Aysel Fərəc - “Boynuburuq bənövşə”

Aysel Fərəc - “Boynuburuq bənövşə”

Saatın əqrəblərinin hamı üçün eyni işlədiyini söyləmək absurddur. Kimisi qiymətləndirir, kimisi sadəcə tavana tamaşa etməklə ömrünü boşa sovurur. Bugünün əqrəbini gələcəyinə sancır. Özünü məhv edir. Bəzən sənin gəlişini gözləyən gələcəyini, iki gözünün çığırğan almacıqları ilə dilim-dilim edərsən. Nə uğruna mı? Sənin uğruna. Axışan o 2 qədəhlik yaş səni bütün bəşəriyyətlə savaşa zorlayar. Yarı qırmızı, yarı qara, hasarları da ağ rəngli badəm gözlərin var. Upuzun dalar bitmişlərə.. Dodaqların sanki and içibmiş kimi bir-birinə möhkəmcə sarılar. Gülüşü unutdurdu, amma sən fərqində deyilsən. Artıq qaşlarının quruluşu da dəyişdi: biraz küskün çatılmış, ədasından əsər-əlamət qalmamışdır. Alnın 4 mərtəbəli tort kimi üst-üstə mərtəbə basıb. Toxsan, amma özünü ac göstərirmiş kimi çarəsiz boyun əyişin.. Elə durma. ¾-ə şəklini çəkəcəm. Dik dayan və qürurla mənə gözlərini zillə. Bunu mən yox, yaşayışın səndən tələb edir. Ortalığa bənzətməli-bənzətməsiz hər kəlimədən tökərəm: qürur/suz, şəxsiyyət/siz, vicdan/sız. Həyat yolun zibilxanaya dönər. Onsuz talantsız süpürgəçi tapmaq çətindi. Elə-belələri işə qəbul olunmur. Xarici dil bilməyən, amma stolçulardan qat-qat savadlı tanış-sirdaşlar bir ara süpürgəçiliyə tamah salmışdılar. Orta məktəbi anasının gücünə bitirmiş fəqir dostlarım az deyil. Atasından olsa, 14 yaşında 2 uşaqla şorba bişirməlidilər. Amma gəl gör ki, savadlarına söz yox. O ata ki, ərə gedəndə evlilik şəhadətnaməsində imza çəkə bilsin deyə oxutdurur. Onu düşündüyündən zərrə deyil. Onlardan hansı xarici dil umasan? Indi silib-süpürən xalalardan attestat diplomu, 3 dil, heç olmayan yerdə kafi səviyyədə rus və ingilis dilini tələb edirlər. Adama təsir edir. Xadiməçi ilə söhbətə tənəzzül etməyən qalstuklu əslində o xadiməçinin "ali” diplomsuzluğu hesabına orda oturduğunu dərk eləmir. Yiyəsi olan yaşayır.. Fizzə xala ilə evə qayıdanda sağollaşmaq istədim. Canayaxın qadındı. Dedi, "bala, enfasi Nesimi gör nə candır, Dəryayi mühiti dürri-kandır”. Yorğun idim. Başım ofisdəkilərin qır-qırından nağaraya dönmüşdü. Ayıldım. Qulağımın pası silindi. Gülümsündüm. Ne demək istədiyini anlamışdım. Bütün gün sanki içindəki cəvahiratları bölüşməyə bir kəs axtarırdı. Arxamca da əllərini göyə qaldırıb, xeyir-dua verdi və boynunu təvazö şəkildə yana əyərək arxamca xeyli baxdı.. Hər kəsin arxasınca elə baxmazdı. Sanki "orta məktəbi boshuna oxumamışam ki. Mən də sonunda həmsöhbətimi tapdım” baxışı ilə baxırdı. Bənizi ağ idi. Beli azca maililəşmişdi. Atası uşaq ikən ona az işgəncələr verməmişdi. Ali təhsil alıb, vəkil olmaq və anasını atasına qarşı müdafiə etmək istəyirdi. Kemal Sunal demiş, anasını saraylarda yaşatmaq istəyirdi. Kimə niyyət, it-qurda qismətmiş.. Bütün bunları Nəsiminin qəzəlini deyən gündən sonrakı günlər, həftələr, aylarda bölüşmüşdü. Aramızda bir bağ yaranmışdı.

Bir gün xəstələnmişdi. Ofisdə görmədim. Nigaran qaldım, ev ünvanını ələ keçirdim və xəstə ziyarəti adı ilə şəraiti ilə də tanış olmaq istədim. Fağırın nə atadan, nə də ərdən bəxti gətiribmiş, sən demə. Bir qızı( 14 yaşında) var imiş. Evdə də tək əli çörək tutan təbii ki, özüdür. 1 otaqlı, künc evlərdən birində, illərin keçmişindən qalmış "Kumtell” peçi ilə bu soyuqda özlərinə daldalanacaq tapıblar. Tavan insanın qoynuna doğru yaxınlaşır. 4 divar isə nəmişliklə elə əhatələnib ki, evdə oturduğumu unutdurur. Bir xeyli hal-əhvallaşandan sonra gətirdiyim xırda-xuruş lazımlı şeyləri evə yerləşdirib, sabah işdə gözləyəcəyimi söylədim. Hər şeyə rəğmən, enerjisi və həyat eşqi insanın əllərini ağzına aparıb, gözlərini dombaldırdı.

Artıq evdəydim. Qıçımı qatlayıb, filmə baxa-baxa çay kefi etmək istəyərkən, birdən Fizzə xalanın taleyini, qoxladığım bənövşə gülünə bənzətdim. Guya bənövşə ağ günə çıxdığındanmı elə boynubükük adlanır?! O da bir vaxtlar edamlıq insandan özünü oğurlamışdı. Xoşu gəlirdi. Deyirmiş, sadəlövh duruşdu. Nə bilsin ki, yıxılana balta saplayan çox olar.. Çoxusu çəmənlik bənövşəsi olmağı seçdi. Əzildi, tapdandı və susdu. Bəziləri ətirli bənövşə olmağı seçdi. Seçimi bir idi- hər kəsdən uzağa qaçmaq. Amma geri döndü. Bir müddət sonra, bəlkə nələrisə gözəlləşdirə bilər deyə. Azmı əzilmişdi məgər buralarda? Deyil! Üstəgəl diyarsızlaşdıqca daha da əzildi, yalqızlaşma meyli bir xeyli artdı. Uzaqlara dala-dala daha da qürrəli duruş aldı. Boynu nə qədər uzandıqca, bir o qədər bükülürmüş, sən demə. Gedərək aberrasiya halı almağa başlayırdı. Hər özü ilə doğmalaşanda daha da bükülürdü. Yəqin gecələrə təsadüf edirmiş. Gün doğuşa başlanğıc təbili çalan kimi, yenidən gözünü abajur örtmüş şəkildə, qəddi şux, çöhrəsi ağ, qaşların biri aşağı, biri yuxarı, ağzı demirəm... Sanki dişlərinin arasında qeyb olmuş "X” və "Y” xətti idi. Mənəviyyatı tər qoxurdu. Bunun üzərinə ətrafına saçdığı bənövşə ətrindən bir az çilədi. Bəlkə günlər əvvəlki pasını basdalayar deyə. Axı o ətirli( boynubüküklüyündən zərrə əydirməyən) bənövşəydi ..



Aysel Fərəc