O, muğam oxumur...

O, muğam oxumur...

Alim Qasımovun bir konserti barədə...

Alimin bir Təbriz konserti var. YUNESKO mükafatını alandan sonra verib bu konserti. Audiokasetinə qulaq asmışam. Muğam ola, Təbriz ola, üstəlik belə nüfuzlu bir mükafatı qazanmış azəri oğlu ola… Görün camaat hansı həyəcanla dinləyəcək bu konserti. Bəs Alim nə edir? Hansı fərqli təqdimatla öz qan qardaşlarının qarşısına çıxır, onlara nə demək istəyir. Axı Təbriz də Qarabağ kimi azman sənətkarlar görüb, misli-bərabəri olmayan səslər, ifalar eşidib. Burada necə seçilməli? Əlbəttə, Alim ən azı oxu tərzinə görə təbrizlilərin qarşısında aciz qalmazdı. Ancaq bununla razılaşmır. Konserti üçün orijinal təqdimat tapır; yastı balaban az qala eşidilməyəcək bir tərzdə «Vağzalı»nın incə melodiyalarını sağa-sola qanadlandırır. Sonra Alimin, «ipə-sapa» yatmayan dərvişanə harayı eşidilir:

Sənə qurban olum Təbrizin yolu… 

Bundan sonra şübhəsiz ki, alqışlar tufan kimi baş qaldırır. Onun səsini batırır, oxumasına imkan vermir. Alim bircə misra ilə zalın «anasını ağladır», onu tamamilə tərksilah edir, səsinin, avazının əsirinə çevirir. Alim oxuyur! Əslində oxumur, zərrə-zərrə, qətrə-qətrə səsə çevrilib göylərin əlçatmaz, ünyetməz ənginliklərinə çəkilir. 

…Bir dəfə qızı televiziyada müsahibə verirdi. Dedi ki, konsertlərin birində Alim necə oxudusa, qeyri-ixtiyari çevrilib onun sifətinə, cılız bədəninə baxdım. Mənə elə gəldi ki, bu oxunuşdan sonra onun qayıdıb təzədən insan olması mümükün deyil. Bu saat səsə çevrilib uçacaq Alim. Elə bil sonuncu dəfə oxuyurdu… 

Belə romantik və «ayağı yerə dəyməyən» mülahizələri o qədər sevməsəm də Fərqanə xanımın dediklərinə inandım. 

Təbriz konserti Alimin daha bir xüsusiyyətini açdı mənim üçün; o, özünü təqdim etməyin ustasıdır!

Buna qədər bilirdim ki, Alim ritmi fantastik dərəcədə gözəl bilir, klassik şeiriyyəti heyrətamiz dərəcədə dəqiq duyur və anlayır… Və ən maraqlısı, Alim muğam oxumur. Alim muğam üzərində öz aləmini oxuyur və bəzən bu ifa muğamdan daha çox mərsiyəyə, dərviş musiqisinə, ilahilərə, meyxanaya, caza, bəhri-təvilə və s. bənzəyir. 

Başqa bir konsertində bir sirrinin də üstünü açmaq müyəssər oldu mənə; Alim Füzulinin qəzəllərindən bir beyti «Baş dubeyti» (saz havası) üstündə oxudu. Yəqin bunu eşidən aşıqlar əməlli başlı çaşacaqlar. Günahları yoxdur. Bu yerdə çaşmaqdan başqa əlimizdən nə gəlir ki…

***

Heydər Əliyev sarayında keçirilən həmin konsertdə səhnənin dekorasiyası da əla idi. Fonda qöfsvari səma, ulduzlar, qarşıda səhnə, səhnənin qarşısında səmanın simmetiryasını tamamlayan müstəvi – yaşıl rəngdə… Bu müstəvi həm də tamaşaçılarla Alimi biri-birindən ayırırdı. Alimə əl çatmırdı. Hətta gül vermək də mümkün deyildi. Sarayın enli səhnəsinin qarşısında boş qalan döşəməyə isə işıqlar döşənmişdi. Sanki Alim hələ oxumamış, ulduzlar göy üzündən qopub yerə səpələnmişdi və yerbəyerdən parıldayaraq bu böyük insanı alqışlayırdı. Zaldan baxanda Alim, qızı və onları müşayiət edən ansambl kosmosa səyahətə çıxan bir heyəti xatırladırdı və həqiqətən də bu adamlar bütöv zalı da səmaya, ulduzların yanına qaldırmağı bacarırdı. Sükan isə təbii, Alimin əlində idi. Bəzən o, qavalını yerə qoyub, «nəhəng peyki» idarə etməyi qızına həvalə edirdi. Ancaq balaca bir büdrəmə kifayət idi ki, yenə də əlini qulağının dibinə atıb «peykin» ehtiyat səs potensialını işə salsın. Amma hələ buna çox var idi. Hələ Alim səhnəyə gəlməmişdi.

