Azad Qaradərəli. Özündən Əmin bəy və Avropa gözəli Vanda xanım (Uzun hekayə)

Azad Qaradərəli. Özündən Əmin bəy və Avropa gözəli Vanda xanım (Uzun hekayə)

Tarixçi-alim Mövsüm Əliyevin* ruhuna salam olsun!

 

 

Baş yazı

 

MÜƏLLİF

 

Murdarüşüdən** aprel sazağı adamları karıxdırıb. Metrodan çıxan kimi yaxa-bacalarını möhkəm bağlayıb ora-bura qaçışırlar.

Bir az yuxarıda Bakı Dövlət Universitetinin qarşısında baş daşına oxşayan bitili bir daş. Gəlib-gedənin  toxunub-sürtünməsindən  o qədər  ağnayıb-köhnəlib ki, elə bil min il əvvəlin bitilisidir. Daşda kiril əlifbası ilə yazı:”Burada Azərbaycan xalqının böyük mütəfəkkiri, Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadənin büstü qoyulacaqdır.”

Gənc oğlan daşın üstündə sallama oturaraq  kitab oxuyur. Yalınqat geyimdə olsa da, sanki soyuğu hiss etmir. Uzun, pırtlaşıq  saçı, təraşsız saqqalı, boynuna yöndəmsizcəsinə doladığı köhnə şərfi onu görənlərdə bəlkə ikrah doğurar, amma çox diqqətlə kitab oxuması bu hissi azaldar da. Qulaqlarında qulaqcıq, əllərində telefon olan tələbələr  dəstə ilə ötüb keçir və universitetlə üzbəüz küçədəki publara, kafelərə girirlər. Onlardan biri – ayağında ket, başında beret olan ortaboy qız (onun da qulağında qulaqcıq var), oğlana yanaşıb nəsə deyir. Oğlan kitabı büküb ona cavab verir və nəyi isə israrla başa salmağa çalışır. Sonra döş cibindən qatlanmış vərəqlər çıxardıb göstərir. Lakin müsahibi əlini yelləyib uzaqlaşır. Oğlan onun dalınca qışqırır:

-Bu heç qulaqcığını çıxartmayıbmış ki mənimlə danışanda... Eh...

Az sonra qulağında qulaqcıq, ağzında saqqız başqa bir gənc də ona yaxınlaşır. Huş-kuşla kitab oxuyanın onu fərq etmədiyini anlayıb yüngülcə itələyir:

-Dünənnən burdasan?..

-Yıxmışdın ki məni!.. Bu daşa fikir vermisən? – Oturduğu daşın üstündən qalxır.

-Yooo... Nədi ki?.. Dayan nəsə yazı var... (Ala-yarımçıq oxuyantəhər edir, dodaqları tərpənir.) "Burada Azərbaycan... ııııııııı.... va-va-va-va.... Məh... Əmin Rəs....nin büstü  qoyulacaqdır...” Hə, nolsun ki?!

-Canıa azar nolsun! – Dostuna həttənir. – Sən bilirsən bu kim olub?! Sənin, mənim babalarımız ruslara nökərçilik eliyəndə bu kişi bugünkü müstəqil Azərbaycana görə...

-Efe, bəsdi də!.. İndi bunu bilmiyən var? Allah ona belə tale yazıb, bizim nökər babalarımıza elə  tale....

-Yox, düz deyil! İnsan taleyini özü yazır... Bu kişi, o əzablı taleyi özü seçdi, özü yazdı...

