Aydan Ay. Nağılsız evim... (ŞEİR)

Aydan Ay. Nağılsız evim... (ŞEİR)

Gecən xeyirə qalsın, qərib göy üzü!
Gecən xeyirə qalsın, yetim kölgəm heeey...
Gecən xeyirə qalsın, Anamın günəş üzü! 
Qəlbimə geydiyim səhərlər ki, var
Mənə bu gecətək yaraşan deyil... 

Gecən xeyirə qalsın, yarımçıq yuxum
Sağ ol ki gözümə qar gətirmişdin... 
Gecən xeyirə qalsın, ay körpə qışım
Sağ ol, gülüşümü itirməmişdin... 

Gecən xeyirə qalsın, buludlu baca
Gecən xeyirə qalsın, adamsız evim... 
Hələ də inanır səhər olacaq, 
Nağılla dolacaq nağılsız evim... 

Gecən xeyirə qalsın yolum, yoldaşım
Gecən xeyirə qalsın, ağac budağı... 
Sübhün mürgüsündə çiçəyin solsa, 
Öpüb gözün üstə qoy o yarpağı! 

Onun da gecəsi ümid istəyir
Bilməzsən yaşılın kim solduracaq... 
Öpüb gözün üstə qoymasan indi
Bu gecə öləcək, yaşamayacaq... 

Gecən xeyirə qalsın yaşıl yarpağım
Adamlar rəngini itirib yerdə... 
Gələcəm dilimdə şeir üşüyəndə
Gələcəm, demə ki, düşmüsən dərdə

Gecən xeyirə qalsın qərib göy üzü! 
Sən məni bağışla yaşlı yaşıma... 
Səhər açıldımı, itəcək izim
Qəlbimi götürüm, gedim uzağa...