Azad Qaradərəli. Babamın güzgüsü (Hekayə)

Azad Qaradərəli. Babamın güzgüsü (Hekayə)

("Dünyanın ən böyük adamı” silsiləsindən)

Babam mənim dədəm idi. 

(Bizdə "dədə” "ata”ya, "nənə” "ana”ya deyərdilər.) 

Mən babamın  oğluyam. Yəni, kəndimizdə tay-tuşlarımın hamısının "dədə” dediyi adamların uzağı 40-45 yaşı olardı, mənim "dədə” dediyim kişinin – babamın isə yaşı 80-90 idi bəlkə. Amma mən babamın belə qoca olmağından heç əndişə etməzdim. Niyə? Ondan ki, babam çox hörmətli adam idi. Kənd-kəsəkdə hamı ona "məmi” deyərdi. (Babamın adı Məmmədqulu idi, bu "Məmi” də elə deyəsən, o uzun adın qısaldılmış, əzizlənmiş formasıydı.)

Babam arvadı İzafə ilə birlikdə mənim nazımı çəkər, atasızlığı hiss etdirməzdilər. Kənddə ən təzə ayaqqabını, ən təzə paltarı mənə alardılar. Anam kolxoz işində  olanda onlar məni qoruyar, qayğıma qalar, əzizləyərdilər. 

Babam siqaret çəkmək istəyəndə kibriti hökmən mən yayndıradım. Eşşəyə minib harasa gedəndə ya tərkinə, ya da qucağına minər, kişiyə göz açmağa imkan verməzdim. Hətta su başına çıxanda belə onun dalına düşərdim...

Babamın bir neçə əşyası vardı ki, onlara yalnız mən toxuna bilərdim. Biri çaxmaq idi - bıçağı, dəhrəni, orağı itiləyərdi. Həm də deyilənə görə, kibrit olmayanda onunla ocaq qalamaq olurmuş. (Çaxmağı qaranlıqda daşa çaxardım. Od parlayardı və mən bunu çox möcüzəvi iş sanardım. Hətta bir dəfə babamdan xəlvət çaxmağı cibindən götürüb dərsə aparmış, partanın altında yarıqaranlıq yer düzəldib onu balaca ağ daşa çaxmışdım. Daşdan alov çıxanda iki il bir sinifdə qalan Tapdıq "vay dədə vay” deyib qışqırmış, müəllim ikimizi də küncə qoymuşdu.) 

Biri müştük idi ki, babam ona siqaret taxar, mən də kibritlə alışdırardım. Biri də təsbeh idi. Babam onu boş vaxtlarında oynadardı. Canım sizə desin, orta barmaqdan uzun darağı da vardı, amma  başını dibdən qırxdıran adamın darağa nə ehtiyacı ola bilər ki? Sonradan başa düşdüm  - onunla bığını darayırmış... Və bir də bapbalaca  güzgüsü... 

Nənəmin deməsinə görə, onu 45-ci ildə davaya gedəndə Ovçaladan* alıb gətirmişdi. 

(Bu dava məsələsini də mənə bir şurnan danışardı, gülməkdən gözüm yaşarardı. Deyir, Qutayisdə bir arvad doxtur məni lüt soyundurdu, ora-buramı əlləşdirdi, rus dilində soruşdu ki, neçə uşağın var? Dedim yeddi. Dedi, axı burda üç yazılıb? Dedim, hə üçdü üç olmağına, amma məni evə buraxsanız, gedib dördünü də qazanacam. Arvad uğunub getdi. Elə gülə-gülə dedi, niyə? Mən də dedim ki, mən qocayam, döyüşə bilmərəm. Amma dörd oğul qazanacam, gəlib Hitleri gəbərdəcəklər... Tərcüməçi bu axırıncı cümləni tərcümə eliyəndə bütün həkimlər qırıldı getdi gülməkdən. Arvad dedi səni qaytarıram evinə. Amma uşaq qazanmağı yadından çıxartma haaa!.. )

Həmişə pencəyinin döş cibində olan bu qırağı haşiyəli güzgüyə baxar, qayçı ilə bığlarının ucunu vurardı. Üç gündən bir isə yenə o güzgüyə baxıb üzünü qırxar, sonra saxladığı nazik xəttini urvata salardı.