***

Əvvəlcə ansambl göründü. Səhnə qaranlıq olsa da… Bir az balaban ifa etdi, bir az tar, bir az kaman, bir az da zərb alətləri… Növbə ilə… Hər ifa zamanı işıq çevrəsi həmin ifaçının üzərinə düşdü. Sonra işıq söndü və qeybdən Alim Qasımovun səsi eşidildi:

Gördüm ol xurşidi-hüsnün, ixtiyarım qalmadı
Sayətək bir yerdə durmağa qərarım qalmadı…

Sonra qızı oxudu. O da qeybdən!
Ardınca Alimin demək istədiyi:

…Şükür ki, məqsudə yetdim, intizarım qalmadı.

Füzulidə daha dərin mənalarda gəzişən bu misra Alimin konserti üçün bir şükranlıq duası kimi səsləndi. Şükür ki, məqsudə yetdim… Şükür ki, sizrlərlə görüşmək yenidən qismət oldu mənə. Sonra «Leli və Məcnun» operasından məlum və məşhur hissə. Xorla:

Ah eylədiyimi sərvi-xuramanın üçündür
Qan ağladığım qönçeyi-xəndanın üçündür…

…və məlum-məşhur səhnə:

Alim bir, Fərqanə xanım o biri tərəfdən oxuya-oxuya biri-birinə yaxınlaşdılar. Təbii ki, işığın müşayiəti ilə. Onlar səhnənin ortasına çatanda səhnənin bütün işıqları yandı və zal Alim Qasımovu da, Fərqanə xanımı da alqışlamağa başladı. 

***

Konsert bir sıra özəl cəhətlərinə görə diqqəti cəlb etdi. Əvvəla, zərb alətlərində ifa olunan nömrələr muğam dinləyiciləri üçün olduqca orijinal idi. Alim əruzun «bir qatar fil çəkə bilməyən» vəzni ilə çulğaşmış, ağır, sanballı və çətin muğamları bu ritmin köməyi ilə qədimliyin, köhnəliyin pəncəsindən xilas edib, «ionika» zamanının tamaşaçısına «yedirdə» bilirdi. Onu yorulmağa, usanmağa, qəliz izafətlərin, simvolların anlaşılmaz labirintində azıb qalmağa qoymurdu. Xalq mahnıları və təsniflərin əksəriyyəti, müasir dillə desək, yeni aranjimanda təqdim olunurdu. Asanca hiss edilirdi ki, bu ifalar üçün həddən çox məşqlər olub, həddən çox zəhmət çəkilib. İndi həmin zəhmətin bəhrə məqamı idi. Tamaşaçı alqışı bayram xüşgəvəri kimi yağırdı səhnənin üstünə.

***

Birinci hissədə ifaçı, belə demək mümkünsə, özünü çox çətinə salmadı. Peşəkar futbolçular heç vaxt 90 dəqiqə limitini unutmadığı kimi Alim də yaxşı başa düşürdü ki, hələ «özünü göstərmək» vaxtı deyil. Hətta, fatihəsini verdiyi klassik muğamdan da bir-iki ağız oxudu; Mütəllim Mütəllimov-Səməd Vurğun yaradıcılığı…

Hər bağın, hər bağçanın, bir bülbülü-şeydası var…

Daha sonra Yaqub Məmmədov-Əliağa Vahid sənəti…

Amma heç nə elan etmədi, ad çəkmədi. Sadəcə, «bizə bu sənəti miras qoyan» ustadlara Allahdan rəhmət dilədi.

