Aliyə. İTV və Təhminə

Aliyə. İTV və Təhminə

«Tələsmə Zaur, tələsmə…», arvad-uşaq baxır…

İTV-nin səyyar kameraları yorulub əldən düşəndə bu ailə kanalı (İroniya yersizdir. Son zamanlar idarəetmə pultumuz ANS-dənsə, ATV-dənsə, «Lider»dənsə, İTV-nin üzərində dayanır) milli kinofilmlərimizi nümayiş etdirir. Çox əcəb. Pis-yaxşı, azəri tamaşaçısı milli filmlərə laqeyd deyil və həmişə baxmaq istəyir. İTV-nin də hədəfi azəri tamaşaçısıdır. Bütün mənəvi-ictimai-mental dəyərləri ilə birgə. Amması isə odur ki, İTV milli filmlərimizi belə öz bildiyi kimi «redaktə» edir. Qayçılanan məqamlarsa «mentalitetimizə zidd» olan epizodlardır. Bura sevişmə və yataq səhnələri (onlarsa bizim kinomuzda barmaqla sayılacaq qədərdir), əks cinslərin təmas məqamları və söyüşlərdir. Bunlar qayçılananda o, tərtəmiz bir material olur ki, ailə - ata, ana, oğul, uşaq oturub filmə baxa və utanmaya bilsinlər.

Rasim Ocaqovun «Təhminə və Zaur» filmini nümayiş etdirən İTV məşhur və bir az da gülməli yataq epizodunu və filmin ən koloritli məqamlarından olan Zaurun anasının Təhminəni telefonda söydüyü yeri, Təhminənin doğa bilmədiyini dediyi yeri «mentalitetimizdən» uzaq hesab edib çıxarır. Eyni əhvalat Hüseyn Mehdiyevin «Məkanın melodiyası» filminin başına gəlir. Filmdəki öpüş səhnələri çıxarılır. Doğranmış lentlərinə baxanda müəlliflərin vəziyyətini anlamaq olur.
Məsələnin iki tərəfi var. Bir tərəfində müəllif dayanıb. Bəndənizin də başına belə əhvalatlar gəldiyindən onu yaxşı başa düşür. Çalışdığım müstəqil qəzetlərdən birində ünlü bir redaktor yazdığım köşədən redaktə adı ilə iri-iri abzasları çıxardığı bir yana, ora öz fikirlərini əlavə etmişdi. Mənə isə, «axı mən belə fikirləşmirəm» deyə özümü öldürmək qalmışdı…

Məsələ orasındadır ki, bizdə opponentinin fikrini qəbul etmək mədəniyyəti, alternativ fikri dinləmək etikası oturuşmayıb. Özünün haqlı olduğunu düşünən adamlar öz mövqeyi, fikirləri aspektindən başqalarına hökm verir.  Belə adamlardan despot düşüncə diktaturası, avtoritar hakimiyyət qoxusu gəlir.

Adamlar «kim düzdür?» fikrilə bir-birini yeyib tökür, oysa hər kəsin fikri subyektivdir və özünə aiddir. Subyektiv həqiqətlər də mütləq həqiqətlər kimi həqiqətdir. «Mən belə fikirləşirəm» fikri məsələ barədə hökm verməyə haqq vermir. Yəni filmdə biri hansısa məqamı gərəksiz, digəri gərəkli hesab edə bilər və onların hər ikisi haqqlı olar. Kənardan da kimsə biri ilə, kimsə digəri ilə razılaşa bilər. Bu, bir etikadır və sivil dünyada mübahisə predmetidir, münaqişə deyil.

Məsələnin ikinci tərəfi tamaşaçı, oxucudur. Ona alternativ seçim imkanı vermək lazımdır. Əgər İTV özünü ailə kanalı kimi görürsə, daha filmlərin baş-ayaq doğramaq nə üçün? Sadəcə bu filmi verməyə bilər. Başqasının əsərinə müdaxilə etmək ən azı etikadan kənardır. Təsəvvür edin, əgər müəllifin qəhrəmanı hansısa bir hadisədən sonra söyüş söyərdisə, kanalın «xidmətləri» sayəsində növbəti kadrda şaqqanaq çəkib gülür. Absurddur…

Mentalitetə gəlincə, ədəbli, müsbət sovet qəhşrəmanın davranışından fərqli olaraq, söyüş də, erotika da estetika aktıdır. Əlbəttə, baxır motivlərə… Zatən bu kanallardan bundan artığını gözləməyə dəyməz. Əgər incəsənət universitetinin müəllimi də Lars fon Trierin seks səhnələrilə bol filmlərinə tələbələri ilə birgə baxmaqdan utanırsa…