Aynur Camalqızı Elçin Əlibəyli barədə deyilənlərə münasibət bildirdi

Aynur Camalqızı Elçin Əlibəyli barədə deyilənlərə münasibət bildirdi

Sabiq millət vəkili,  Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Camalqızı ATV telekanalındakı “El içində” verilişinin keçmiş aparıcısı Elçin Əlibəylinin həmkarının ad günündə “Sarı gəlin” mahnısını erməni dilində zümzümə etməsi barədə mətbuatda yazılanlara münasibət bildirib.

Sabiq millət vəkili A.Camalqızı deyib:

“Bəri başdan qeyd eləyim ki, məqsədim heç də Elçin Əlibəylini müdafiə etmək deyil. Özü istedadlı, savadlı jurnalistdir, özünü müdafiə etmək imkanları əksər həmkarlarımızdan qat-qat genişdir. Sadəcə, ədalət naminə bu məsələyə münasibətimi bildirmək istəyirəm. Əgər bu gün ölkədə ermənilərə rəğbət bəsləyən, onları sevən, hörmət edən bircə nəfər varsa, kimsə də buna inanırsa, demək ki, onun psixikasında, psixlologiyasında ciddi pozuntular var, mətbuata deyil, həkimlərə üz tutmalıdır. Ağlı başında olan heç bir Azərbaycan türkü iddia edə bilməz ki, “Sarı gəlin” mahnısı ermənilərə məxsusdur, o cümlədən də Elçin Əlibəyli. Şəxsən mən hesab edirəm ki, mətbuata sızdırılan məlum informasiyada Elçinin fikirləri kontekstdən çıxarılıb, ya da o məclisdə iştirak edən manıs-müğənnilər onun dediklərini yanlış anlayıblar. Bu, həqiqətə məncə, daha yaxındır. Çünki ömründə bir kitab arası açmayan “həşəmətli” müğənnilərimiz restoran atmosferində E.Əlibəylinin nə dediyini, nə demək istədiyini istəsələr də, başa düşə bilməzdilər. Ermənicə mahnı oxumaq eyib deyil, baxır nə məqsədlə oxuyursan. Əgər mahnının Azərbaycan xalqına, Azərbaycan mədəniyyətinə aid olduğunu göstərmək, sübut etmək üçün zümzümə edirsənsə, burda bir qəbahət yoxdur. Zatən, Elçin bəy mediaya açıqlamasında bunu bəyan edib. “Sarı gəlin” azəri musiqisi olduğuna görə erməni dilində həddən ziyadə bayağı, namünasib, uyğunsuz səslənir, bunu da bilməyənlərə izah etmək bilənlərin borcudur”.

A.Camalqızının sözlərinə görə, erməni dilini bilməyə gəlincə, bu, vacib məsələdir.

“Düşmənin ilk növbədə dilini bilməlisən ki, planlarını, niyyətlərini öyrənmək çətin olmasın. Vaxtilə mən təklif etmişdim ki, ölkədə erməni dilini bilən mütəxəssislər hazırlamaq lazımdır. Çünki Ermənistandan deportasiya olunmuş soydaşlarımız arasında illər keçdikcə bu dili bilənlərin sayı azalır. Bu məsələlərlə məşğul olmaq üçün ayrıca bir mərkəz, institut yaradılmalıdır. Bildiyim qədər artıq belə bir qurum fəaliyyət göstərir. İndi həmin qurumda çalışanları “xalq düşməni” elan edək? Erməni dilini bilməsi E.Əlibəylinin qüsuru yox, üstünlüyüdür. Demək o, düşməni daha dəqiqliklə “tədqiq etmək”, tanımaq, öyrənmək baxımından bizlərdən bir addım irəlidədir.

Onun “Sarı gəlin” mahnısına münasibəti aydındır, bəllidir, bu mövzuda verilişləri olub. Həmin verilişlərdən birinin iştirakçısı kimi bildirirəm ki, Elçin Əlibəyli heç vaxt, heç bir halda “Sarı gəlin”in ermənilərə məxsusluğunu dilə gətirə bilməzdi. Bu, özü özündən imtina etmək, özü özünü təkzib etmək olardı. Mənim Elçinin vətənpərvərliyinə şübhəm yoxdur. Yayılan şayiələrə inanmaq lazım deyil. Ortada sadəcə, yanlış anlaşılma var.  Nəyə görəsə bizlərdə bir “dəli”nin quyuya atdığı “daş” daha çox səs-küy yaradır, nəinki daha ciddi, daha önəmli məsələlər. Sanki bütün problemlərimiz həll olunub, qalıb “ermənicə oxumaq” məsələsi. Kim nə deyir desin, E.Əlibəyliyə yönəldilmiş bu “aksiya” Akif Nağının ölkəyə ayaq basan ermənilərə qumurta atması kimi bəsit və gülüncdür.

Əzizlərim, bu ölkədə bir Mübariz İbrahimov örnəyi də var. Heç kəsin əl-qolunu bağlamayıblar. Kimin ürəyi vətənpərvərlik və intiqam alovuyla alışıb yanırsa, gedin, qisasınızı alın. Onda sizə “afərin” deyərik”.

Modern.Az