Aleksandr Soljenitsın. Yalansız yaşamaq

Aleksandr Soljenitsın. Yalansız yaşamaq

Bütün bunlarda heç də "onlar” günahkar deyil, hər şeydə biz özümüz günahkarıq! Vaxt vardı cınqırımızı da çıxara bilmirdik. İndi artıq "samizdat” yazıb-oxuyuruq, institutların dəhlizlərinə yığışıb ürəyimizi boşaldırıq: "Gör nə oyundan çıxırlar, gör bizi hara sürükləyirlər?!”. Xarabalıq və yoxsulluq içində yerə-göyə sığmayan lovğalıq, vəhşi rejimlərin harda gəldi möhkəmləndirilməsi, vətəndaş müharibələrinin qızışdırılması… Kefləri istəsə, bizi öz əlimizlə (öz vəsaitimizlə) bəsləyib böyütdüyümüz Mao Tszedunun üstünə də göndərə bilərlər və gedərik — çarəmiz nədir? Kimi istəsələr həbs eləyirlər, sağ-salamat adamları dəlixanaya salırlar.

İstədikləri oyunu çıxarırlar, bizsə acizik, gücsüzük. Axırımız çatıb, mənəvi ölüm artıq bizi yaxalayıb və fiziki ölüm də qapımızın ağzını kəsdirib: özümüzü də, övlad-uşağımızı da külə döndərməyə hazırdır, bizsə əvvəlki kimi hürkək-hürkək qımışır və dodaqaltı mızıldanırıq: "Necə mane ola bilərik? Bizdə o zor hanı?”. Adamlığımızı o dərəcədə itirmişik ki, bütün prinsipləri, mənəviyyatımızı, ata-babalarımızın bütün elədiklərini, nəvələrimizin eləyə biləcəklərinin hamısını bir qarın çörəyə qurban veririk — təki köhnə nizam pozulmasın, vücudumuza xətər toxunmasın. Bizdə nə qətiyyət, nə qürur, nə də ürək yanğısı qalıb.

Biz bütün bəşəriyyətin axırına çıxa biləcək atom ölümündən və üçüncü dünya müharibəsindən də qorxmuruq (bəlkə dəlmə-deşikdə yer tapıb gizlənə bildik?); biz yalnız cəsarətli vətəndaş addımı atmaqdan qorxuruq. Təki sürüdən ayrılmayaq, təkbaşına bir addım atmayaq — birdən bir parça çörəyimizi itirərik, qazdan, isti sudan, Moskva qeydiyyatından əlimiz çıxar. Siyasi dərnəklərdə beynimizə möhkəm yeridiblər ki, ömür boyu sabit və rahat yaşamaq gərəkdir: mühitdən, sosial şəraitdən qaça bilməzsən, varlıq şüuru müəyyən eləyir, yəni bizlik bir iş yoxdur, biz heç nə eləyə bilmərik. Ancaq biz hər şey eləyə bilərik! Yalandan özümüzə toxtaqlıq veririk. Bütün bunlarda heç də "onlar” günahkar deyil, hər şeydə biz özümüz günahkarıq! Deyə bilərsiniz ki, axı həqiqətən, çıxış yolu yoxdur! Ağzımızı tıxayıblar, nə bizə qulaq asan var, nə bizdən söz soruşan. Onları necə məcbur eləyək ki, bizə qulaq assınlar?

