Anna Qavalda. Uzaqdan gələn keçmiş - TƏRCÜMƏ

Anna Qavalda. Uzaqdan gələn keçmiş - TƏRCÜMƏ

Anna Qavalda (Anna Gavalda) 9 dekabr 1970-ci ildə Buloyn-Bilankurtda anadan olub. 1992-ci ildə RFİ (Radio France İnternational) tərəfindən təşkil olunmuş "Ən yaxşı sevgi məktubu” konkursunun laureatı adını qazanıb. Nazaret kollecində fransız dili müəllimi işləyən Anna 2000-ci ildə "Dilletant” nəşriyyatında çap olunan novellalardan ibarət "Birinin məni haradasa gözləməyini istərdim” adlı kitabına görə Qran Pri RTL (Grand Prix RTL) mükafatına layiq görülüb. Kitab 2-ci dəfə 1 885 000 nüsxə ilə satılıb və 27 dilə tərcümə olunub. Onun 3 kitabı bestseller siyahısına daxildir: "Birinin məni haradasa gözləməyini istərdim”, "Mən onu sevirdim” (1259 000 nüsxə satılıb) və "Sadəcə birlikdə” (2 040 000 nüsxə satılıb).
"Mən onu sevirdim” və "Sadəcə birlikdə” romanları əsasında film çəkilib. Yazarın sayca 3-cü romanı "35 kq ümid”in motivləri əsasında "France 3" telekanalı 90 dəqiqəlik televiziya filmi çəkir. Ən son kitabı "Ən yaxşı həyat” 2014-cü ilin martında nəşr olunub.
Fransızcadan tərcümədə təqdim etdiyimiz "Uzaqdan gələn keçmiş” novellası "Birinin məni haradasa gözləməyini istərdim” kitabından novelladır.


Uzaqdan gələn keçmiş

hekayə

Bu illər ərzində o qadını həyatımdan uzaq tutduğuma inanmışdım. Bəlkə də məndən çox uzaq deyildi, amma haradasa bir yerdə vardı.
O, artıq mənim üçün mövcud deyildi, çox uzaqda yaşayırdı, həmişəkindən daha gözəl idi, keçmiş adlı bir dünyaya aid idi. O dünya ki, orada gənc və romantik idim. Sevginin ömürlük olduğuna inanırdım və ona olan sevgim qədər heç nə böyük deyildi. Nə isə... Belə axmaq şeylər düşündüyüm olur.
26 yaşım vardı və bir vağzal platformasında dayanmışdım. Onun niyə bu qədər ağladığını anlamırdım. Qollarımı ona dolamışdım və başımı onun boynunda gizlətmişdim. Bilirdim ki, getdiyimə görə bədbəxt hiss edir özünü və bununla da gedişimə cavab olaraq, bir növ ümidsizliyini görməyimi istəyir.
Və bir neçə həftə sonra ən son axmaq kimi qürurumu ayaq altına atdım. Dayanmadan zəng edir ya da uzun-uzun məktublar yazıb sızıldayırdım. Bir gün buna da son qoydum.

Aylarla heç nəyə fikir vermədən yıxıla-dura gəzdim. Dərdim nə qədər artırdısa, bir o qədər də avaralanırdım.

Həddindən artıq xoşa gələn bir oğlan idim. Günüm hədər getməzdi. Mütləq rəng qata bilərdim həyatıma. Günün başından gic olana qədər işləyib, sakitcə yeməyimi yeyər, həmkarlarımla pivə içər və qardaşlarımla ürəkdən əylənə bilərdim. Onların balaca bir təkanı yetərdi ki, içimdəki qığılcım oyansın.
Ancaq yox, özümü aldadırdım. Bu, cəsarət deyildi. Bu, axmaqlıqdan başqa heç nə deyildi: çünki onun qayıdacağına inanırdım. Buna həqiqətən inanırdım.
Qayıdan-filan olmadı. Ürəyim bir bazar axşamı vağzal platformasında tamamilə darmadığın olmuşdu. Mənə nə olduğunu çözə bilmirdim və necə gəldi, harada gəldi sərsəm kimi dolaşırdım.

