Aydın Talıbzadə. Messi və Səddam (Hekayə)

Aydın Talıbzadə. Messi və Səddam (Hekayə)

(qeyri-adi əhvalat)

Bir qəzet döşədi yerə. İki qəzet döşədi. Üç qəzet döşədi. Sonra döşəmədi: qəzetləri qucağına alıb mal təzəyi kimi bir ucdan buraxdı ora-bura.

Vaqon-vaqon gəzib qəzet satırdı metroda. Dünən birini də sata bilməmişdi: küçə dirəklərindən asılmış işıq plafonlarının xoşbəxt təbəssümünə mısmırıq göstərə-göstərə hamısını qaytarıb gətirmişdi evinə. Heç dönərə də pulu çatmamışdı: dükançıdan yarımkilo "taxta” peçenye, bir də iki ədəd siqaret borca götürmüşdü; cibindəki üç manata dəyməmişdi.

Qapını açır. Otağın rütubətli qaranlığı boynuna sarılır və pıçıldayır: "Nə gec gəldin? Kif iyi canıma hopub, hiss eləmirsən?” Hiss eləyir ki, yanaqlarına nəmişlik sərin ovcunu toxundurur: "Darıxmaqdan, gör, necə buza dönmüşəm?” Cəld cəftəni vurur, işığı yandırır: qaranlıq ondan əl çəkib gedir, kif qoxusu isə qalır. Evdən hər şey satılıb: daha pula çevriləsi heç nə yoxdur. Zirzəmiyə aramsız su gəlir: gözü tutulmuş krandan daman kimi tıp-tıp damıb gəlir; döşəmə artıq çürüməyə başlayıb. Sarımtıl divar kağızlarının şümal sinəsində gündən-günə suyun kölgəsi böyüyür.

Peçenye torbasını tullayır xardal rəngli nimdaş divana: bir bağlama qəzeti də qoyur küncə. Qonşu televizora o qədər səs verib ki, baş çatlayır; hamı coşub tez-tez Messi-Messi deyir. Birdən bu, İsa Məsihin özü olar ha? Qəribə adamdır: qəzetlər həmişə onun fotolarını çap eləyirlər.

Çəkmələrinin iplərini açıb ayaqlarını qəfəsdən havaya buraxır: onlar uçmurlar, yağışdan büzüşmüş qoşa qarğa balalarına dönürlər; metronun eskalatoru ilə hoppana-hoppana elə qaçıb, elə yorulublar ki...

Əllərini yuyur. Qurulamır. Əlləri yaş-yaş odlayır qaz plitəsini: çaydanı isidir. Kibrit çöpünü vızıldadır dopdolu zibil qutusuna. Fincanı yaxalayır. Köhnə divar şkafının rəfindən bir paket çay götürüb salır fincana, üstünə də dağ su tökür. İki barmağı ilə sapından yapışıb paketi aramla fırladır, fırladır, fırladır; ara-sıra paketi suya batırıb-çıxarır. Baxır çaya: bir də batırıb-çıxarır, bir də, bir də: sanki balıq tutur. Paket çırpınır, çırpınır, çırpınır; çayın rəngi tündləşir: sonra atılır külqabıya və anındaca boynunu büküb ölür.

 Fincanı ovuclayır, keçib divanda əyləşir. "Taxta” peçenyelər də xardal rəngindədir: onları bir-bir çaya basıb isladır, isladıb yeyir, basıb yeyir, yeyir, yeyir və bir də görür ki, peçenyelər qurtarıb; qarnı isə köpüb, amma özü doymayıb. Peçenye ovxalantısı ilə üzü qaysaqlanmış çayından daha bir qurtum içir, ləzzət eləmir: lırt palçıq kimidir. Durub fincanı boşaldır suaxana. Kif qoxusu sanki çoxalıb. Pencəyini soyunur: iki siqaretdən birini, kibriti və külqabını götürüb işığı söndürür: qaranlıq təzədən gəlib onu qucaqlayır. Divana uzanırlar: сorablarını çıxarmır, geyimli-geyimli adyalı örtür üstünə, kibriti yaxınlaşdırır siqaretə: siqareti sümürüb qoymur ki, qaranlıq onun dodaqlarından öpə. Metro qatarlarının uğultusu hələ də qulaqlarındadır. Gözlərini yumur. Bu da həyat: sabah yenə həyat; o biri gün, daha o biri gün yenə həyat: heç nə dəyişməyəcək. Sən ölüm istəyirsən?

