ANS ölkədə ilk dəfə olaraq rəqəmsal yayıma keçdi

ANS ölkədə ilk dəfə olaraq rəqəmsal yayıma keçdi

ANS telekanalı 18 yaşı münasibəti ilə tamaşaçıları üçün daha bir hədiyyə hazırlayıb və telekanal bu gündən tamamilə rəqəmsal yayıma keçib.
ANS TV-nin baş direktoru Yaşar Babayevin sözlərinə görə, 2009-cu il texniki yenidənqurma ili elan edilib: “Ölkədə ilk dəfə olaraq ANS rəqəmsal sistemə keçib. Bu sistemə keçid üçün 1 milyon manata yaxın vəsait yatırılıb. Alınan avadanlıqlar İngiltərə, Rusiya, Amerika, İsrail istehsalıdır. Artıq bütün qurğular tam şəkildə rəqəmsal sistemə keçib”. Y.Babayev yeni sistemin ilk göstəricisinin keyfiyyət olduğunu qeyd edib. Rəqəmsal sistem tamaşaçılara video və audio siqnalların daha keyfiyyətlə ötürülməsini təmin edəcək.
ANS-in efirində bu il baş verən daha bir yenilik isə 24 saatlıq qaçan sətirlərdir. Bu sətirlər tamaşaçılara hər an dünyada və ölkədə baş verən proseslər barədə məlumat almaq imkanını verir, daim son məlumatları əldə etməyə şərait yaradır.
Qeyd edək ki, hazırda ANS Azərbaycan ərazisinin 85 faizini əhatə edir.