Bir-birini əvəz edən illər məndə heç nə dəyişmədi. Bəzən öz-özümə deyirdim: "Qəribədir. Onu dünən düşünmədiyimə əminəm...”.

Özümü təbrik etmək əvəzinə, bunun necə mümkün olduğunu özümdən soruşurdum. Onu düşünmədən bir gün keçirdiyimə necə nail olmuşdum deyə baş sındırırdım. Adı xüsusilə beynimi məşğul edirdi. Ona aid 2-3 şəkil vardı ki, həkk olunmuşdu beynimə. Beləcə, həmişə eyni şeylər baş verirdi.
Düzdür. Hər sabah yerimdən qalxdım. Yedim, yuyundum, paltarımı tez-bazar əynimə keçirdim və işə getdim. Bir neçə dəfə bir neçə qızın lüt bədənini də gördüm. Bir neçə dəfə oldu, ancaq ruhuma toxunmadılar. Emosiya: sıfır.

Və nəhayət bəxtim gətirdi. Hərçənd daha fərqi yox idi.

Bir qadınla tanış oldum. Başqa adda fərqli bir qadın mənə vuruldu. O məndən başqa bir adam düzəldəcəyinə qərar vermişdi. Fikrimi soruşmadan, məndə özümə inam yaradan bu qadın konqreslərin birində liftdəki ilk öpüşümüzdən heç bir il keçməmiş mənə ərə gəldi.

O, qeyri-adi qadındır. Çox qorxduğumu deməliyəm. Artıq belə bir qadına rast gələcəyimə inanmırdım və ona layiq olmadığım fikri məni tez-tez düşündürürdü. Onun qarnını sığallayır və xəyallara dalırdım. Saçlarını qaldırır, başqa qoxu axtarırdım. O mənə heç vaxt heç nə demədi... Bilirdi ki, mənim bu kabus həyatımda baş qaldıran ocaq çox yanmayacaq. Onun mənə bəxş etdiyi gülüşü, bədəni - bütün adi, maraqsız sevgi oyunları sayəsində o odun külü qalmışdı. Haqlı idi. Kabus hesab etdiyim həyatımı onunla xoşbəxt yaşamışdım.

O, indi yan otaqdadır. Yatır.

Məsələyə məntiqli yanaşsaq, həyatım təsəvvür etdiyimdən də yaxşı alınmışdı. Qeyd edim ki, doğru zamanda, doğru yerdə bəzi qərarları verə bilmişəm. Yəni... Bilmirəm.

Bütün hallarda keçmiş qrup yoldaşlarımla görüşəndə onların gözündə təəccüblə yanaşı şübhə də sezirəm: gözəl xanım, gözəl vizit kartı və səliqəli, ütülənmiş, əynimə oturan köynəklər...azdan çoxa... Bu onlarda çaşqınlıq yaradırdı.

Əvvəllər düzünü desəm, qızlardan başqa heç nə düşünmürdüm. Ta o qızı tanıyanacan. Magistraturada oxuyarkən dərslərdə məktublar yazan oğlan sonralar kafe terraslarında başını qaldırıb kiminsə nə arxasına, nə sinəsinə, nə gözlərinə baxdı. Hər cümə 1-ci reys Paris qatarına minən və qəmgin qayıdan, hər bazar ertəsi gözləri çökəyə düşmüş halda bütün uzaq məsafələri söyən və qatar nəzarətçilərinin zəhlətökənliyinə dözməyə məcbur olan biri idim. Golden boy-dan çox  Arlekin  idim. Hə, belə demək daha doğru olar.

Onu çox sevdikcə, dərslərimə marağım azalırdı və dərslərimdən pis nəticələr almaqdan tutmuş, tərəddüdlər arasında çırpınmağıma qədər hər şey məhv oldu - o məni tərk etdi. O düşünürdü ki, gələcəyi... mənim tipimdə birilə qeyri-müəyyən olacaq.