Ayaqlarının altında ürəyinin guppuldadığını apaşkar eşidir. Siqaretindən bir qüllab da alır və göy tüstünü üfürür qaranlığın üzünə. Qonşunun televizorunda Messi qol vurur: qışqırırlar. Bəxtəvər. Sol böyrünə çevrilib siqaretini ehmalca söndürür: yarısını səhərə saxlayır. Möhkəm-möhkəm adyala bürünür və bu dəfə onun özü pıçıltıyla qaranlıqdan soruşur: "Mən əfəli nə tez tapdın?” Yatırlar.

 Səhər yuxudan ayılan kimi dünən sata bilmədiyi qəzet bağlamasına gözü sataşmışdı, yüngülvari əsəbiləşmişdi və anlamışdı ki, bu, sondur, çarəsizlikdir: qəzetin kitabı bağlanıb, müştəriləri rəhmətə gedib. Hərçənd o bilirdi ki, nə işlə məşğul olsa, elə bu cür yaşayacaq: cında kökündə, səfalət içində, yarıac, yarıtox. Kiməsə əl uzadıb pul almağı heç bacarmırdı: xəcalət çəkirdi, utanırdı, fikirləşirdi ki, adam adamdan pul almaz; fikirləşirdi ki, adam adamdan pul alanda alçalır; fikirləşirdi ki, adam cansız kassadan pul alar, başqalarına pul göstərməz. "Pul əl çirkidir” düşüncəsilə onu tərbiyə etmişdilər. O, da inanmışdı: inadla pulu çirk bilib yaşamışdı, özünü pulsuzluğun çirkli günlərinə bürüyüb inadla yaşamışdı. Nə qədər çalışmışdılar, inadından daşındıra bilməmişdilər. Ərəb dili fakultəsini bitirmişdi: yas məclislərinə, qəbiristanlığa gedib adi bir "yasin” oxusaydı, pulu başından gəlib ayağından gedərdi. Getmirdi, oxumurdu, bəhanə gətirib deyirdi ki, Qurana pul yoxdur.

Qaranlıq onu yenə səhər baxçasında tənha buraxıb əkilmişdi. Dilxor idi.

Axşam qənaət eləyib axıracan sümürmədiyi siqaret kötüyünü külqabıdan götürür, baş və şəhadət barmaqları arasında ovub yumşaldır, dodaqlarının böyrünə qoyur, alışdırır və gözlərini zilləyir köhnə qəzet kimi saralmış tavana. Birdən ona elə gəlir ki, tavana sənədli kadrlar proyeksiya olunur: kinolentdə boynunu aramla ölüm ilgəyinə keçirən şəvə bığlı yekəpər Səddam görsənir. Gözləri yumuludur, dodaqları tərpənir: kəlmeyi-şəhadətini söyləyir yəqin. Əgər Səddam tavandan yıxılsa, düz onun divanına düşəcək. Çaşır. Bu niyə burda  peyda olsun ki? Dünən Messi, bu gün Səddam: samitlər əcəb qoşalaşır. Daha  bir qüllab: barmaqları tütün və kül qoxuyur. Səddam tavanın kino dalğalarında yellənir, yellənir, yellənir və qəfil ona göz vurub boşluğa sıçrayır.

