“Axınla aşağı” bədii filmi təqdim olundu - FOTO

“Axınla aşağı” bədii filmi təqdim olundu - FOTO

Dekabrın 19-da Nizami Kino Mərkəzində C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə çəkilmiş "Axınla aşağı” bədii filminin təqdimatı keçirilib.

Ədəbiyyat.Biz xəbər verir ki, mərasimdə çıxış edən kinostudiyanın direktoru Müşfiq Hətəmov kino sahəsində xeyli gənc rejissor və ssenaristlərin sınaqdan keçirildiyini, bir sıra layihələrin reallaşdırıldığını söyləyib. Bildirib ki, bu il studiyada istehsal olunmuş filmlər beynəlxalq festivallarda uğur qazanıb. Bu gün təqdim edilən "Axınla aşağı" filmində yeni rejissor yozumunu görmək mümkün olacaq.

Sonra filmin yaradıcı heyəti səhnəyə dəvət edilib.

Rejissor Asif Rüstəmov filmin çəkilişində dəstək göstərənlərə minnətdarlığını bildirib. O, filmin 49-cu Karlovı Varı Beynəlxalq Film Festivalında dünya premyerasının keçirildiyini diqqətə çatdırıb.

Sonra film nümayiş olunub.

İdmançı gənclərin həyatı fonunda cərəyan edən psixoloji ailə dramının quruluşçu rejissoru Asif Rüstəmov, ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxiya, quruluşçu operatoru Ayxan Salar, bəstəkarı Xəyyam Mirzəzadə, quruluşçu rəssamı Rafiz İsmayılov, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə Namiq Ağayev, Mehriban Zəki və digər aktyorlar rol alıb.

Xatırladaq ki, "Axınla aşağı” filmi bir neçə beynəlxalq kinofestivalın müsabiqə proqramlarında iştirak edib.

Ədəbiyyat.Biz