Bu gün bank hesabımdan çıxarışlara baxıram və düşünürəm ki, həyat insanlarla yaxşı əylənir.

Beləcə, heç nəyə dəyməyən həyat yaşadım.

Hə, əlbəttə arvadımla yaxud dostlarımla öz aramızda tələbəlik illərindən gülə-gülə danışırıq, filmlərdən yaxud oxuyub təsirləndiyimiz kitablardan, gənclik sevgimizdən, yollarda üst-başımızın necə çirklənməsindən, ağlımıza gələn ilk şeylərdən danışıb vaxt keçirdiyimiz olur. Kafelərin qoyduğu qiymətlər və bu kimi bütün başqa nostaljiləri yada salırıq. Həyatımızın bu hissəsi bir rəfə qoyulub sanki. Orada bir balaca tozlanmışıq. Ancaq  bu barədə uzun-uzadı danışmamışam. Ah, yox.

Xatırlayıram, onun yaşadığı şəhərin adı yazıldığı üçün kilometrlərin göstərildiyi bir lövhənin qarşısında keçirdiyim günlər vardı.

Hər səhər işə gələndə və hər axşam işdən çıxanda o lövhəyə göz atırdım. Lövhəyə göz atırdım, vəssalam. Ancaq onu heç vaxt izləmədim. Bu ağlıma gəlib, ancaq o lövhəyə gözucu baxmağım  belə arvadımla yaşadığım həyata tüpürmək kimi bir şey idi.

Bununla belə, gözucu baxırdım. Düzünü deməliyəm. Sonra iş yerimi dəyişdim. Beləcə, lövhəyə baxmağa son qoyuldu.

Ancaq həmişə başqa səbəblər, başqa bəhanələr vardı. Həmişə. Neçə dəfə olub ürəyim ağzımda o küçəyə tərəf dönmüşəm, çünki onun silueti...onun səsi...onun saçları kimi... Neçə dəfə? Onu artıq düşünmədiyimə inanırdım, amma elə vaxt olub ki, sakit bir yerdə həmin an gəlməsini istəmişəm.

Heç altı ay olmaz, bir gün restoranların birinin terrasında oturmuşdum. Yeməyə dəvət etdiyim müştəri gəlməmişdi. Onu xatirələrimdə axtarmağa başladım. Yaxamı açdım və qarsonu mənim üçün bir qutu siqaret almağa göndərdim. Bu, əvvəllər çəkdiyim tünd və acı siqaretdir.

Qarşı tərəfin mənzərəsi pozulmasın deyə ayaqlarımı aşağı uzatdım. Səhv etmirəmsə, Gruaud-Larose şərabı sifariş verdim. Gözlərim yarı qapanmış halda siqaret çəkir, Günəşin kiçik şüalarından həzz ala-ala onun yaxınlaşmasına baxırdım.

Ona baxırdım. Gözümü qırpmadan baxırdım. Dayanmadan onu düşünür, birgə yaşadıqlarımızı  və bir yatağı bölüşməyimizi xatırlayırdım.

"Onu həmişə sevmişəmmi?” sualını heç vaxt özümə verməmişəm yaxud ona qarşı olan hisslərim konkret nə idi düşünməmişəm. Bunun artıq heç bir əhəmiyyəti olmayacaqdı. Ancaq tənhalığa qapılıb onu orada tapmağı çox sevirəm. Bunu etiraf etməliyəm.

Xoşbəxtlikdən yaşadığım həyat məni tənhalığa qapılmağa qoymayıb. Bir müştərinin məni unudub gəlməməsi lazım idi o an və mən tək qalmalı, gecəni maşınımda keçirməli və ağlıma gələn başıma gəlməliydi. Bu qədər istəyin qarşısında gözlədiyim heç vaxt baş vermədi.

