Azad Qaradərəli. 14 fevral günü toyda (HEKAYƏ)

Azad Qaradərəli. 14 fevral günü toyda (HEKAYƏ)


Bizim uşaqların anasına 

Heç getmək istəmirdim. Heç. 

Amma olmadı. Səbəbini siz də bilmiş olarsınız. Hamının başına gələ bilən əhvalatdır. 

Arvadımı işlədiyi kollektivdən toya çağırmışdılar və dəvətnamədə "həyat yoldaşınızla” sözü də əlavə olunmuşdu. Təəccüblə ona baxım. "Niyə? Əvvəl belə olmazdı axı?”

Gülümsündü:”Söz qoyublar ki, hamı cüt gəlsin.” Və dəvətnamədəki tarix... 14 fevralda olasıydı toy. Daha etiraza yer qalmadı. Və beləcə həmin axşam heç tanımadığım adamların arasında olmaq kimi bir əzaba qatlaşası oldum.

Bizimki səndeyən oynayan-gülən olmasa da, kollektiv onunku idi və istər-istəməz müəllim yoldaşları ilə ayaqlaşmağa çalışırdı. Məni də bir-iki dəfə oynamağa dartışdısalar da, özümü ağır satdım. Üzbəüzdəki tale yoldaşımla (burdakı kişilərin demək olar hamısı mənim günümdəydi) qədəhimi toqquşdurur, yüz-yüz vurur, olandan yeyirdim. Və qəfil bir masa arlıdakı cütlüyü gözüm aldı. Qıpqırmızı geyinmiş gənc bir xanımın yanında qapqara geyinmiş – qalstukunacan qara idi, hətta qol düymələrinin qaşı da qaraydı – bir bəy. Gənc gəlin ayrı cür gözəl idi. Elə bil üstündə rəssam işləmişdi – qadınlar hamısı toya gedəndə aşırı makiyaj etdirir. Amma bunun gözəlliyi makiyajdan deyildi. İri, çarpıcı gözləri, tuşla az işlənmiş uzun kiprikləri və özündən şişkin dodaqları vardı. Rəngi bəmbəyaz idi – digər qadınlara da ağlığından işıq düşürdü. 

Amma gənc xanım bu gözəlliyindən xəbərsiz kimiydi. Adətən (təcrübəm belə deyirdi), bu cür gözəllər  məclisdə hökm edircəsinə əyləşər, başqa qadınlara üstdənaşağı baxardılar. Lap Mono Liza kimi! (Bir rəvayətə görə, Mono Lizanın portreti çəkilən zaman həyətlərində qulları döyürmüşlər).Yüz faiz bildim ki, gənc xanım bu müəllim kollektivində təzədir, bu heç, bəs kavaleri niyə bu gündədir? Adam lom udmuş kimi oturub. Heç arağı da düz-əməlli içə bilmir. İkisi də narahat idi. Yazıqlar elə bil iynə üstündə oturmuşdular. Bizimkinə işarəylə "bunlara nə olub?” dedim. Gülümsündü. "Fikir vermə, əri avaranın biridir. Şirkəti var, əli istidir. Neçə yerdə arvad saxlayır deyirlər... O gözəllikdə qızın gününü qara eləyib...”

Gözümü fırladıb qırmızı geyinmiş xanıma bir də baxdım və heç özüm də bilmədən hərarətlə ucadan "Gözəldir!” dedim. Bu dambadurumun içində səsimi eşitdilər deyəsən, ya bəlkə dodaqlarımın tərpənişindən oxudular? Bizimki daxil, hamı mənə baxdı. Qırmızıpaltarlı gəlin diksindi və özünü unudub qəhqəhə ilə güldü. (Məncə, "özünü unudub” yerinə düşmədi, əslində o, özünü indi kəşf etmişdi.) Qarapaltar ər hirslə məni süzdü. Anladım ki, nəsə etməliyəm. Çünki növbəti həmlə "bizimki”ninki olacaqdı. 

Bu dəm gözüm  ofisiant oğlanın qarşıma yenicə qoyduğu boğmalı stəkandakı üçmərtəbə şirinçaya sataşdı. Stəkanın boğmasından iki barmağımla tutub bir qədər yuxarı qaldırdım və ucadan dedim:

- Çox gözədir, e, çox!..

Stoldakılar gülüşdülər. Bizimki mənə əyri-əyri baxıb pörtdü. Bu vaxt işıqlar söndü,  şaqraq valsın sədaları hamını əfsunladı.  Cütlüklərin bir neçəsi qalxıb gəlinlə bəyin ətrafında rəqs etməyə başladılar.  Bu basabasda gözüm onları aradı və donub qaldım: qarapaltar gənc qırmızıpaltar gəlinin qolundan tutub harasa darırdı. Qanım qaraldı ki, yəqin çıxıb gedirlər. Amma deyilmiş. Onlar oynayırdılar! Özü də gənc xanım ərinin qucağında özünü çox rahat hiss edirdi...

İşıqlar yananda ən gec onlar əyləşdilər. Qarapaltar gənc qarşısındakı araq dolu qədəhi qaldırıb mənə sarı uzatdı və dodaqaltı nəsə dedi. Mən də başımla "nuş” işarəsi verib uzaqdan onunku ilə xəyalən toqquşdurdum. Bunu görən bizimki mənə hikkəli-hikkəli pıçıldadı:

- Deyirlər, toylarda içib dava salır bu gədə. İndi sənə söz-zad atsa, dinmə...

"Yaxşı” deyib gülümsündüm. Sonra siqaret çəkmək üçün foyeyə çıxdım. Az sonra onları gördüm. Ər zərfə qoyduğu pulu üstündə "Oğlan evi” yazılmış kassaya atmaq üçün növbə gözləyirdi. Gözəl gəlin isə güzgünün qabağında çox vüqarla dayanıb özünə baxırdı. 

Qulağıma döyülərkən zarıldayan qulların səsi gəldi...

14.02.2019.