Alman rəssamından qeyri-adi addım

Alman rəssamından qeyri-adi addım

Müharibədən sonrakı Almaniyanın ən böyük rəssamlarından biri olan Anselm Kifer (Kiefer) ölkənin qərbindəki Atom Elektrik Stansiyasını almaq istədiyini bildirib.

“Reuters”in verdiyi xəbərə görə, bu stansiya 1988-ci ilədən bəri işləmir.

Rəssam “Spiegel”ə verdiyi müsahibəsində zavodu öz məbədi adlandırırb və qeyd edib ki, AES-lər onu cəlb edir, çünki bu stansiyalar “enerji istehsalı üzrə ən fantastik formalardan” biridir.

Bütün yaradıcılığını Almaniyanın tarixi üzərində quran Kifer onu da bildirib ki, bu addımı ilə bu tarixin bir parçasını qorumaq istəyir. Onun fikrincə, almanlar öz tarixlərindən tez və həvəslə imtina edirlər.

Kifer deyib ki, artıq RWE elektrik enerjisi şirkətinin rəhbərinə məktub ünvanlayıb və ümid etdiyini bildirib ki, ona heç olamsa, AES-in soyuducu qülləsini verəcəklər.

Hazırda rəssam özü stansiyanı art-studiyaya çevirməyin detalları üzərində düşünür: “Hələ bilmirəm orada nə edəcəyəm, amma bir şey dəqiqdir ki, divarlara inək və bulud şəkilləri çəkməyə hazırlaşmıram”.

Öz növbəsində şirkət hələlik stansiyanın bir hissəsinin Kiferə satılması barədə qərar qəbul etməyib və ola bilsin, sövdələşmə gələn il baş tutacaq.

Anselm Kifer 1945-ci ildə Qərbi Almaniyada doğulub. Karlsrue Akademiyasını bitirib. Yaradıcılığında daha çox faşizm və Holokost mövzusuna, eyni zamanda mifoloji mövzulara toxunur.  Onun əsərləri dünyanın bir çox muzeylərində, o cümlədən, Luvrda saxlanılır.