Lap deyək ki, özümə icazə verdim. Baş vurdum, deyək, o xatirələrə, nostalgiya yaşadım. Deyək ki, dəlilik etdim, məsələn, telefon nömrəsini tapdım miniteldən, yaxud buna bənzər başqa axmaqlıq etdim. Bilirəm ki, indi bunlar hamısı məntiqsizdir, çünki illər ərzində məni bu dəliliklərdən çəkindirən  gerçəklərim olub. Ən böyük səbəbim övladlarımdır.

Mən uşaqlarımın dəlisiyəm. 3 övladım var: 7 yaşlı Mari, tezliklə 4 yaşı tamam olacaq Jozefin və sonbeşik - hələ 2 yaşı olmayan İvan. 3-cü uşağın olması üçün arvadımı mən yola gətirdim. Xatırlayıram, necə yorulduğunu deyir, gələcəklərdindən narahatlığını bildirirdi. Ancaq mən uşaqları o qədər sevirəm ki. Xüsusilə də onların anlaşılmaz dildə danışmaqlarını və yumşaq nəvazişlərini... "Yaxşı, 3-cü də olsun” - deyirdim. O, çox təkid etmədi. Bildiyim bir şey var ki, o, mənim uzaqlaşmayacağım yeganə dostumdur. Hətta deyərdim onu ömür boyu izləyəcək inadkar kölgəsiyəm.

Uşaqlarım başıma gələn ən gözəl hadisədir. Köhnə sevgi macərası onların yanında dəyərsizdir. Heç nədir!

Beləliklə, bu vaxtacan necə yaşadığım bəlli oldu. Və keçən həftə telefonda onun səsi gəldi. Adını dedi:

- Elenadır.
- Elena?
- Narahat etmirəm?
Balaca oğlum qucağımda ciyilti ilə telefonun naqilini çəkmək istəyirdi.
- Hmm…
- Sənindi uşaq?
- Hə.
- Neçə yaşı var?
- Niyə mənə bu cür zəng edirsən?
- Onun neçə yaşı var?
- 20 aylıqdır.
- Zəng etdim, çünki səni görmək istəyirəm.
- Məni görmək istəyirsən?
- Hə.
- Bu nə axmaqlıqdır?
- Hə, sadəcə bunu istəyirəm. Adam öz-özünə belə deyir də: «Onu görmək istəyirəm...»
Demək olar ki, belə olur.
- Niyə?... Yəni, demək istəyirəm, niyə indi ? Bütün bu illər ərzində...
- 12 il. 12 ildir.
- Yaxşı. Hə, nə olsun ? Nə olub? Yatıb indi oyanmısan? Nə istəyirsən? Uşaqlarımın yaşını öyrənmək istəyirsən ya saçımın tökülüb tökülmədiyini görmək istəyirsən... Yaxud özündən sonra məndə nə iz qoyduğuna baxmaq... ya elə belə, köhnə zamanlardan danışmaq istəyirsən ?!
- Qulaq as, bu cür münasibət bildirəcəyini gözləmirdim. Dəstəyi asıram. Bağışla. Mən...
- Nömrəmi necə tapdın?
- Atan verdi.
- Nə?
- Bir az əvvəl atana zəng etdim. Nömrəni istədim, o da verdi. Vəssalam.
- O səni xatırladı?
- Yox. Yəni... ona kim olduğumu demədim.
Oğlumu qucağımdan yerə qoyduğumu gördüm. Qaçıb öz otaqlarında bacılarına qoşuldu. Arvadım orada deyildi.
- Dayan, dəstəyi asma.... "Mari! Zəhmət olmasa, qardaşının ayaqqabılarını geyindir”. Alo? Ordasan?
- Hə.
- Sonra?
- Nə sonra?
- Görüşməyimizi istəyirsən?
- Hə. Amma çox vaxtını almayacam. Sadəcə bir stəkan su içərik ya bir balaca gəzərik. Anlayırsan...
- Niyə? Nə əhəmiyyəti var ki?
- Sadəcə, səni görmək üçün. Səninlə azca söhbət etmək üçün.
- Elena..
- Bəli.
- Niyə belə edirsən?
- Niyə?
- Hə, niyə mənə zəng edirsən? Niyə belə gec? Niyə indi? Zəng etməklə heç özünə hesabat verirsən ki, həyatımı necə alt-üst edə bilərsən? Nömrəmi yığırsan və sən...
- Qulaq as, Piyer. Ömrümə az qalıb.
- ...
- İndi zəng edirəm, çünki yaxın vaxtlarda öləcəm. Dəqiq haçan öləcəm, bilmirəm. Amma çox qalmayıb.
Bir az nəfəs almaq üçün telefonu üzümdən uzaqlaşdırdım və ayağa qalxmağa cəhd etdim,  alınmadı.
- Ola bilməz.
- Oldu...
- Xəstəliyin nədir?
- Oh... qəliz məsələdir. Qısa desəm, qanımda problem var. Yəni indi çox şey bilmirəm, çünki diaqnoz səhv də ola bilər. Uzun sözün qısası, gülməli bir vəziyyətdir.
- Əminsən?
- Dayan, sən necə başa düşürsən ki? Mən bayaqdan burada ağlıma gələn cəfəngiyyatı ona görə danışıram ki, sənə zəng etməm üçün bəhanə olsun ?!
- Bağışla.
- Xahiş edirəm...
- Bəlkə yanılırlar.
- Hə. Ola bilər...
- Yox?
- Yox. Düşünmürəm.
- Bu necə ola bilər axı?
- Bilmirəm.
- Ağrıyırsan?
- Belə də.
- Səni incidir?
- Bir balaca.
- Məni sonuncu dəfə görmək istəyirsən?
- Hə. Belə də demək olar.
- Məyus olacağından qorxmursan? Məni əvvəllər olduğu kimi ...yaxşı şəkil kimi...yadında saxlamaq istəmirsən?
- O şəkil ki, orda cavan və yaraşıqlı idin?
Güldüyünü eşitdim o an.
- Dəqiq dedin. O zamanlar ki, cavan və yaraşıqlı idim və saçlarıma ağ düşməmişdi...
- Saçların ağarıb?!
- Deyəsən, 5 dənə ağ tük var.
- Ah! Dedim, görəsən nolub? Qorxutdun məni. Haqlısan. Bilmirəm fikrim nə qədər doğru olar, ancaq bu barədə uzun zamandır düşünürəm. Öz-özümə deyirdim ki, bu, doğrudan yaxşı təsir edəcək mənə... Nəzərə alsaq ki, son zamanlar çox az şey əhvalıma yaxşı təsir edir... Mən... sənə ona görə zəng etdim...
- Bu barədə nə vaxtdan düşünürsən?
- 12 ildir! Yox... zarafat edirəm. Bir neçə aydır. Axırıncı dəfə nəticəni götürmək üçün  xəstəxanaya gedəndə bu qərara gəldim.
- Dəqiq mənimlə görüşmək istəyirsən?
- Hə.
- Nə vaxt?
- Nə vaxt istəsən. Nə vaxt mümkündürsə.
- Harda yaşayırsan?
- Elə həmin ünvanda. Səhv etmirəmsə, sənin evindən 100 km yuxarıda.
- Elena...
- Hə.
- Yox. Heç nə.
- Haqlısan. Heç nə. Belədir də. Həyatdır. Sənə keçimişi qurdalamaq üçün zəng etməmişəm yaxud Parisi bir butulkaya salmaq kimi niyyətim yoxdur. Anlayırsan? Mən... Mən zəng etdim ki, sadəcə üzünü görüm. Bilirsən, bu, insanların uşaqlığını keçirdiyin yerə dönməsinə yaxud valideynlərinin evinə qayıtmasına bənzəyir. Ya da fərqi yoxdur harada, amma həyatlarının mənasını çızdığı yerə doğru getməsinə bənzəyir.
- Müqəddəs yerlər kimi.
Artıq eyni səs tonu ilə danışmadığımın fərqinə varırdım.
- Hə. Elədir. Bu müqəddəs yerləri ziyarət etməyə bənzəyir. Sənin üzün də həyatımda iz qoyan yer kimidir.
- Müqəddəs yerlər həmişə hüznlü olur.
- Niyə belə deyirsən? Sən ki heç vaxt getməmisən elə yerlərə?!
- Yox, niyə ki? Lurda getmişəm.
- Hə. Lurd. Orada təbii.
Bu dəfə ələ salırmış kimi səsini dəyişdirdi. Balacaların öz aralarında mübahisə etdiyini eşitdim və artıq telefonda danışmaq istəmirdim. Dəstəyi asmaq istəyirdim. Bitirmək üçün qısa kəsdim:
- Nə vaxt?
- Soruşan sənsən?
- Sabah?
- İstəyirsənsə.
- Harada?
- Şəhərlərimizin arasında bir yerdə. Sülidə, məsələn..
- Maşın sürə bilirsən?
- Hə. Bacarıram.
- Sülidə nə var?
- Düşünürəm, elə çox şey yoxdur. Baxarıq də. Bəlkə meriyanın qarşısında görüşək..?
- Nahar vaxtı olar?
- Oh, yox. Mənimlə yemək yemək gülməli olmazmı?
Yenə gülməyə başladı.
- Nahar saatından sonra daha yaxşı olardı.

