Aliyə.  Telekrizis

Aliyə. Telekrizis

Və ya kiçik hərflərlə xəbər siyasəti

Dünyanın kiçilib əl boyda telefona, kitab içi boyda monitora yerləşdiyi bir zamanda adamlar nəinki mahiyyətini dəyişməyib, hətta daha artıq hövsələsiz olub - daha çox darıxmağa başlayıblar, əylənmək, əylənmək istəyirlər. Xəbərlər proqramının içini dolduran şok qara xəbərlər - terrorlar, zəlzələlər, təbii fəlakətlər, müharibələr, insan qırğınları bir-birinin ardınca oxunur, süjetlər göstərilir və bütün bunlar məsafə uzaqlığı ilə tamaşaçıları laqeyd bir keylikdə saxlayır. Adamların bunları eşidəndə tükü belə tərpənmir. Onlar indinin, buradanın rahatlığına bürünürlər, əylənmək istəyirlər. Pultun düymələrini qurdalayıb kanalları dəyişirlər.

Kanallar müxtəlifdir, amma hamısını bir cəhət birləşdirir, necə olursa-olsun, əsl həqiqəti çatdırmamaq, əslində hamının bildiyi həqiqətləri ucadan söyləməmək, onları unutdurmaq üçün, başqa cəfəngiyyatlar danışmaq. Qısası onlar ona görə belə küylə, aravermədən və çox danışırlar ki, sükut anlarında nə barədə susduğumuz xatırlanmasın. Bunun üçün cürbəcür qeybətlər, uzaqdan gələn qara xəbərlər, (bunun özü bir ekzotikaya çevrilib), yarımhəqiqətlər (cəhənnəmə ki!), oyunbazlıqlar (əlacsızlıqdan müğənnilərin qarderoblarını belə eşələməkdən çəkinmirlər) gərək olur. Bizsə əllərimizdə pult hər kanalın özünü hansı kola vurduğuna baxır, bununla əylənirik.

Əylənmək bir oyun təklifilə başlayır. Hətta xəbərlər proqramı belə oyun, dramaturgiya istəyir. Biz keyfiyyətli, zövqlü dramaturgiya istəyirik (ekrandan həqiqət uman sadəlövh tamaşaçılar istisnadır). Ekranlarımızda bayağı teleoyunbazlıqsa baş alıb gedir. Və bu oyunbazlıq, kəndirbazlıq içində hər telekanalın öz sifəti görünür. Bunu estetika və ya üslub adlandırmayın, lütfən. Bu, bir kanalın həqiqəti qoyub onun yerinə başqa şeyi danışmaq üçün seçdiyi yoldur. Və xüsusi bacarıq filan da deyil.

«ANS kompleksi»

İlk xatırlanmalı olan ANS-dir. Çünki həqiqət carçısı kimi gərəksiz bir missiyanı guya o, çiyinlərinə götürdü. Başladı ki, «hər şeyin düzünü ANS bilir». Nə bilim nə. Sonra da həmkarım İntiqam demişkən, hər şeyin düzünü ANS-ə dedilər. Və nədənsə, yenə də köhnə həqiqət carçısı imicindən əl çəkmək istəmədi. Bu bir kompleksdir. Bu «həqiqət demək kompleksi»ndən qurtulmağın yolu bir başqa həqiqəti - təsəllini dərk etməkdir: ümumiyyətlə, televiziya niyə həqiqəti deməlidir ki? Niyə evdə oturan, çay içib, ayaqların aşıran tamaşaçı havayı pirvayı həqiqət eşitməlidir? Ümumiyyətlə, həqiqət onun nəyinə lazımdır? Və nəhayət o həqiqət nədir? Reallıqdırsa, o, bunu görür bilir və içindədir. Və o, bu acı zəhrimar həqiqətləri istəmirsə, niyə dərman kimi onun boğazına tökməlisən? Məncə ANS üçün bu doza kifayət edər. Əlbəttə, o, müalicə kursuna razılaşsa…