Onları öz fikrindən döndərmək, doğrudan da, mümkün deyil. Yaxşı olar ki, onları yenidən seçək! Ancaq bizim ölkədə heç vaxt heç kəs yenidən seçilmir! Qərbdə adamlar tətillər, etiraz nümayişləri keçirirlər, ancaq biz o qədər başıqapazlı olmuşuq ki, belə şeylərdən qorxuruq: necə yəni işdən boyun qaçırasan, necə yəni küçələrə töküləsən? Müsibətlərlə dolu son əsr rus tarixinin dönə-dönə sınaqdan çıxardığı fəlakətli (üstəlik, həqiqətən də bizə xidmət eləməyən) yollarla getmək lazım deyil! Bir vaxt əkilən o toxumun boy verib artdığı indiki dövrdə terrorla, qanlı üsyan və vətəndaş müharibəsi ilə ölkəni ədalətli və xoşbəxt eləmək istəyən o özündənrazı cavanların necə azdıqlarını, nə boyda səhvə yol verdiklərini hamı aydın görür. Yox, sağ olun, maarifçi atalar! İndi görürük ki, çirkin metodlar çirkin də nəticələr doğurur. Qoy əllərimiz qana bulaşmasın! Bəlkə dairə qapanıb? Doğrudanmı çıxış yolu yoxdur? Bizə ancaq oturub gözləməkmi qalır? Birdən nəsə öz-özünə baş verdi?.. Lakin biz gecə-gündüz indiki yaşayışımızı tərifləyib daha da möhkəmləndirəcəyiksə, heç olmasa, onun ən yaralı yerindən (yalandan!) qaçmayacağıqsa, yalan heç vaxt öz-özünə bizdən əl çəkməyəcək. Zorakılıq adamların dinc həyatına soxulanda lovğa-lovğa, qırmızı-qırmızı bayraq qaldırır: "Mən zorakılığam! Dağılın, çəkilin — əzərəm!”. Ancaq zorakılıq tez qocalır, o, özünə uzun müddət güvənə bilmir, özünü yaşatmaqdan, yaxşı görünməkdən, gözə kül üfürməkdən ötrü əlüstü yalanı köməyə çağırır. Çünki zorakılıq yalandan başqa heç nəyin arxasında gizlənə bilmir, yalansa yalnız zorun hesabına yaşayır. Zorakılıq bizə qarşı çox vaxt açıq hücuma keçmir. O, bizdən yalnız yalana boyun əyməyi, hər gün ona şərik çıxmağı tələb edir — kölənin bütün sədaqəti də elə bundadır.

Azadlığa çıxmağın indiyəcən məhəl qoymadığımız ən adi, ən sadə açarı elə buradadır — şəxsən yalana qoşulmamaq! Qoy yalan dünyanı bürüsün, qoy yalan hamıya hakim kəsilsin, ancaq kiçicik bir şeydə möhkəm duraq — yalanın hakim kəsilməsində mənim əlim olmasın! Və bu, süstlüyümüzü azacıq da olsa aradan qaldıra bilər. Bizdən ötrü ən asanı — yalanı yoxa çıxarmağın ən sadə yolu da elə budur! Çünki adamlar yalandan iyrənib üz döndərəndə o, sadəcə olaraq, aradan çıxır. Yalan mikrob kimi ancaq adamlarda yaşaya bilir. Ortaya çıxan həqiqəti car çəkməyə, düşündüyümüzü ucadan deməyə yetişməmişik — lazım deyil, qorxuludur. Heç olmasa düşünmədiyimizi danışmaqdan əl çəkək! İçimizdə qat bağlamış mütiliyin fonunda yolumuz budur — ən rahat yol; Qandisayağı vətəndaş itaətsizliyinə (dilə gətirmək belə xatalıdır) baxanda ən asan yol. Düşünüb-daşınmaq, yalana qətiyyən qahmar çıxmamaq! Yalanın sərhədini (onu hərə bir cür görür) anlayıb o iltihab xəttindən geri çəkilmək gərəkdir! Yalana don geyindirməsək, onda onun necə tez və əngəlsiz yıxıldığına heyrətlənəcəyik; çılpaq yalanı çılpaq şəkildə də görəcəyik. Və nəhayət, itaətkarlığımızdan çıxış yolunu qoy hər kəs özü seçsin: ya bilə-bilə yalana nökərçilik eləsin (ah, şübhəsiz, öz kefindən ötrü yox, ailəsini dolandırmaqdan, balalarını yalana uyğunlaşdırmaqdan ötrü!), ya da müasirlərə, gələcək nəslə layiq adam olsun. Və həmin gündən o;

— daha bir kəlmə də yalan yazıb çap etdirməsin, yalana imza atmasın;

— yalan sözü nə camaat arasında, nə şəxsi söhbətlərdə, nə təbliğatçı, müəllim, tərbiyəçi, nə də teatr aktyoru kimi nə özündən desin, nə kağızdan oxusun;

— istər rəssamlığın, istər heykəltəraşlığın, istər fotonun, istərsə də musiqinin vasitəsilə heç bir uydurmaya həqiqət donu geyindirməsin;

— özünüsığorta üçün, öz müvəffəqiyyəti naminə "yuxarılar”dan şifahi və ya yazılı şəkildə yerinə düşməyən sitatlar gətirməsin;