-İndi neyləyək deyirsən? O kişi əzab çəkib deyən, biz də əzab çəkməliyik? Onsuz da çəkirik elə... Bilirsən, Əfqan, mən də, sən də Sovet dövrünü görməmişik... Amma görənlər deyir ki, ağappaq bulka on qəpiyə, marojna on qəpiyə, spiçka  bir qəpiyə, ət iki manata, araq üç manat altmış iki qəpiyə, pivə otuz qəpiyə, "Avrora” siqareti on dörd qəpiyə imiş - on beş qəpik verəndə bir qəpiyə də üstündə spiçka verirmişlər... Qardaş, neynirəm o müstəqilliyi ki, qarnım acdır... Bağışla məni, məni doyuzdur, min belimə!.. O Bayılda Bayraq meydanında dalğalanan dünyanın ən hündür bayrağı var haaaa, bax o da qarın doyurmur... Mən indi girəvə axtarıram ki, diplomu Azərbaycandan başqa heç yerdə tanınmayan bu xaraba universiteti də atam, qaçam xaricə... Sən isə otur bu daşın üstündə...

-Ay yazıq... Nökər xisləti...

-Bir dayan e!.. Sən bilirsən ki, ya, təriflədiyin o Məmmədəmin da qaçıb xaricə?! Özü də arvad-uşağını da atıb, gedib orda təzədən evlənib??? Qardaş, sən mənim saqqalıma soğan doğrama... O əlindəki kitab çoxlarını pis günə qoymuşdu, qalmışdın sən... Mən puba gedirəm... Bir az pul da tapmışam... Gəl gedək vurax...

-...

-Getmirsən ki? Bay-bay...

Oğlan gedir. Əfqan qarşısındakı daşa baş əyirmiş kimi vəziyyət alır və ağlamsınır:

-Biz həqiqətənmi sənin mənsub olduğun millətdənik? Sən, Mirzəbala Məmmədzadə, Xoyski, Yusifbəyli, Hacıbəyli... kimi zəka sahibləri həqiqətənmi bizim millətə xas olublar? Bəs onda biz kimik?! Yaxud nəyik!?..

Gərilmiş vəziyyətdə siqaret yandırır, bir-iki qullab alıb, yenə daşın üstündə oturur və cumur kitaba...

Bu əsnada ondan çox tələbə Əfqana yanaşır. Nə barədəsə danışırlar. Əfqan israrla onlara da nəyisə izah etməyə çalışır. Amma onu axıracan dinləməyən tələbə yoldaşları yaxındakı puba gedirlər.

Az sonra telefonuna zəng gəlir. Danışığından belə başa düşülür ki, zəng edən də onu yaxındakı puba çağırır. Oğlan bir bəhanə ilə zəng vuranı başından edir. Yenə kitabını oxumağa başlayır...

Təxminən iyirmi dəqiqə sonra bir bəstəboy qız gəlir və arxadan əlləri ilə oğlanın gözlərini qapayır. O, qızın əllərini gözündən götürüb öpür və ayağa qalxır. Onlar qucaqlaşırlar.

-Əcəb qiraətxanan var? – Qız zarafata salır. Sonra oğlanın əlindəki kitabı alıb üstünə baxır. –"Əsrimizin Səyavuşu”? İmtahanlara az qalıb, indi bunun zamanıdı?

Oğlan ah çəkir. Və qızın saçlarını tumarlayır.

-İndi neçənci ildir?

-2018-ci il.

-Yüz il qabaq nə olub Azərbaycanda?

-Dayan görüm... Iıııııı... Belə... Hə, müstəqil Cümhuriyyət qurulub...

-Ay sağ ol... Bu gün mən səninlə bu mövzuda söhbət eləmək istəyirəm... Olar?

Qız nəvazişlə oğlanın üzündən öpür:

-Canım, sən hansı mövzuda danışırsan danış, mənə xoşdur... Bir də ki, mən də axı respublikaçıyam... Monarxist olmadığımı bilirsən... Atamın, əmimin yüksək vəzifə tutmalarına baxmayaraq, mən sənin tərəfindəyəm...

Onlar gülüşə-gülüşə qarşıdakı kafeyə girirlər.

 

***

 

-Sənə bir sirr açım: mən bir hekayə yazmışam...

-Nə?! – Qız elə qışqırır ki, kafedəkilər dönüb təəccüblə ona baxırlar.

