ona baxaraq nə deyəcəyini bilmirdi. Bir neçə dəqiqə sürən sükutu müstəntiq qarşısındakı telefon aparatının dəstəyini götürərək pozdu:

- Serjant, papağı gətirin bura.

Serjant əlində papaq içəri girəndə müstəntiq ayağa qalxıb üzünü pəncərəyə çevirərək:

- Papağı ver ona, özünü də sərbəst buraxın getsin. – Dedi.