Aydan Ay. Axşam qoxulum... (ŞEİRLƏR)

Aydan Ay. Axşam qoxulum... (ŞEİRLƏR)

***

Hələ mən atama çay dəmləməli idim.
Hələ saçlarım üçün sinəsini sipər etməli idi atam. 
Hələ zərrə-zərrə, ağrı-ağrı darıxmamalıydı ruhum.
Hələ məni səsləyib deməli idi: "nəfəsinə qurban olum, axşam qoxulum..."
Amma... Olmadı...
Mən çay dəmləmədim,
Saçlarım rüzgarda sovruldu,
Qürublarda unuduldu qoxum...

Hələ nağıl-nağıl uşaqlığıma söylənəcəkdim.
Nağıllanıb bir ulduza çəkiləcəkdim.
Sən ata... Sən hələ mənim gözlərimin yağmurundan öpəcəkdin...

Gəlsən, kədər dəmdədir.
 Qollarımda ölüm...
Əriyən şam- göy üzündə nakam ömür...

Mən torpağam- yağ üstümə.
Mən buludam- keşik çəkirəm bir qərib məzarın son nəfəsinə...
Məni xatırla, xatırla, sonra unut ölərcəsinə...

Ah ata, sən necə də fəsilsizsən.
Mən necə də xatirəsiz...
Əgər məni sevsəydin, sənə övladdan ziyadə
Ana olardım... Ana...
Sevmədin amma...

Sənin əllərin qocalmasın, anamın baxışları...
Səhərin dan üzündə çökdü ömrümüzə "taleyin axşamçağı..."

Mən indi köhnə evimizə daman yağışlara dua edirəm,
Anam başqa bir evin pəncərəsinə günəş doğur,
Atam... O ağac kimi yarpaq-yarpaq üşüməkdən ölür...

...Gedim sabaha günəş dəmləyim...
Əynimə dəniz geyinim, 
Bəlkə gələr...
"Qızım, vida kimisən..." deyər...

***

Hə, uşaqlar..
Qumdan yuva,
Ulduzdan gül,
Güldən beşik düzəldə bilsəydim...
Özüm layla söyləyərdim doğduğum Günəşə..
 Böyüdüyündə gözlərinin qürub edişini görsəydim, danlamazdım..
Gözün aydın! Vurulmusan balacam! Gülümsə həmişə..

Hə, uşaqlar..
İncitməyin ananızın saçlarındakı dəni..
Siz hələ də elə düşünürsüz...
Düşünürsüz ki, onun saçlarındakı ağ sizin sevdiyiniz ağ..
Onun saçlarındakı dən qar dənəsidi...

Hə, uşaqlar..
Böyüyəndə biləcəksiniz..
Ananızın saçlarında ah üşüyür...
Bətnində mərmi-mərmi düşən gecə,
Ümidə bələdiyi  qocaman sabah üşüyür...
Analar üşüyəndə,
üşüyür, Allah üşüyür...

Hə, uşaqlar..
Qanad-qanad darıxar quşlar,
Bulud-bulud yağar yağışlar...
Son nəfəsdə buludu rəngə çalar sevdiyimiz baxışlar...
Ölüm gələndə ən gözəl sözü gözlər deyər...
Əllərində"şükür, yaşayıram" pıçıltısı titrəyər..
Hə, unutdum deməyi..
Gözlər nə deyər?..
Deyər "Ölsəm... Bağışla..."

Hə, uşaqlar... 
Başlar sonbahar,
Fəsil-fəsil,
İl-il...
Adamlar da qocalar
Addımlar da...
Amma...
Bilməzlər ki içimizdə hər zaman bir bahar yaşar...
Kimi zaman içimizdə nə baharlar yaşlanar...

Hə, uşaqlar...
İndi kim dərsimizi sükut-sükut danışar?..

***

nə o ocaq yanmadı,
nə odam isinmədi...
gözlərim dumanlandı,
şeirləndim... görünmədim...

qərib yolçu ahına
yoldaş olan şərqiydim...
duyan olmadı ana,
mən göy divanəsiydim...

ürkək idi ürəyim,
əllərimdə qışıydı...
əynimə geyindiyim,
gözlərimin yaşıydı...

hərdən bayatı olub,
gözündə oxunmuşam....
ömrüm şam ömrü ana,
yanmışam, yaşamışam....

***

Həkim, pərdələri çəkin
Pəncərədən içəri sızan günəşi görmək istəyirəm...
Həyatı birdə qoxlamaq istəyirəm doyunca...
Sevdiyimin gözlərinə hörmək istəyirəm ulduzları...
Son nəfəsimdə məsud olaram onda bəlkə.
Ömürdən ölümə yol alınca dönüb olaram yağmurun üzündə bir kölgə...
Anamı dan yerinə,
Atamı qumru ahına tapşırıb gedərəm..
Sonra göylər üzü dənizə dönər,
Qəfil gələr buludu ölüm,
Körpələrə şərqi söylər ağ ləpələr...
Bətnimdə bir körpə ömrü qürub edər...
Bilməzlər ki,
Anası şeir idi,
Atası kədər...
Nə yaşadısa, yaşadı mürəkkəbim tükənənə qədər...


***

Sən bilmirsən, etdiyin ah nəfəsində kimə tərəf yeriyir...
Sən bilmirsən yel-yel əsən can
Ölüm-ölüm ağlayır sevdiyini...
Gözləri ərşə qucaq açır,
Əlçim-əlçim əriyir...

Sən bilmirsən
Bir ovuc torpaq var hamının canında...
Sən bilmirsən
Hər ürək ürkəkdi, sükutunun yanında...