-Yavaş... Niyə heyrətləndin ki?

-Axı sən elm adamı olacaqdın?! Canım mənim, gəl de ki, zarafat edirsən... Bilirsən, mən yazıçılardan, şairlərdən həmişə qorxmuşam... Onlar normal adamlar olmurlar...

-Qorxma... Mən cəmi bircə hekayə yazmışam... Bircə dənə... Onu da bəlkə heç çap etdirmədim... Yaxud tək bircə nüsxə çap etdirəcəyəm... Özümüzçün...

-Yaxşı... Amma söz ver ki, bir də belə iş tutmayacaqsan!..

-Söz verirəm... İndi isə o yazdığımı sənə oxumaq istəyirəm... Nə olar, cəmi bir saat vaxtını alacam... Bircə saat...       

 

Birinci hissə

 

VANDA XANIM

 

İnsan doğuluşdan təbiətə xasdır. Yəni hara dönüb-dolansa da, son qovuşacağı təbiətdir, torpaqdır. Onda bir az torpaqdan var, bir az sudan, bir  az aydan, bir az da günəşdən... Yox, bu sonuncunu – Günəşi düz tərif etmədim. Bəzi insanlarda Günəşə xas cəhətlər daha çox olur... Sanki Tanrı onları Yarımgünəş kimi yaratmış ki, Yerlə Günəş arasında bir körpü olsunlar. Günəş dincini alanda Yarımgünəşlər onu əvəz etsinlər.

Onu ilk görəndə bu qənaətə gəldim: Günəş  bu adama çox toxunmuş, çox etkiləmiş. Hamımızı etkiləyir, amma bunu daha çox. Elə bil parıldayan sifətində Günəşin nurundan nəsə qalıb. Zala girəndə hamı dönüb ona baxdı. Hətta tərs  tərəfə baxanlar da döndülər! (Geniş alnı, arxaya daranmış qara, gur saçları, enli sifəti, bu sifətə yaraşan bığları və qalın qaşların altından daim gülümsəyən iri gözləri... Mən belə simada adamla ilk kəz qarşılaşırdım.) Hə-hə. Bu beləydi... Mən isə... Mən bir qədər sərt təbiətliyəm. Ailə gələnəklərindən gələn bəzi cəhətlərimə  görə adamlar, xüsusən əks cinsin nümayəndələri mənimlə ehtiyatla davranırlar. Yadımdadır, liseydə oxuyanda bütün qızların oğlanı vardı. Təkcə məndən başqa. Daldada mənə "Buz” ləqəbi qoyubmuşlar – Buz Vanda.

Bəlkə elə buna görədir, hələ ki ciddi bir ilişkim olmayıb...

Amma neynirsən, bu adamdan gözlərimi çəkə bilmirəm. Budur, nəhayət onun da gözü məni aldı. Bir an. Bircə an nəzərlərini üstümdə saxladı və dərhal da çəkdi. O saat bilinir ki, tərbiyə görmüş adamdır. Əsil pandır!.. Centlimendir... Bəydur... (Bu sonuncu sözü  hələ mən tanımıram. İllər sonra bu adamın mənə öyrədəcəyi sözlərdən biri də budur: ”bəy”. Onun vətənində kişlərə bu cür müraciət edirmişlər...)

Bəri başdan deyim ki, Sovetlərdən qaçanların hamısı əzgin, solğun, sınıb-dağılmış, başlıcası isə ruhu sarsılmış adamlar olur. Hətta oranın ən vüqarlısı Trotskinin də gözlərində  bir sarsıntı görmüşdüm. Bu adam isə şıq yeriyir; elə şıq ki, deyirsən bəs heç vaxt əyilib nəyisə götürməz, nəyisə yerə qoymaz, kiməsə təzim etməz... Yox, yox! Bu sonuncu heç vaxt olmaz! Bu adamın işıqlı gözləri deyir ki, hamı buna təzim etmiş... Amma yox, bu heç təzim etdirməz də. Bu adam, ümuniyyətlə təzim edənləri sevməz. Axı bunda Günəşdən nəsə var...