Adyalı hövlnak kənara itələdi. Tələsdi. Həyət, tualet və geriyə: həmişəki marşrut. Otağa qayıdanda əlində siqaret yox idi: özüylə ləyən gətirmişdi. Ləyəni yerə atdı. Qəzetləri yaydı döşəməyə. Dolabdan çörək bıçağını qamarladı: yarım litrlik araq şüşəsinin qapağını açıb iylədi. Qurşağacan soyundu. Dizüstə əyləşdi: pəncərədən düşən işıq zolağı hülqumuna dirəndi. Araqdan qurthaqurtla içdi, bir hissəsini də tökdü başından aşağı: dibində yalnız bir qədər saxladı. Spirtlədi qollarını, çiyinlərini, sinəsini, qarnını. Gördü ki, dörd bir tərəfdən ümidlər onu tərk eləyib gediblər. Fikirləşdi ki, yaşamaq üçün gərək bir bəhanə bulsun. Gəzdi: bəhanə tapılmadı. Dedi öz-özünə: yetim qalmaq nədirsə, elə budur; dünyanı itirmək nədirsə, elə budur. Haradansa son ümid gəlib şöngüdü qənşərində. Ölümünü tanıdı. Salamlaşdılar. Burnu ilə dərindən nəfəs aldı, bıçağı qabırğasının altına soxdu və qarnını dövrələmə kəsib götürdü, tulladı ləyənə. Arağı boşaltdı ovcuna, bədənində açılmış oyuğa sürtdü. Yaman incidirdi. Böyrəklərini, ciyərlərini əzizlədi. Barmaqlarını bir cıqqılı da uzatsaydı, ürəyini xamçalaya bilərdi. Ehtiyatlandı. Əlini çölə çıxartdı, ləyənə atdığı qarnını sığalladı: qarından isti buğ qalxırdı. Xoşhallandı, xəfifcə gülümsündü, yerdən qəzetləri yığışdırıb dürtdü qarın boşluğuna, Messinin, Səddamın şəkillərini də doldurdu ora. Durdu ayağa. Köynəyini, pencəyini geyindi: heç kəsi şübhələndirməsin deyə, öz köhnə plaşını da keçirtdi əyninə. Qarnını ləyəndən götürüb aşırdı boş düyü torbasına. Ayaqlarını soxdu çəkmələrinə, qapıları qapamadan çıxıb getdi. Çəkisi azalmışdı: yüngül-yüngül addımlayırdı lap Messi kimi. Gəldi düz bazara. Üç manatı bir kəndçiyə verib onun piştaxtasının bir hissəsini aldı: dedi yarımsaatlıq işi var. Kisənin ağzını aralayıb qarnı qoydu piştaxtanın üstünə və ucadan qışqırdı: "Adam qarnı satıram, adam qarnı, yüz dollara: unikal bir şeydir”.

Ətrafa çox pis bağırsaq qoxusu dağılırdı.

"Bazar şeytanları” bir qədər aralıda iki-bir, üç-bir toparlanıb bu arıq, uzun, donqar, yekəbaş alverçiyə diqqətlə baxırdılar. "Mən bu qarnımı düz 45 il dolandırmışam; nələr yedirtməmişəm bu dibsiz çuvala? Qoyunlar, qoçlar, öküzlər, inəklər, quşlar, tərəvəzlər, meyvələr, tortlar, peçenyelər... Axırda o, mənim bütün evimi yedi. İndisə, qoy, qarnım məni yedirtsin. Satıram, onu: yüz dollara” – dedi və başladı yalan danışmağa: "Kim mənim qarnımı qaynadıb suyunu içsə və onu ət maşınında çəkib kotlet bişirsə və üç gün ərzində hər gün bir kotlet yesə, bütün oynaq ağrılarından azad olar. Yüz dollara revmatizm dərmanı alın, cavanlıq iksiri alın. Ölənəcən heç bir yeriniz ağrımaz. Gəlin, yubanmayın, heç yerdə belə bir qarın yoxdur. Sabah gec olacaq. Qəzetlər yazandan sonra bu qarnın qiyməti qalxacaq kəllə-çarxa. Onda yalvarsanız da, satmayacağam. Bu qarnı özüm bişirib yeyəcəyəm.”

 Bir nəfər şaqqanaq çəkib güldü: "O dəlixanadan qaçıb. Adam da qarınsız yaşayar?”

 Böyründə dayanmış qadın ona cavab verdi: "Yaşayar. Yad planetlilərin qarnı olmur ki. Görmürsən nə arıqdır, alnı da necə yekədir. Qanı da heç axmır. O, insanları xilas eləməyə gəlib.”

Bir yaşlı kişi mızıldandı: "Əgər insanları xilas eləmək istəyirsə, niyə qarnını pula satır? Qoy, qarnını havayı paylasın da.”

Cavan oğlanlardan biri qışqırdı: "Polis çağırmaq lazımdır, polis, polis. Bəlkə onu düşmənlər göndəriblər ki, bizi zəhərləsin. Bu kimyəvi hücumdur, diversiyadır. Heç qarın da bu cür iylənər amonyak kimi? Haydı, birləşək, qovaq bunu burdan: heç düz-əməlli adama oxşamır”.

"Qorxmursansa özün qov. Ancaq qorxsan yaxşıdır. Çünki ilişərsən, zibilə düşərsən. Sonra ora-bura dartacaqlar. Xatadı, əşşi” – bunu çuğulçu intonasiyası ilə söyləyən müəllim tipli birisi idi: bazara qalstuk taxıb gəlmişdi.

Qəzetçi bu dəfə zəifləyən, uzaqlaşan qoca bir səslə pıçıldadı: "Qorxmayın məndən. Qarın mənim qarnımdı, lap təzə kəsilib, indicə kəsilib. Heç soyumayıb. Məni dükançı tanıyır: Messinin şəklini qapısına vurmuş dükançını deyirəm. Dünən manatyarım ona borclu qalmışdım”.

