Ayhan Miyanalı. Yasaq Sevgi (Hekayədən dönmə)

Ayhan Miyanalı. Yasaq Sevgi (Hekayədən dönmə)

İkinci addımı atıb həmən yerdə bayıldı…

İzdiham hər yeri bürümüşdü. Şəhərin bütün insanları sankı ora toplanmışdılar. Qadın iki əliylə başına tapdayaraq höküdə-höküdə ağlayırdı. görüntüləri izləyənlər də həzin-həzin ağlayırdılar.

Artıq intihar etmişdi və ondan qalan bir sürü xatirələriydi. Şəhərin hər harasına baxsaydın, onun izi orada varıydı. Görəsən ondan sonra daha kim buralarda kitab sərgiləyəcək?

Kitabları da yiyəsiz qaldı yazığın.

Ambulans uvuldaya-uvuldaya özünə zəhmət verib, ortalarda tapıldı. Hərə bir söz deyirdi. Başlamışdılar məhkəmə qurmağa!

kişini brankarda qoyub, ambulansa mindirdilər. Artıq hər şey qurtulmuşdu.

Ambulans yolunu xəstəxanaya doğru tutub getdi.

Xiyabanın daşları da qırmızıya boyanmışdı, kimsə bu acağın sonunu düşünə bilmirdi.

Bir-iki qadın başının üstünə toplanmışdılar. Birisi su, başqası isə əlində nobatlı çay. Olmaya ölənin yaxınlarındandır deyirdilər.

Yavaş-yavaş gözlərini açmağa başladı. Bu açış aydın deyildi, nədən ki özünü tapdıqda, dünya başına dolandı. şıdırğı kimi ağlayıb, nəfəs çəkməyə bilə incarı yoxuydu.

Yaşlı qadın onu bağrına basıb soruşdu:

-Qızım bu intihar edən insan sənin nəyin olarmış?

Bu "olarmış” sözcüyü ona elə ağır gəldi ki, bu dönə daha uca höküdərək ağlamağa davam etdi.

Demişdi sənsiz yaşaya bilməm; demişdi getsən qalmam buralarda. Amma deməmişdi ki bir kərəlik dünyanı tərk edib, ürəyimdə sonsuz bir dərd ağacı əkəcək. Yaşlı qadın onun sözlərini yarımçıq anlayaraq, əlindən tutub, ona toxtaqlıq verməyə başladı.

Qadın hələ bu köçməyə inanmırdı; lap düzün istəsən, hər şeyin yuxu kimi olduğunu istəyirdi. İçindəki yasaq sevgi, artıq gizli bir dərdə dönmüşdü.

Nə dərdini kimsəyə anlata bilirdi, nə də bu sonsuz ayrılığa dözə bilirdi.

İki gün sonra dəniz qırağında bir cəsəd tapıldı. Qadının sarı saçları islanıb kəndir kimi olmuşdu. Üzündə bir məsumiyyət varıydı ki… demək cənnətdən uçan bir mələk kimi, özündən işıq saçırdı dənizin qanmaz bağrına.

Balıqçılar cəsədin boğazından asılmış bir bağlı tapdılar. Yaşlı balıqçı bağlının içində bir məktub var dedi. Ehtiyatla bağlını açmağa başladılar.

Savadlı bir gənc balıqçı, kağazı yaşlı insandan alıb başladı oxumağa:

Sənsiz ola bilmədi Sevgilim!

Bu qıssa zamanda, yaşamın nə olduğunu səndən öyrəndim. Gülüb-ağlaşdıq.
Yaşadıq və yaşatdıq.

Gecələrdən nifrət edirdim. Sabahları sevirdim. Telefonumu bilə sevirdim, zəngivi, səsivi və sənlə yaşadığım anıları. Hər zaman deyərdin ki sənsiz yaşaya bilməm. Keşkə illər öncə səni tanısaydım.

İndi nə mən bu durumdaydım nə də sən!

Artıq mən evliydim; bir ana idim və bir yoldaş ərimə. Sən də mənə tay.
Amma səni sevirdim; sənlə yaşayırdım.

Sevgilim getməyivə dözə bilmədim; əslində özümü bağışlaya bilmədim.
Sənsiz yaşamın kədərli günlərinə düşünərkən, yanıva gəlmək qərarına çatdım.

O dünyada gözlə məni. Daha artıq sənə çatdıqda səni buraxmayacağam.

Demişdin ki, bizə birlikdə yaşamaq imkanı olmayacaq; demişdin ki sənin eşqin artıq məni yandıracaq; demişdin…offff nələr dedin və nədən heç inanmadım bu sözlərə.

İndisə gəlirəm oralara, aç bağrıvı, ki sənsiz bu yaşam mənə haramdır; haram!

Gözəl balalarım, mehriban ərim, nə olar bağışlayın məni. Mən yaşamaqla, nə balalarıma ana ola biləcəydim, nə də yoldaşıma bir arvad. Bilirəm bağışlanmağıma heç yer yoxdur, bilirəm.

Haqqınızı halal edin lütfən.

Həmişəlik kədərli dünyam, səlamlar Sevgilim.

Məktub sona çatdıqda, oradakılar olayın nə olduğunu açıqca başa düşdülər.

Kimisi yasaq sevgilərə nifrin, kimisi də belənçi sevgilri qınadı; kimisi də bunların kədərlə bəslənmiş sonlarına ağladı.

Qadının cənazəsini ambulansa mindirib apardılar. iki gün sonra, çox qərib bir durumda, torpağa tapşırıldı.

O olaydan beş il keçmişdi.

Kişi oğluyla məzarlıqda dostunun qəbirini axtararkən, gözü bir qəbir daşına sataşdı. Öncə inanmadı; biraz yaxınlaşıb diqqətlə daşın üstündəki yazını oxudu.

Gözlərindən payız yağışı başladı yanaqlarına yağmağa. Oğlunun şaşqın gözləri görməliydi. Atasının nəyə və nədən belə ağlamasını heç başa düşmürdü.

İllər öncə onu tərk etdiyi qadının, özünü deyil, məzarını tapmışdı.

İlahi bu görüntünü necə açıqlamaq olar kiiii. Kişinin ciyəri sankı yanırmış. Alov sinəsindən baş götürüb varlığını bilə yandırmağa başlamışdı. Heç özünü bağışlayan bir durumda deyildi. Onun arxasıyca nələr ki düşünməmişdi!

Tanrıdan tək bir diləyi, ölüb sevgilisinə qovuşmaq idi.

İllər öncə xəstəxanada doktor onu, son nəfəsində qurtarmışdı. Və bunca ildə kimsə qadının başına nə gəldiyini ona deməyib; hər şeyi ondan gizlətmişdilər.

O gün məzarlıqdan evə dönüb kitabxanasına qapsandı. Bir iki ay kimsəylə danışmadı, kimsəyə izah verməyib yalqızlığındakı dərdləriylə baş-başa qaldı.

Günlərin bir günündə, kiçik oğlu, onun cənazəsini kitabxanasından tapdı.

Altı insanın baxtı qara, yazıq kitablar da, şəhərin kilovluq kağız satış mərkəzlərinə qonaq oldular.


2020/01/01
01:00
Od günü