Babam  mənə acıqlanmazdı. Mən pis bir iş tutanda üzünü yana çevirib kiminsə qarasına deyinməyi nəzərə almasaq, heç üzünü də turşutmazdı. Məni çox istəyirdi. "Dədə” deyəndə "can” deyər, başımı sığallayar, üzümdən öpərdi.

Amma bir dəfə babam mənə acıqlandı. O kiçik güzgüsünü əlimdən daşın üstünə saldım, ortadan çatladı. Kişinin həmişə qıpqırmızı olan yanaqları bozardı, dodaqları əsdi, əlini əninə vurub dedi:

-Pəh! Sənin peydahın yanmasın! Nağayrdın?!

Vəssalam. Çatlamış güzgünü silib cibinə qoydu. Və neçə gün kişi fikirli gəzdi...
 
***

Məktəbdə əlaçı idim. Müəllimlər anama,babama məni tərifləyir, belə övlad böyütdükləri üçün "sağ ol” deyirdilər. Babam onda çox fərəhlənər, mənə artıq xərclik verərdi.
Birinci il ali məktəbə qəbul ola bilmədim. Anamın razılığı ilə Bakıda zavodda işə düzəldim ki, orada həm işləyim, həm də hazırlaşım. İnsafən, işləyə-işləyə  yaxşı hazırlaşdım. O ili istədiyim fakültəyə - filologiyaya qəbul olundum.

Yazın lap əvvəlləri idi. Bir bazar günü yataqxanada kitabları qabağıma töküb oxuyurdum. Komendant xəbər göndərdi ki, telefona çağırırlar. Təəccüblə aşağı düşdüm. Axı məni kim çağıra bilər? Mən buranın telefonunu kimsəyə vermədim ki?

-Qaqa, qorxma ha... Belə dədən xəstədi... Səni görməy istiyir... Gələ bilsən...

Anam hönkürüb ağladı. Və xəttin o başından nəsə boğuq səs gəldi və əlaqə kəsildi. 

Fakültənin dekanının  adına bir ərizə yazıb otaq yoldaşıma verdim və axşam qatarı ilə rayona yola düşdüm. On saatlıq yolu bəlkə yüz saata yürüdü qatar. Gözümə çimir getmədi. Səhər işıq-işığa Mincivanda qatardan düşdüm. Qarşıma çıxan ilk maşına minib kəndə sürdürdüm...

***

Mən içəri girəndə anamla xalam hönkürdülər. Mən özümü nə qədər saxlamağa çalışsam da, olmadı, hıçqırıb ağladım. Nənəm həttəndi mənə:”Yetim kimi ağlama, ə! Ağlıyırsan, kişi kimi ağla...” Sonra da ağı dedi: "Ay Məmmədqulu, gör kim gəlib, ay kişi! Oğlun gəlib e, oğlun!” 

(Babamın oğlu olmamışdı. Ona görə məni oğul gözündə görürdü.)
Xalam özünü yerə vurdu. Anam üzünü diddi. Mən də bərkdən hönkürdüm.

Babamın gözləri açıq olsa da, elə bil görmürdü. Eləcə bir nöqtəyə dikilib qalmışdı. Nənəmin sözlərindən sonra kişi elə bil qırcıxdı. Gözünü çevirib hətta mənə baxdı da. Və bu bir an çəkdi. Uçunub silkələndi və yerində qaldı.

Anam cəld  qırağı haşiyəli, ortası çatlaq kiçik güzgünü babamın ağzına yaxınlaşdırdı. Sonra nə oldusa, anam bir anlıq donub qaldı. Və babamın üstünə əyildi. Barmaqları ilə gözlərini basdı.

-Getdin, ay dədə, bəs məni kimə tapşırıb getdin?! – Saçını yolub babamın sinəsinə tökdü. Nənəm ifallıca güzgünü anamın əlindən alıb tərsinə çevirdi, babamın ürəyinin başına qoydu. Sonra ayağa durub divardan asılan qədimi güzgümüzün üstünə qara bir parça saldı.

Həyətdə kimsə hönkürürdü. Məni də hıçqırıq boğdu...

15.02.2018