Qaldı üsluba… Bəli, ANS üçün bunu demək olar. Çünki «cavanlığında», daha doğrusu uşaqlıq etdiyi vaxtlarda, ANS teleməkanda öz «sözbazlığı», yəni söz oyunları ilə tək idi. Bu orijinallığın hesabına çox böyük hörmət qazanmışdı. Hətta adamlar bir-birini ANS-lə hədələməyə başlamışdılar. Bu orijinallığın içində əlbəttə, istedad var idi. Amma həqiqət də var idi. İstedad ədviyyat qismində idi, həqiqət yemək. Amma yemək dozası azaldıqca, ədviyyat heç kimə gərək olmadı, get-gedə Mirşahinin tok şouları, verilişləri, süjetləri, Orxan Fikrətoğlunun «Zorxana» köşələri ürək bulandırmağa başladı, necə ki, yavan ədviyyatı yemək mümkün olmur. Amma boş qazanlarda su qaynadan kasıb, amma lovğa arvadlar sayaq ANS özünü qaynar qazan kimi göstərdi. Hərçənd, son vaxtlar hər şey yerini alıb.. Xüsusi olaraq ağıllı adamlar üçün proqramlar yaranıb. Elə müəlliflərdən Orxan Fikrətoğlu da verilişini tapıb - «Gərək qala».

Kanallar kanalı - Space

Qətiyyən ironiya axtarmayın. «Gərək qala» dedim, Ən sevimli kanalım Space ən sevimli verilişimlə xatırlandı - «Kiçik qala - 84». Space zövq almaq istəyənlərin kanalıdır, zövq əhli olanların. Əgər bir adam «Kiçik qala»dan zövq aparmırsa, səhər verilişindəki tipajları seyr etməkdən xoşlanmırsa, Spaceçilərin hardansa tapıb çıxardığı verilişlərdə sırayla düzüb sərgilədiyi əcaib müğənniləri, tipajları sevmirsə, kanalın milli absurd komediya janrındakı «dünyadan bizə nə» məntiqilə mikromühit xoşbəxtliyinə dalan, «ay bərəkallah nə gözəl canlarız»konsepsiyası ilə təqdim olunan əksər verilişlərini bəyənmirsə, o, zövqdən məhrum, yumordan kasıb, istedadsız və mənasızdır.

Axı şənbə-bazar günləri təqdim olunan, yubiley tortu kəsməklə bitən, adını bilmədiyim verilişdəki insanları necə sevməmək olar?

Qaldı Space-nin xəbərlər verilişlərinə, AzTv-dən qalma «dünyadan bizə nə», mikromühit arxayınlığı yaratmaq kimi cüzi duyulan konsepsiya hiss olunur. Bu proqram haqda bundan artığını demək olmur. Sanki xəbərlər proqramı Space-in arzuolunmaz, məcburi, canqurtarmaq mümkün olmayan öhdəliyidir. Getdimi? Getdi. Bitdimi? Bitdi.

Yeri gəlmişkən, ən mənasız verilişsə nədənsə, reklam çox yığan, şit müğənnilərin verdiyi maraqlı materiallara baxmayaraq ortaya istedadsızca yavan süjetlər çıxaran «Space-bazar»dır. Sanki bu da Xəbərlər kimi Space-in məcburi öhdəliyidir. Amma heyf, bu müğənni qeybətlərinin özündə kalan dramaturgiya var idi. Nə isə…

Əsas odur ki, özünü xoşbəxt hiss edəsən. Adı Space olan amma Azərbaycan boyda absurd xoşbəxtliyi bizə təqdim edən kanala bu bir neçə əsas verilişinə görə tamaşaçı kimi bəri başdan səmimi, ürəkdən gələn təşəkkürümü bildirirəm.

«Lider»lərin kanalı

Bu kanalın xəbər proqramlarından nə danışmaq olar? Məzmuna, konsepsiyaya baxanda ona nə heyrətlənir, nə əsəbləşir, nə əylənirsən. Son vaxtlar yeganə riqqətləndiyim məqam «sitatın sonu» rubrikasından sonra aparıcı xanımın xəbərləri davam etdirərkən azacıq utanması oldu. Yaşamağa dəyər. Nə deyirsiz?

Xəzərin sahilində...