Günəş-adam foyedəki bu qədər insanın içində ikinci dəfə gözləri ilə məni axtarıb tapır və bir baş üstümə yeriyir. (Bura ölkəyə və paytaxta giriş qapısıdır və mən öz doğma işimi ataraq vətənimin  mənafeyi naminə burada əcnəbilərin ölkəyə giriş və çıxışına nəzarət edən könüllülərdən ibarət  kiçik bir qrupa rəhbərlik edirəm.) Nədənsə üşənən kimi oluram və onun suallarına mexaniki cavablayıram. Və hiss edirəm ki, daxilimdə nələrsə baş verir, yatmış hansısa duyğu üzvlərim oyanır, bu adamın ziyası üstümə düşür və elə bil görünməz tərəflərim də işığa tutulur. Ətim ürpəşir. Ani qorxunu tez bir zamanda ruhi tarazlıq əvəzləyir.

Sonra suallarını cavablandırdığım üçün təşəkkür edir və son kəlmələri elə iltifatla deyir ki, içim titrəyir:

-...mersi, madmuazeil...

Və birdən adımı soruşur. Həvəslə "Vanda” deyirəm. O da gülümsünərək eyni həvəslə təkrarlayır:

-Pani Vanda...

Mən də onun adını öyrənirəm. Uzun adı varmış. Əvvəli bunların peyqəmbərlərinin adıdır: Muxammed.  Sonrası isə qısa olsa da ikisini bir yerdə qəti tələffüz edə bilmirəm. Yenə gülümsünür və bu Yarımgünəş adamın nuru məni tamam isidir; soyuq ruhuma isti nəvaziş dolur: "Sadəcə Emin bəy deyə bilərsiniz”. (Bunun da mənasını çox-çox sonralar biləcəm: özünə əmin olan, eqosunu qoyan, girişdiyi işi bacaracağına yüz faiz əminliyi olan kəs – Əmin bəy – onun vətənində beləcə də deyirlər: Əmin. Polyakcada isə Emin bəy, elə Türkiyədə də Emin bəymiş...) Rus dilində dediyi bu kəlmələri beynimdə polyakcaya çevirirəm və məmnun halda başımı tərpədirəm. Və bir az sonra qəribə, qəribə olduğu qədər də maraqlı faktlarla qarşı-qarşıya qalıram: bayaqdan bəri məni öz təsirində saxlayan bu adam qəddar Sovet rejiminin, onun əli qanlı cəlladı Stalinin şəxsi nəzarətindəymiş və bir xoş təsadüf nəticəsində xilas ola bilib. Onun Peterburqdan Finlandiyaya, Fransaya, oradan da Polşaya keçməsi möcüzə nəticəsində gerçəkləşib. Amma hələ qorxu sovuşmayıb. Polşa dövləti onu geriyə - Rusiyaya deportasiya edə bilər. Elə bil nəslimizdən gələn ürəyiböyüklük, insanlara arxa və dayaq olmaq hissi içimdə baş qaldırır və onu əmin edirəm ki, nə yolla olur-olsun köməyimi əsirgəməyəcəyəm...

 

EMİN BƏY

 

Bir şərq məsəlində deyilir ki, insan əzablardan güc alıb ayağa qalxanda daha yenilməz olur. Əzab sözünü sevmirəm, keşməkeş deyək. Hə, mən çox keşməkeşlərdən keçdim. Başıma çox macəralar gəldi. Hələ gənclik illərində bir sıra xarici ölkələrdə oldum. Bolşeviklərə qoşuldum (zira səhvimi tez başa düşüb ayrıldım), menşeviklərlə, millətçilərlə, dinçilərlə təmasda oldum. Hətta Stalin kimi qəddar bir insanla oturub-durdum.  Onu ölümün çəngindən qurtardım...*** Firqəmizi təsis etmək təklifi gələndə  bu təşkilatın Qafqasiyanın ən ünlü firqəsinə çevriləcəyini, ölkənin birinci partiyası olacağını, bağımsız Azərbaycan Cümhuriyyətini məhz onun üzvlərinin elan edəcəyini  kim bilə bilərdi?!

