Andrey Astvasaturov. Ceffri və Snejanna (Ön söz yerinə)

Andrey Astvasaturov. Ceffri və Snejanna (Ön söz yerinə)

Yazıçı və ədəbiyyatşünas. 1969-cu ildə doğulub. Ədəbiyyatşünas, akademik V.M.Jirmunskinin nəvəsi, ədəbiyyatşünas A.Q.Astvasaturovun oğludur. 1991-ci ildə "Ceyms Coysun "Uliss” romanında mif və həqiqət” mövzusunda dissertasiya müdafiə edib. Modernist ədəbiyyat araşdırmaçısıdır. Xüsusən Eliotun yaradıcılığı haqda məqalələri məşhurdur. "Çılpaq geyimli adamlar”, "Skunskamera”, "Ciblərdəki payız”, "Qutanlara toxunmayın və yem verməyin” kitablarının müəllifidir.

"Ciblərdəki payız” hekayələr romanından bir parçanı təqdim edirik:


Ceffri və Snejanna

(Ön söz yerinə)

Dünən elektron poçtuma baxanda məktub gəldiyini gördüm:

"Andrey, salam!

Sizinlə tanış deyilik, kitablarınızı da oxumamışam, amma haqqınızda çox eşitmişəm. İstəyirəm bekarçılıqdan yazdığım erotik romanımı oxuyasınız. Roman "Qızmar günorta” adlanır. Fikrinizi öyrənmək istəyirəm, nə qədər tez yazsanız, bir o qədər yaxşı olar (gözləməyi xoşlamıram). Bir də romanı yaxın vaxtlarda yaxşı nəşriyyatlardan birində çap etdirməyinizi istəyərdim, əlaqələriniz olduğunu bilirəm.
Ən xoş arzularla,
İnnokentiy (Torjok şəh.)
P.S: German Sadulayevə də eyni belə məktub göndərmişdim, amma o, cavab yazmadı. Sizdə onun dəqiq ünvanı var?”

Məktuba kifayət qədər iri həcmli fayl da əlavə olunmuşdu. O saat faylı açıb oxumağa başladım, axı Torjok şəhərindən olan İnnoketiy haqqımda HƏR ŞEYİ bilirdi və gözləməyi xoşlamırdı. Bir neçə səhifə oxudum. Bir frazaya ilişdim: "CEFFRİ SNEJANNANI TUMANINA QƏDƏR SOYUNDURDU VƏ ŞÖVQLƏ ZORLAMAĞA BAŞLADI”.

Məncə kifayət qədər yaxşı yazılıb. Bircə yazıçı Sadulayevin nə üçün İnnoketiyə cavab yazmadığını başa düşmürdüm… Romanda hər şey yerli-yerindədir, deyə fikirləşdim. "Şövqlə” sözü də lap yerində işlədilib. Hətta sirrli şəkildə Snejannaın əynində qalan tumanı da. Hələ qızın iki "n”lə yazılan adını demirəm. Yəqin müəllif erotizmi artırmaq üçün belə yazıb.

Romanın növbəti hissələrində də maraqlı şeylər çox idi. Məsəlçün, növbəti səhifədə dörd dəfə "nəm mağara”, iki dəfə isə "qırmızıbaş cəngavər” ifadəsi işlədilmişdi. Birdən hiss elədim ki, "Qızmar günorta” romanı olduqca maraqlı və ədəbi tənqidçilərin belə hallarda dediyi kimi, öz atmosferi olan romandır. Amma romanın təcili çapı üçün çalışmaq ağlıma da gəlmədi. Nə üçünsə fikirləşdim ki, bu mətni məndən başqa heç kim qiymətləndirməyəcək.

İnnoketiyin məndən necə xəbər tutduğunu bilmirəm. Ümumiyyətlə, adamlar bir-birindən necə xəbər tutur?

Bir neçə gün qabaq pulsuz tualetdən istifadə etmək üçün "Kitab evi”nə girdim. "Kitab evi” Peterburqun mərkəzindəki böyük kitab dükanıdır. İçəri girən kimi gözəl üz qapaqları, albomlar, açıqcalar gözümə sataşdı və nə üçünsə o saat ağlıma gəldi ki, dünya natamamdır, bu kitablarda və açıqcalarda təsvir olunan kimi deyil. Kədərləndim. Tualet kabinəsindən çıxanda əlüzyuyan yerdə orta yaşlı, üzü qırxılmamış, balaca boylu kişi gördüm. Mülayim, uşaq kimi saf üz ifadəsi vardı, əvvəlcə onun amerikan olduğunu fikirləşdim. Kişi mənə baxan kimi gülümsədi.
- Siz… üzr istəyirəm, siz, yazıçısınız da, hə?

Sakitcə əllərimi yumağa başladım. Danışmaq istəmirdim.
- Dayanın… bir dəqiqə… - Kişi alnını qırışdırdı. – Siz… As… As… As…

Çarəsiz halda gülümsədi. Kranı bağlayıb əllərimi kağız salfetlə qurulamağa başladım.
- Soyadınız çətindir, - kişi utana-utana dedi. – As… As… As…?
- Astvasaturov…
- Eynən! – həmsöhbətim sevindi. – Amma… oxumamışam! Üzr istəyirəm! Sizin haqqınızda nə bilmək lazımdır?

Nəsə demək çətindir. Bir dəfə bir şərq mütəfəkkiri bir əyandan soruşur: "Sən kimsən?” Əyan deyir: "Mən vəzirəm”. "Sənin nəçi olduğunu soruşmuram, kim olduğunu soruşuram”. "Hə, - vəzir fikrə gedir, - mən hündür boylu, gözəl bədən quruluşlu kişiyəm, uzun saqqalım, güclü əllərim var…” "Sənin necə göründüyünü soruşmuram, - mütəfəkkir onun sözünü kəsir, - kim olduğunu soruşuram”. "Dünyanı Allahın yaratdığına inanıram”. "Sənin nəyə inandığını soruşmuram, kim olduğunu soruşuram”.

Bu söhbətin necə qurtardığını bilmirəm. Çox güman, hər şeylə maraqlanan mütəfəkkirin dilini kəsib başına mıxlayıblar ki, az danışsın və müdriyyətə ilişməsin. Axı müdriyyət Tanrının yer üzündəki nümayəndəsidir, o, təbiət qanunlarının keşiyində dayanır və boş-boş şeylər üçün narahat edilməyi xoşlamır.
Bundan əlavə, adamlar başqalarının onlar haqda nə bilməli olduğunu bilmir.

Tərcümə: Həmid P.