İkinci hissə tamam başqa enerji, tamam başqa ab-hava ilə start götürdü. Arada ənənəsinə uyğun olaraq aşıq şeirinə də müraciət etdi. Abbas Tufarqanlıdan bir təcnis… Yeri gəlmişkən qeyd edim ki, muğam ifaçıları arasında bu ənənəyə də ilk dəfə Alim Qasımovda rast gəlmişəm. Qoşma, təcnis, gəraylı oxuyan muğam ifaçılarımız olub. Ancaq çox zaman bu şeirlər olduqca bayağı, regional, sənətə dəxli olmayan nümunələr olub. Alim isə bayatını, qoşmanı, təcnisi elə seçib ki, şəxsən məni heyrət içində buraxıb. Bəzən düşünmüşəm ki, bu adamın şeir seçməyinə kömək edən kimsə var. Çünki musiqi duyumu ilə yanaşı şeir zövqünün bu qədər yüksək olması hər kəsə qismət olmur. Hətta Azərbaycanda şeirlə ömür sürən, ev-maşın alan, oğul evləndirən, qız köçürən, dünyanı gəzən onlarla şair var ki, Alimin dırnağı qədər klassik ənənələrin nə olduğunu anlamır, bilmir. Kimin ağlına gələr ki, hansısa muğam ifaçısı «Əsli və Kərəm» dastanının ən eqzotik bir qoşmasını tapıb-çıxara bilər.

Mən Kərəməm Gəncə mənim bağlarım
Duman gəldi çisgin aldı dağlarım…
Yaxud, çoxuna adi görünə biləcək bir folklor nümunəsi:

…Şirvan yolu lil bağlar
Dəstə-dəstə gül bağlır…

***

Alim konsertində Füzulinin məşhur qəzəllərindən birini də meyxana üstündə oxudu. Ancaq onun oxuduqları sırf muğam olmadığı kimi, sırf meyxana da deyildi. Məncə, Alimin nə oxuduğu barədə düşünmək və onun adını tapmaq lazımdır. Əgər söhbət səhnədə improvizə etməkdən və eksperiment aparmaqdan gedirsə bu keyfiyyət etibarı ilə məsələn, Vaqif Mustafazadəyə daha yaxındır, nəinki Canəli Əkbərova. Axı muğam bəlli bir qəlibdir və ənənəvi ifaçılar hələ qavalı əlinə alıb boğazını arıtlamamış necə oxuyacaqlarını bilirlər. Sadəcə bu qəliblər içərisində kim nə qədər özüdür məsələsi var. Alim, obrazlı desək, artıq əzbər bildiyi, hər ilməsini, hər naxışını yaxşıca araşdırdığı tarixi abidələrə qırıcı təyyarə pilotu kimi baxır. Yeri gələndə «uf» demədən bombardman etməyi bacarır.

O, yırtıcı ifaçıdır, ciyərlidir. Alimin eksperimentini yarımçıq kəsib onu özündən deyən bir səs sahibinə həvalə etsək qorxudan ürəyi partlayar yəqin ki… Efirdə Alim oxuyur, evdə yorğana bükülüb qulaq asan hansısa xalq artistinin dizləri əsir. Alim heç bir «qəzadan» qorxmur, «filankəs məni qınayar» tənbehindən ehtiyat etmir. Çünki onun ifası müqabilində böyük bir təmənnası yoxdur. O, ona görə oxuyur ki, oxumaya bilmir, o, ona görə böyükdür ki, böyük olmaya bilmir. Bu Tanrının iradəsidir və təsadüfi deyil ki, konsert boyu yerbəyerdən ağlaya-ağlaya qışqıranlar vardı: «Allah səni Azərbaycana çox görməsin!». O da təsadüfi deyil ki, konsertin qurtarmasına baxmayaraq Alimi nə az, nə çox, düz 3 dəfə səhnəyə qaytardılar. Camaat o ucalıqdan enib, yaşadıqları qayğılarla dolu dünyaya qayıtmaq istəmirdi. Hər kəsin ruhu qanadlanmışdı. Hamı bərabər idi Alimin hüzurunda və əzəmətli dağın yanında insan nə qədər xırda olduğunu anladığı kimi, adamlar nəhəngliyin fərqində idilər artıq. Tərs kimi Alimə gül vermək də mümkün deyildi. Sənət adamlarından biri (gərək ki, Flora Kərimova idi) əlindəki buketi tolazladı Alimə tərəf…

Jurnalist dostlarımdan biri isə öz kiçik oğlu ilə gəlmişdi. Səbəbini belə izah etdi: «Dedim birdən uşaq elə bilər ki, Elarizlə Nadir Qafarzadədən başqa oxuyanımız yoxdu».

Hamı dolmuşdu. Həm də hamı bir az qəzəbli idi deyəsən: «Biz çox şeyə qadirik axı…».

Şərif Ağayar
Qaynar.info