Həm firqə və dövlət quruculuğunda, həm  risalə və nitqlərimdə macəradan uzaq qaçmağa çalışsam da, olmurdu. Zatən yaşadığım həyat özü hər anı təhdid, qorxu və əzablarla dolu bir macəra idi; amma həm də xoş bir macəra! Cümhuriyyətin süqutundan sonra Lahıcda  Əli Əhmədoğlu adı ilə gizlənərkən "Əsrimizin Siyavuşu” risaləmin yazılması kimi ağır və təhlükəli bir zamanı yada salmaq istərəm. Bu əsərə yazılmış ön söz yadınızdamı?

("...Bolşevik istilası kədərli-ələmli bir fakt idi. Bir aya qədər Bakıda saxlandıqdan sonra, bir arkadaşla bərabər Bakını tərk etmiş, Gürcüstana keçmək üçün yola çıxmışdıq. Hadisələr və təsadüflər bizi bir çox dağları və dərələri gəzdirdikdən sonra Şamaxı qəzasında Lahıc adında tanınmış bir qəsəbədə saxlanmaq məcburiyyətində buraxmışdı. Lahıcda bir vətəndaşın evində müsafir idik. Bu evdə kiçicik bir kitabxana vardı. Bir qismi farsca, bir qismi türkcə, bir qismi də rusca kitab və dərgilərdən ibarət olan bu kitabxananın, məncə ən diqqətəlayiq cildi Firdovsinin ”Şahnamə”si idi. "Şahnamə”ni razılıq alıb oxumağa başladım. Şərqin ən böyük romantik əsəri o zaman çox həssas olan ruhumu istila etdi. Keçirdiyimiz macəralı həyatı şairanə bir surətdə, qarşılıqlı şəkildə yaşayan necə hekayələr, necə dastanlar, necə tiplər, necə fəlsəfələr vardı. Bunların yanında marağımı ən çox cəlb edən və ruhumun ən həssas nöqtələrinə qədər nüfuz edən bir hekayəyti ―”Siyavuş” dastanını oxudum. Əvvəlcə aşina olduğum dastanı ilk dəfə oxuyurmuş kimi oldum. O qədər sevdim, o qədər anladım ki, bir daha təkrar etdim. Yüksəkdən oxudum. Arkadaşıma dinlətdim. Heç şübhə yoxdur ki, ilham almışdım. ―Arkadaş, tariximizin Siyavuşunu dinlədin. İndi sənə "Əsrimizin Səyavuu”nu yazacağam, – dedim. O, buna, heyrət etmişdi. Hər saat və hər anda bir basqın təhlükəsinə məruz qaldığımız belə bir vəziyyətdə yazı yazılacağına inanmamışdı. Fəqət mən başladım. Bir neçə səhifə yazmışdım ki, qaldığımız evi tədbir üçün dəyişmək lazım gəldi. İkinci dəyişdiyimiz yer mənə çox uyğun gəlmişdi. Ehtimal ki, təqibdən bir müddət uzaq olmaq üçün bura daha sərfəli idi. Fəqət Lahıc dağlarının ən möhtəşəmi olan Nihala baxan gözəl mənzərəsi, Girdiman çayının gecə ay işığında oxşayıcı axıntısı və yad gözündən uzaq olan kiçik bağçası ilə o, həmin anda yaşadığım ruh halını kağız üzərinə tökmək üçün ən əlverişli şərtlərə malik idi. Altıncı gün yenə yerimizi dəyişməyə məcbur olduq. İki günlüyünə bizi başqa bir evə köçürtdülər. Burada sonuncu bölümün qaralamasını bitirirdim...”