Həmin gecə gözünə yuxu getmədi. Gözlərini geniş açıb tavana baxdı. Gözlərini quru saxlamaq istəyirdi. Ağlamamaq üçün.
Arvadına görə deyil. Yanılmaqdan qorxurdu. İçinə həbs etdiyi həyatının ölümünə ağlamaqdan qorxurdu, nəinki onun ölümünə. Bilirdi ki, yenidən başlasa, dayandıra bilməyəcək.

Buna imkan verməməlidir. Qətiyyən olmaz. Uzun illərdən sonra indi zəfərini qeyd edirdi və insanların zəifliyinə donquldanırdı. Bundan başqa, nə istədiyini bilməyən və zəifliyi ilə mübarizə aparmağı bacarmayanlar  da vardı.

Uzun illər indi dəyəri olmayan, keçib getmiş gəncliyinə həsrətlə baxmışdı. Ən çox da onun haqqında düşünəndə, yaşananları nisbi sayırdı, gülürmüş kimi ya da baş verənlərdən nə isə başa düşürmüş kimi hal alırdı. Halbuki, bu vaxtadək heç nə də başa düşməyib.

O, çox gözəl bilir ki, o qadından savayı başqasını sevməyib və onu sevən yeganə qadın da o olub. O qadın yeganə məhəbbəti olub və bunu heç nə dəyişə bilməz. O qadın ki, onu əhəmiyyətsiz və lazımsız bir əşya kimi tullamışdı. Həmin qadın ki, ona heç vaxt əlini uzatmadı yaxud bir söz belə yazmadı yenidən ayağa qalxması üçün. Etiraf etmədi ki, əslində onunla daha yaxşı idi. Amma yox,  o yanılırdı. Ona o qadınsız daha yaxşı idi. Yaxud o qadın həyatının ən böyük səhvini etmişdi və üzə vurmasa da, çox peşman idi. Ancaq onun necə qürurlu olduğunu da bilirdi. 12 ildə o da əziyyət çəkmişdi. İndi isə ölüm qapıda onu gözləyirdi.
O ağlamaq istəmirdi və buna mane olması üçün ağlına gələni danışırdı. Hə, düzdür, ağlına gələni... Arvadı çevrilərək, əlini onun qarnının üstünə qoydu və bu an gic-gic düşündüyü şeylərə görə peşman oldu. Təbii ki, o sevmişdi və başqası tərəfindən də sevilmişdi. Əlbəttə. Yanında uzananın üzünə baxır və öpmək üçün əlini əlinə alır. O isə yuxusunda gülür.