Başı gicəlləndi. Aralıda kimsə mobil telefonla danışırdı. Dirəyə söykəndi: yer elə bil ayaqlarının altından qaçırdı. Cibindən siqaret çıxartdı. Barmaqları titrəyirdi. Kibriti bir təhər alışdırdı. Gözlərini bərəldib həsrətlə sümürdü siqareti. Tüstü içəri getdi. Amma qayıtmadı geri. Camaat bir də gördü ki, onun plaşının altı tüstülənir. Bu, insanlara artıq maraqlı gəldi: güman etdilər ki, qarşılarında dayanan adam kloundur. Kimlərsə ciblərində eşələndilər. O, siqaretini daha iştahla və daha tez-tez sümürməyə başladı. Özünün də xoşuna gəlmişdi qarın boşluğunun tüstülənməyi. Taqətsizləşirdi, xumarlanırdı. Kimsə onu telefona çəkirdi, kimsə selfi eləməyə çalışırdı: kimsə boynunu büküb matdım-matdım kənardan baxırdı.

Birdən gördü ki, uzaqda polis maşını dayandı: əlidəyənəkli iki nəfər endi aşağı. Döyülüb polisə düşməyi heç arzulamırdı: kibrit qutusunu bütövlükdə yandırıb tez qarın boşluğuna soxdu. Qəzetlər həmən alışdılar.

Polislər yerin-göyün sahibi kimi gəlirdilər, aramla yaxınlaşırdılar. Heç kim canfəşanlıq göstərib odu söndürməyə çalışmırdı. Alovun dilləri qarnından çıxıb tələsik yuxarı dırmanırdı, boğazını, sifətini cırmaqlayırdı. Sonra pencəyi və plaşı da közərib od tutdu. Bərk ağradırdı: paltarlarını sanki bədəninə lehimləyirdilər. Polislər yetişəndə iş-işdən keçdi: yanğın güclənmişdi. Kimsə bir vedrə su gətirib tulladı ona sarı. Su hansısa bir şüşə arakəsməyə dəyirmiş kimi çiliklənib asfalta töküldü. Alovu söndürə bilmədilər. Durdular. Camaat şaşqın idi. Qəzetçi kipriklərinin arasına muncuq-muncuq sığışan damcılarda adamları balaca-balaca gördü son dəfə, göz bəbəklərini qapadı, yıxıldı: aramla yanıb eybəcər bir forma aldı. Anidən xəfif bir meh üfürüb onun külünü bazarın fəzasına səpələdi. Polislər külə baxa-baxa şaşırdılar, heç nəyə toxunmadılar: məsləhət bildilər ki, bazar iki günlüyə bağlansın, hər yan yaxşıca dezinfeksiya edilsin, hər şey yandırılmaq üçün müsadirə olunub aparılsın.

Heç kəs anlamadı ki, nə baş verdi, niyə baş verdi. Heç kəs anlamadı ki, bu ölən adam idi, yoxsa yadplanetli məxluq. Heç kəs heç nə anlamadı...

Sakitlik çökdü hər yana. Göydən kül ələnirdi. Qəfildən kimsə piştaxtanın üstünü dırnaqlarının ucuyla yavaşca tıqqıldatdı və pəsdən oxudu: "Naaar... naar... Nargilə”. Elə bu dəm bir başqası çıtma çaldı və ucadan dedi: "Naaar... naar... Nargilə”. O biri yumruqlarını silkələyə-silkələyə bağırdı: "Naaar... naar... Nargilə”. Polislər də, bütün "bazar şeytanları” da onlara qoşuldular, çıtma çalıb, qol götürüb sındıra-sındıra oynamağa başladılar. Oynaya-oynaya gözlərini bərəltdilər, ağızlarını geniş açıb nərildəyə-nərildəyə oxudular: "Naaar... Naar... Nargilə... gəlin, gedək yargilə, naaar... naar... Nargilə... gəlin, gedək yargilə”. Trans vəziyyətinə düşmüş izdiham adamları bazarın qapısından çıxıb Göyçayın nar bayramına yollandılar.

Bazar boşaldı. Amma onun qarnı necə vardısa, eləcə də qalıb iylənirdi. Kəsif bir qoxu dünyanı bürümüşdü. Pişiklər tənbəl-tənbəl piştaxtanın ətrafına yığışırdılar.

Sim-sim.az