Lap bu günlərdə Peterburqda xaricə necə qaçacağımı düşünürdüm ki, Musagil**** köməyimə çatdılar. Ladoqa gölünün üzərindən – buzun üstü ilə Finlandiyaya keçdim. Helsinkiyə təzəcə çatmışdım ki, Abdulla Battalın***** adamları məni onun yanına apardılar. Şənimə böyük ziyafət verildi. Onların köməyi ilə Fransaya getdim, fəqət sənədləri qaydaya sala bilmədiyimizə görə viza olmadı və dostların məsləhəti ilə  geriyə – Lehistana****** gəldim. Sözüm onda ki, hər dəfə ağır və çıxılmaz vəziyyətə düşəndə gözəgörünməz bir əl qeybdən uzanır, məni o çıxmazdan qurtarırdı. Budur, indi burada, Varşavadakı keçid məntəqəsində məni qorxu təhdid etdiyi anda bir gənc xanımın nəzərləri üstümdə cəm olur və anlayıram ki, budəfəki əl onunkudur. (Arxamda işğalda olan ölkəmi,  dost və məslək yoldaşı bildiyim minlərlə insanı, ailəmi – sevgili zövcəmi, övladlarımı, qohumlarımı qoyub gəldiyimdən gözümə qadın-filan görünmür. Yeganə istəyim uyğun ölkələr vasitəsilə Türkiyəyə keçmək, orada Azərbaycan davasını sürdürməkdir. Bu əsnada yenə yadıma "Şahnamə”dən sətirlər düşür. Mənim  həsbi-halıma necə də uyğundur bu misralar:

 

Qılınc oynadı, sel kimi axdı qan,

Yerin halına ağladı asiman.

Bütün ölkəni çaldılar, çapdılar,

Nə vardı əlində elin qapdılar.

Kəsildi günahsızların başları,

Suvardı o torpağı göz yaşları...)

 

Ona görə də birinci kabinədə əyləşib mənə baxan gənc xanıma yanaşıram və nədənsə inanıram ki, hər şeyi ona olduğu kimi danışsam, mənə yardım edəcək... Axı  qeybdən uzanan əlin belə anlarda zühur etdiyini görmüşəm. (Bayılda ölüm korpusunda oturanda çox rahat idim. Hər an gülləməyə apara bilərdilər, amma mən təlaş keçirmirdim. Yeganə narahatçılığım məsləkdaşlarımın, firqədaşlarımın təhlükə ilə üz-üzə qalmaları idi. Belə ağır dəqiqələrdə bir dəstə silahlı məni maşına basıb qaçırdı və yolda qulağıma pıçıldadılar: "Səsini çıxartma! Səni Kobanın******* əmri ilə onun yanına aparırıq.” Dövranın gəcrəftarından ölümlə üz-üzə qalsam da, azad oldum.)

 

VANDA  XANIM

 

Gözucu süzürəm bu sirli adamı. 30-35 yaşlarındadır. Bəstəboydur. Kostyumu köhnəlsə də, əyninə qutu kimi oturub. Qalstuku son dəblə bağlayıb. Adamda kişi gözəlliyinin bütün nişanələri var. Və deyəsən, mənim ona olan marağım əndazəni aşır. Özümü yığışdırmağa çalışıram. Heyhat... Ona olan marağımı duyur sanki. Xoş bir təbəssümlə üzümə baxıb gülümsünür. Amma bu təbəssümdə, gülümsəməkdə adi insani duyğudan başqa heç nə yoxdur. O qədər nəzakətlidir ki, qarşısında uşaq kimi utanıram.