Yox, şikayət ediləcək bir şey yoxdur. Yalan danışmağa da ehtiyac yoxdur. Bu romantik hal, ah-uflar bir anlıqdır hamısı. Artıq kifayətdir! Üstəlik sabahkı görüş üçün günortadan sonra Siqma II vağzalından keçməli olacaq. Marşeron küçəsindən də keçmək məcburiyyətindədir və bu onun heç xoşuna gəlmir. Çünki Marşeronla bağlı...

Həmin gecəni yaxşı yata bilmədi. Çox şey düşündü.
Yuxusuzluğunu ancaq belə ifadə edə bilərdi. Lampa otağı pis işıqlandırırdı və o heç nə görmürdü. Beləcə, o zamanlardakı kimi böyük kədər içində veyillənirdi.

***

O qadın da gecəni yaxşı yatmadı, ancaq bu onda adət idi. Demək olar ki, yatmır. Çünki gün ərzində kifayət qədər işləmədiyi üçün yorulmurdu. Bu, tibbi nəzəriyyədir. Oğulları atasının evində qalır və qadının əlindən ağlmaqdan başqa heç nə gəlmir.
Ağlamaq. Ağlamaq. Ağlamaq.

İndi önündə məhv olmuş həyatı, etdiyi fədakarlıqlar vardı. Sahillərə çırpılan dalğa kimiydi. Düşünürdü.  Artıq heç nə vecinə deyildi, düşünürdü ki, indi belə daha yaxşıdır, yəni başqa nə isə tapmalıydı. Yaraları sağaltmaq lazım idi, çünki başqa cür desək, o daha yorulmayacaqdı. Artıq hesab-kitabı itirmişdi, deyilənlərdən nəticə çıxara bilmirdi. Əslində isə o sadəcə tükənmişdi. Bəli, tükənmişdi.

Ağlayırdı, çünki nəhayət, cəsarətini toplayıb Piyerə zəng etmişdi. Onun telefon nömrəsini tapmaqdan ötrü dəridən-qabıqdan çıxmışdı və Piyeri ondan ayıran on rəqəmi yığaraq səsini eşitdib dəstəyi asdığı da olmuşdu. Hətta bir dəfə onu bütün gün izləmişdi. Harada yaşadığını, hansı marka maşın sürdüyünü, harada işlədiyini, necə geyinib-kecindiyini bilmək və qayğılı olub-olmadığını öyrənmək istəmişdi. Onun arvadını da izləmişdi. Onun gözəl, şən xanım olduğunu və Piyerdən uşaqlar doğduğunu öyrənmişdi.

Ağlayırdı. Ürəyi bu gün dayanmadan döyünmüşdü və hələ də olanlara inanmırdı. Ağlının ucundan belə keçməyən həyat yaşamışdı. Xüsusilə tənhalıq nədir bilirdi. Artıq təzədən xoş hisslər yaşamaq üçün gec olduğunu düşünür, qatarının getdiyinə inanırdı. Xüsusilə də bir gün qan analizi verərkən, artıq yorulduğunu anlamışdı. Hamı, bütün kiçikvəzifəli həkimlər, böyük professorlar xəstəlik haqqında fərqli fikirdə idilər, amma ümidlərini doğruldan tapılmadı.
Ağlamaq üçün o qədər səbəb vardı ki, bu barədə düşünmək belə istəmirdi. Bütün həyatı gözünün önündən keçirdi. Bir balaca özünə təsəlli vermək üçün kefindən ağladığını düşünməyə başladı. Vəssalam.

***

Mən çatanda o artıq orada idi. Məni görüncə gülümsədi. O mənə dedi ki, məhz birinci dəfə idi ki, məni gözlətmirdi, ümidimi itirməyə dəyməzmiş. Mən də əvəzimdə ümidimi itirmədiyimi dedim.