Xəzər TV-nin türk kanallarından çırpışdırdığı bayağı alınan priyomu yeni teleestetika filan deyil. Süjetlər nə qədər montaj təqdimatlardan bolsa, bir o qədər tutumsuzdur. İnformasiyalar kütləyə bəsit və kütlə səviyyəli bayağı, əttökən şərhlərlə təqdim olunur. Yəni, Xəzər TV xəbərlərin ətraflı təqdimatında əvvəllər tutduğu ətraflılıq pozisiyasını ucuzlaşdırıb, zəvzək xəbərçi səviyyəsinə endirib. Süjetlərin ardından aparıcı da komentariya atır- yenə kütlə məntiqi, bəsit düşüncə ilə. Məsələn, bir müddət əvvəl atılmış bir uşaqdan bəhs edən süjet verirdilər. Ana uşağı tək buraxıb uzaqlaşmışdı. Adətlərinə uyğun süjetin gözünə bir qədər sentimentallıq və göz yaşı qatıb (sanki yeniyetmələr xatirə dəftərlərinin səhifələrinin kənarlarına yaralı ürək, axan göz yaşları rəsmi çəkirlər) təqdim edirlər. Əmindilər ki, seyrçilərdən qadınların yetmiş faizi baxıb dolacaq, bir qismi də yağlı ətə bulanmış əllərini (!) önlüyünə silə-silə «yerə girsin o ananı» deyib məzəmmətləyəcək. Aparıcı da elə onlara qoşulub süjetin ardından belə atmaca atır - «bilmirəm, belələrinə necə ana demək olar». Əlbəttə ki, məsələnin sosial-psixoloji-iqtisadi səbəbləri bir qıraqda qalır. Yəni ananın gül üzlü körpəni atacaq qədər böyük səbəbləri heç xatırlanmır da. Qeybətvari yekundan sonra mütləqa ürəkaçan əcaib süjetlərlə genetikanın çoxdan aşkarlayıb keçdiyi faktlarla tamaşaçıları rövnəqləndirirlər - üçayaqlı buzov doğulub. Nə bilim, inək dilə gəlib. Hər xəbərin bir səbəbi var. Bunlar cəfəng xəbərlər olsa da, vermək səbəbsiz deyil əsla. Xəzər xəbər nə etdiyini bilir.

Qaldı aparıcının intonasiya və anons tonlarına… Bu da təzə deyil. Türk kanallarında eşitdiklərimizin suyunun suyudur…

Gülüstani-İrəm

Belə çıxır ki, kanalların xəbərçiləri hələ də kəndi bir-birinə vurub qeybətvari xəbərləri böyük informasiyalara qatan, balağı əlində bir qarı obrazındadı. Yalnız gülüstan kanalımız AzTv peşəkarlığı və xəbərlərinin ciddiliyi, ağırlığı ilə bu proqramın nüfuzunu saxlayır. Hansısa telelətifədə deyildiyi kimi, «ən axımlı kanal» da məhz AzTvdir.

Əcaib əhvalatlar

Bunları ANS-də Turanın «Günəbaxan» verilişində, ATV-də Xoşqədəm Hidayətqızının «Sən tək deyilsən» layihəsində görmək olur. Reallıq bunlardır. Min xəbər verilişinə dəyər. Reallıq odur ki, gənc, sağlam oğlanı - kişini (!) nişanlısının yanında camaatdan toy pulu istəyəcək, bu əsnada girdə-girdə göz yaşları tökəcək səviyyədə göstərmək istəyirlər («Günəbaxan»). Reallıq odur ki, əyalətlərdə qadınların əzilməsi bir sosial fəlakət halına gəlmədədir («Sən tək deyilsən» -ATV). Reallıq odur ki, bu cür ciddi problemlərə müğənnilər şərh verdiyi telekanallarımız var. Reallıq odur ki, biz hələ də böyük mənada, böyük müstəvidə televiziya deyilənin əhəmiyyətini dərk etməmişik. Ona görə də kanallarımız hələ də ən baxımlı kanal, pardon, ən axımlı kanal olmaq arzusundadırlar. Heyf. Heyf ki, o çəkilməkdə olan bir filmin ssenari süjetindəki kimi hər kəsi görən bir teyf - ruh ola bilmədi. Niyə heyif? Bəlkə elə belə yaxşıdı?