***
 (Qardaşım Tahir üçün)

Körpəm, mənim yaşadığımı sən yaşama.
Mən gözlərimin səhəri boğulandan siyaham.
Böyüdüyün zaman məndə o səhəri  axtaracaqsan.
Gecənin yaxasından yapışacaqsan..
Bəlkə də gözlərimi kimin qətlə yetirdiyini bir gün məndən soruşacaqsan.
Məni bağışla... Əgər deyə bilməsəm ki, Atam...

Körpəm, o sevdiyin laylalara and olsun,
Şeir yazmazdım, atam məni bunca ağrıtmasaydı..
Adamın ən çox ümidi ağrıyırmış körpəm. 
Ümidi...
Sonra... Küləklənib yox olurmuş adam...

Mən küləklənib yox olduğumda qayıtmasam qorxma olurmu?
Bərk yapış ümidindən!

Gözləsən... Görsən gəlmirəm,
Pəncərəni aç,
Yağış damlalarını tut...
Məni çağır, Dua et, Allah de... 
Və böyü...
Sən həmişə mənimlə uşaq ol, mənimlə böyü...

Körpəm, sən doğulduğun gün mənim göz yaşım şükür etdi ürəyinin küncündə...
Nələr ötürdüm... Yalqız yelləndiyim o yelləncəkdə...

Sənsizlikdə o yelləncək uzaqlara aparırdı,
Hüznlərə aparırdı bacını... 
Onda hələ sən yox idin,
heç kim gözünün nəmini silmirdi pəncərənin nəmini silən ananın...
Məndən başqa...
Qorxma...
Daha o günləri xatırlayıb ağlamayacam...
Söz verirəm...

Amma sən də böyüyüncə mənə söz verəcəksən.
Pəncərənin nəmini silən,
Yoxluqlarda üşüyən,
Nə olursa olsun həmişə səni sevən,
Göz yaşını əyninə geyinən bir qadını sevsən,
Onu Atamın Anamı incitdiyi kimi incitməyəcəksən...

Bunları böyüyəndə danışarıq, mənim sükut yoldaşım...
İndi... Mən bağlamalıyam pəncərəni.
...ki, üşüməyəsən...
Birdə... Mənim ürəyim üşüyəndi qardaş, 
Üşüsə... Ürəyinlə örtərsən?...

***

Deyirəm ki...
Torpaq, qızım... 
Torpaq...
Nə zaman ki, sən onu ovcunda tutsan,
Dönüb göy üzü olacaq...

Deyirəm ki...
Yarpaq, qızım...
Yarpaq...
Sənə sarı üşüyəndə,
Kimə məktub yazacaq?

Yuxu, qızım...
Yuxu...
Bir də gördün sənə dedi ki,
"Mənim də gözlərim var...
Qorxma, toxun..."

Uyu, qızım...
Uyu...
Unutma,
Sənə beşik olmaz bu dar quyu...
Amma tabut olar,
Dəvətsiz gəlsən də deyər,
"İçəri buyur..."

Bulud, qızım bulud...
Ulduz-ulduz tükənəndə,
Addımlarından tut...

Yağış, qızım...
Yağış...
Deyir ki, göz yaşların kimi,
Öz içinə yığış...

Ah-ah ansın için göyü qızım...
Yağ, yağ sonu yoxdu bu köçün...
Böyü qızım...

Ax, ax qürubların ürəyinə...
Qürubların ürəyini ürəyinə ilmə-ilmə toxu qızım...
Gecə boyu bayatı çağır, saçlarına...
Sübh tezdən eşq-eşq titrə, 
Bilirəm, için darıxır...
Bilirəm axı qızım...

***

Bir ürəklik dərdə də
Tütün qoxusu bəsdisə
Səni boğub öldürən
Aldığın nəfəsdirsə...
Unut məni... unut adam...

Qürubda itənim çox olub...
Sən də ol itənin biri...
De ki, o qadın zalımıydı...
De ki, onu sevmirdim...
Unut məni... unut adam...

Mənim xəzəl gözlərim
Yağışa çoxdan öyrəşib...
Üzmə özünü taledi də...
Talelər qışa öyrəşib...
Unut məni... unut adam...

Gecəni qınama.. o bəxtsizdi...
Eh... onu da sevda yorub...
Onu da uzaqların qadını,
İşığın qoynunda unudub...
Unut məni... unut adam...

***

Bir qəfil ayrılığa
Yağar, ağlayar şəkil...
Daxmasında mürgülü
Ölüm saxlayar şəkil...

Şəkillər yuxu yatmır,
Oyaq olur həmişə...
Ömrümdən ölüm damır,
şəklimə... Ölməmişəm...

Göz yaşım şəkillərin
Alnının qırışıdı...
Adamlar şəkil-şəkil
Qocalan baş daşıdı...

Ağla... Ağla ölüm-ölüm...
Titrə yel-yel ahıl canım...
Sonra... Ah-ah soraqlayım,
Eheeey... Şəkil adam, hanı?!

Qəhqəhəsi nə acıdı,
dil-dil ötən sükutunun?..
nədən belə eşq-eşq ötdün
ruhundakı uçurumu?..

eyyy əlimdəki əsa...
eyyy yolumdakı çıraq...
şəkil-şəkil uçan ağac...
şəkil-şəkil ölən varaq...

unudun... məni unudun...
bir axşam şəkillərim
torpağın dan üzünə
əbədilik hopacaq...

qürub qoxulu şəkillər
bizimçün darıxacaq...