Biz öpüşmədən görüşdük. Ona dəyişmədiyini dedim. Bu, axmaq söhbət idi. Əslində belə düşünürdüm, hətta daha da gözəl görünmüşdü gözümə. Çox solğun idi və gözünün ətrafında, üstündə, gicgahlarında kiçik göy rəngdə damarları görünürdü. Arıqlamışdı və ovurdları əvvəlkindən daha batıq idi. Dilsiz-ağızsız biri deyərdim ona, əvvəlki aktiv adamı tanımasaydım. Dayanmadan mənə baxırdı. Onunla danışmağımı istəyirdi. Susmamı istəyirdi. Üzümə gülümsəyirdi. Artıq görüşmüşdük və mən hələ də əllərimi hara qoyacağımı bilmirdim. Bilmirdim siqaretmi çəkim, yoxsa onun əllərindənmi tutum...
Bura darıxdırıcı şəhərdir. Bir az uzağa - parka doğru addımladıq.

Həyatlarımızı danışdıq bir-birimizə. Kifayət qədər iyrənc hal idi. Sirlərimizi özümüzə saxladıq. Danışarkən sözlərini seçirdi. Bir az sonra məndən başını itirməklə avaralıq arasındakı fərqi soruşdu. Artıq bu barədə heç bir fikrim olmadığını dedim. Jest edib onsuz da vacib olmadığını dedi. Deyirdi ki, baş verənlərin onda qoyduğu izi acımı təsvir etsin yaxud uzun çəkdimi desin, bütün hallarda yaşadığını ifadə etmək çətindir. Demək olar ki, xəstəliyi barədə söz salmadıq  ta o vaxta qədər ki, özü uşaqlarından bəhs etməyə başladı. Deyirdi ki, yaşadığı həyat uşaqları üçün ağır idi. Bir neçə gün öncə uşaqları üçün makaron bişirmək istəyib, amma qazanı qaldırmağa gücü çatmadıqda yaşadığının həyat olmadığını düşünüb. Uşaqlar yaşlarına görə çox dərd çəkmişdilər.
Arvadım, uşaqlarım və işimdən danışmağımı istədi. Hətta Marşerondan belə. Hər şey haqqında danışmağımı istəyirdi, ancaq fikir verirdim ki, çox vaxt mənə qulaq asmır.

Fəvvarə ilə üzbəüz qoyulmuş, açılışdan sonra yalnız fəvvarə suyu ilə yuyulan, qabığı soyulmuş skamyada oturmuşduq. Hər şey çirkin görünürdü. Qəmgin və çirkin. Rütubətin nəfəsi hiss olunurdu. Biz özümüzü isitmək üçün yerimizdə qurcalandıq.

Nəhayət, o ayağa qalxdı. Getmək vaxtı çatmışdı. Məndən bir xahişi olduğunu dedi. Yalnız bir xahiş. Dedi ki, məni hiss etmək istəyir. Cavab vermədim. Etiraf etdi ki, bu illər ərzində məni hiss etmək, qoxumu ciyərlərinə çəkmək istəyib. Mən əllərimi paltomun ciblərinin ən dərin yerində sıxıb saxlamışdım, yoxsa...
Arxama keçdi və saçlarıma doğru əyildi. Beləcə bir müddət dayandı və o an mən özümü çox pis hiss etməyə başladım. Sonra burnunu başımın arxasında, ətrafında gəzdirdi və bir az dayandıqdan sonra boynuma doğru sürüşüb köynəyimin yaxalığında dayandı. Qoxlayıb dayanırdı. Saçımı tumarlayırdı. Sonra qalstukumu boşaltdı və köynəyimin ilk düymələrini açmağa başladı. Burnunu körpücük sümüyünə toxundurduğunda ucunun necə buz kəsdiyini hiss etdim və mən... mən...
Qəfil diksinən kimi oldum. Əyildiyi yerdən qalxdı  və əllərini çiyinlərimə qoydu. Dedi ki, gedir. Tərpənməməyimi və geriyə baxmamağımı istəyib: "Yalvarıram, yalvarıram” - dedi.

Mən tərpənmədim. Onsuz da arxasınca baxmayacaqdım. İstəmirdim, şişmiş gözlərimi, əyilmiş ağzımı görsün.
Xeyli gözlədim və maşınıma tərəf getdim.

Ön söz və tərcümə:
Sevda İsmayıl

Ədəbiyyat.Biz