Çarlz Bukovski. Şeirlər (tərcümə)

Çarlz Bukovski. Şeirlər (tərcümə)

Çarlz Bukovskinin bir neçə şeirini Həmid Piriyevin tərcüməsində təqdim edirik:

"Qızlar”

artıq 5 ildir ki,
mən eyni çilçırağa baxıram.
o subay adamın tozunu yığıb
və bura girən qızlar onu təmizləmək üçün çox məşğuldurlar.
amma mən əleyhinə deyiləm.
mən də
çox məşğul idim deyə
indiyəcən yazmamışam
5 ildir ki,
lampanın
sürtükcəsinə yandığını

"Mən dahi gördüm”

mən qatarda dahi gördüm
bu gün
6 yaşı olardı
o qabağımda oturmuşdu
və qatar
sahilə çatanda
biz okeana yaxınlaşanda o mənə baxdı
və dedi:
"gözəl deyil...”

və mən ilk dəfə
bunu
anladım.

 "Palma yarpaqları”

Düz saat 12:00-da
1973-dən 74-ə  keçən gecə
Los-Ancelesdə
Yağış döyəcləməyə başladı palma yarpaqlarını
pəncərəmin qabağında
maşın işıqları və siqnalları
şəhərdə gəzib səs-küy salırdılar

səhər  doqquzda işığı söndürüb
yatmağa getdim
onların sevincini, onların xoşbəxtliyini,
onların qışqırıqlarını, onların karton şlyapalarını,
onların avtomobillərini, onların arvadlarını,
onların yazıq əyyaşlarını
konvertlərə paylaşdırıb...

Yeni İlin astanası həmişə
 qorxudub məni

həyat bilir, yaş neçədir. 

Maşın işıqları da söndü,
siqnallar da kəsildi, səs-küy də...
beş dəqiqəə hər şey qurtardı...
eşitdiyim tək şey –
palma yarpaqlarını döyəcləyən yağış
və düşünürəm ki,
insanları heç vaxt anlamayacağam
amma mənimki artıq bundan keçib.

"Hə-hə”

Tanrı sevgini yaradanda çoxuna kömək etmədi
Tanrı itləri yaradanda itlərə kömək etmədi
Tanrı bitkiləri yaradanda, bu pis deyildi
Tanrı nifrəti yaradanda, biz ictimai xeyir götürdük
Tanrı məni yaradanda məni yaratdı
Tanrı meymunu yaradanda yatırdı
Tanrı zürafəni yaradanda sərxoş idi
Tanrı narkotiki yaradanda yuxarıdaydı
Tanrı intiharı yaradanda aşağıdaydı

O sənin çarpayıda yatan vəziyyətini yaradanda
O bilirdi nə edirdi
O sərxoş idi, O yuxarıdaydı,
və O dağları, dənizi və odu yaratdı
eyni vaxtda
O hərdən çaşırdı,
amma O sənin çarpayıda yatan vəziyyətini yaradanda
öz Müqəddəs Kainatının üstünə boşaldı

"Uzaqdan gələn məktub”
O mənə Senanın yaxınlığındakı balaca otaqdan
məktub yazdı
o deyirdi ki, tans məktəbinə gedir,
səhər 5-də durur
və şeirlər yazır
ya da şəkil çəkir
ağlamaq istəyəndə isə,
məxsusi skamyası var
çay qırağında
Payızda Mahnılar kitabı dərc olunacaq
bilmədim nə cavab verim
və dedim ki, ağrıyan dişlərini çəkdirsin
və fransız sevgililərlə ehtiyyatlı olsun
onun şəklini radioya sancdım
sərinkeşin yanına
və o canlı kimi tərpənirdi
qalan 5 ya 6 siqaretimi çəkənəcən
ona baxdım
sonra durdum
və gedib yatdım.

 "Cəhənnəm itləri”
Qudurdular yenə;
 sıçrayıb qapırlar, dala çəkilirlər, 
ətrafımda dolanıb sonra yenə hücum edirlər
mənsə elə bilirdim canım qurtarıb,
məni unudublar; amma
indi daha çoxdurlar

və mən qocalmışam indi

amma itlərin yaşı yox

və həmişəki kimi ətinizi dişləməklə kifayətlənməyib
beyninizi və ruhunuzu da dişləyirlər

bu otaqda
ətrafımda fırlanırlar indi

qeyri-adi deyillər
cəhənnəm itləridir bunlar
və sizi də tapacaqlar

indi
onlardan biri
olsanız da.