— onu istəmədiyi nümayiş və mitinqə getməyə məcbur etməyə imkan verməsin; ürəyincə olmayan transparantı, şüarı əlinə alıb başı üzərinə qaldırmasın;

— könlüncə olmayan təklifin lehinə əl qaldırmasın, layiq bilmədiyi, yaxud şübhələndiyi adama (açıq və ya gizli) səs verməsin;

— saxtalığına əvvəlcədən əmin olduğu müzakirələrdən boyun qaçırsın;

— natiqin dilindən yalan, ideoloji cəfəngiyat, sürtük təbliğat, söhbət eşidən kimi yığıncağı, mühazirəni, tamaşanı, kinoseansı yarımçıq qoyub çıxsın;

— informasiyanı saxtalaşdıran, əsl faktları ört-basdır eləyən qəzet-jurnallara abunə yazılmasın, onları satışdan almasın.

Əlbəttə, biz yalandan uzaqlaşmağın vacib şərt və imkanlarının heç də hamısını sadalamadıq. Təmizlənməyə başlayan — baxışları aydınlaşıb durulan hər kəs başqa imkanları asanca seçə bilər. Bəli, ilk vaxtlar çətin olacaq. Kimsə bir müddət işdən qovulacaq. Doğru-düzgün yaşamaq istəyən cavanların həyatı ilk vaxtlar lap qəlizləşəcək, axı onların oxuyub cavab aradıqları dərsliklər yalanla doludur — onları da ələyib-seçmək gərəkdir. Amma namuslu olmaq istəyən heç bir vaxt, hətta qorxusuz-hürküsüz texniki elmlərdə belə həqiqətə və ya yalana, mənəvi müstəqilliyə və ya mənəvi nökərçiliyə tərəf addım atarkən sadaladığım şərtləri pozmasa, özünü aldada bilməz. Öz ruhunu qorumağa təpəri çatmayan adam qoy qabaqcıl baxışları ilə öyünməsin, akademik və ya xalq artisti, əməkdar xadim və ya general olması ilə lovğalanmasın, qoy öz-özünə beləcə də desin: mən qoyunam və qorxağam, təki qarnım tox, başım salamat olsun. Bütün müqavimət yollarının ən sadəsi olan bu yol bizim üçün asan keçməyəcək. Ancaq özünü yandırmaqdan və aclıq keçirməkdən də ağır olmayacaq: alov bədənini sarmayacaq, isti gözlərini qarsalamayacaq və ailən üçün heç olmasa qara çörək, içməli su tapılacaq. Bizim xəyanət etdiyimiz, aldatdığımız böyük Avropa xalqı — çexlər, slovaklar ləyaqətli ürək gəzdirən arxasız-köməksiz sinəni tank qabağına vermək örnəyini göstərmədimi? Deyirsiniz, çətin yoldur? Çətin yoldur. Ancaq mümkün yolların ən asanıdır. Can üçün çətin olsa da, ruh üçün yeganə yoldur. Çətin yoldur, ancaq artıq bizdə adamlar var ki (hətta belə adamlar onlarcadır), neçə illərdir bu şərtlərə əməl eləyir, yolun çətinliyinə qatlaşır, həqiqətlə nəfəs alırlar. Və beləliklə, bu yolla biz birinci getmirik, gedənlərə qoşuluruq! Sıralarımız nə qədər mehriban və sıx olsa, yolumuz o qədər asan və qısa olar. Biz minlərcə olsaq, heç birimizə heç nə eləyə bilməyəcəklər. On minlərcə olsaq, ölkəni tanınmaz dərəcədə dəyişə bilərik! Qorxaqlıq eləsək, onda kiminsə bizə aman vermədiyindən gileylənməyək — özümüzə aman verməyən elə biz özümüzük! Bəlkə hələ dözək, gözləyək ki, vaxt gəlsin, bioloq qardaşlarımız bizim fikirlərimizi oxumaq və genlərimizi dəyişdirmək məsələsini tezləşdirsinlər?.. Əgər bunda da qorxaqlıq eləsək, onda biz rəzilik, yararsızıq və Puşkinin nifrətinə layiqik:

Azadlıq sürünün nəyinə gərək?
Nəsildən-nəsilə onun qisməti
Noxtadır, qamçıdır, bir də dəyənək.