Mən ona kömək etməliyəm – beynimdə belə bir fikir qətiləşib artıq. Niyəsini özüm də bilmirəm. Baxmayaraq ki, geriyə - qaçıb gəldiyi Rusiyaya onu deportasiya edə bilərlər, qətiyyən özünü itirmir. O qədər sakit və təmkinlidir ki, bu hiss mənə də sirayət edib. Yumşaq və mehriban danışığı, şərqli təbəssümü və iltifatlı baxışları məni tamam tərksilah edib. Bir də deyəsən, mən bu adamın yanında özümü qadın kimi hiss etməyə başlamışam. Qarşımdakı kiçicik güzgüyə tez-tez baxır, səhər doğru-düzgün daramağa vaxt tapa bilmədiyim saçlarımı əlimlə geri itələyir, solğun sifətimə nələrsə sürtməyə cəhd edirəm. Onun sənədlərini sahmana salmasından istifadə edib dodaqlarımı da yüngülcə boyayıram. (Bu iş lap hərbiçiyə döndərib məni. İnqilabi romantika qadınlığımı əlimdən alıb -  özümə baxmağa heç vaxtım olmur. Maaş almasam da, burada könüllü gənclərlə birgə yenicə müstəqilliyini elan etmiş doğma Polşanın mənafeyi naminə əlimizdən gələni edirik. Ölkəyə qeyri-qanuni girişin və çıxışın, polyak xalqına mənsub qiymətli əşyaların ölkədən çıxarılmasının qarşısını almağa çalışırıq. Tezdən səkkizdən axşam səkkizəcən iş başındayam. Bəzən gecə növbəsinə də gəlirəm. Vətənə xidmət belədir. Həyatını fəda etməli olursan.) Və nəhayət, bu alicənab insanın  bizim "yuk” dediyimiz iri əl çantasından çıxardıb mənə verdiyi sənədləri vərəqləməyə başlayıram. (Sonradan onu da biləcəm ki, bu "yuk” sözü türk dillərindən bizim polyakcaya və digər Avropa dillərinə keçib. Emin bəydən onu da öyrənəcəyəm ki, onlar çantada, kisədə və sairədə daşıdıqları əşyalara eləcə "yük” deyirlər.) Soruşmadığım halda, özü haqda məlumat verir. Və anlayıram ki, zəndim məni yanıltmayıb!

Bağımsız Azərbaycan Respublikasının Milli Şurasının sədri, millət vəkili olub. Həm də hakim "Müsavat” partiyasının sədriymiş. (Hələ sonralar biləcəm ki, bu gənc adam həm də bir alim və publisistdir. Qurduğu cümhuriyyət rusların əli ilə süquta uğradıldıqdan sonra Lahıc adlı bir ucqar qəsəbədə gizlənərkən cəmi üç-dörd günün içərisində "Əsrimizin Səyavuşu” adlı tarixi-publisistik  bir əsər yazıb və əlyazısını oradakı dostlara etibar edərək bu uzun yola çıxıb. Kaş biləydiniz, o həmin əsərin yolunu necə həsrətlə gözləyib!..) Tam bir azadlıq mücahidi... Mənim mənsub olduğum ailənin – Polşa inqilabçıları nəslinin keçdiyi yolla necə də oxşardır! Qan qohumumuz Yojef Pilsudskinin Polşanın azadlığı uğrunda mübarizəsi, rusların onu həbs edib Sibirə sürgünə göndərməsi, uzun və əzablı mübarizə yolunu qət edərək yenidən mübarizəyə başlaması... O da Emin bəy kimi öz partiyasını – Polşa Sosialist Partiyasını yaradır. Amma sonralar anlayır ki, qarşıdakı qəddar Rusiyadır və o, siyasətə deyil, hərbə, silaha daha çox inam bəsləyir. Pilsudski Polşanın ordu quruculuğuna başlayır. Ruslara qarşı hərbi-siyasi Streles ittifaqı yaradır. Polşanın azadlığı uğrunda döyüşür. 1918-ci ildə Polşa bağımsızlığını elan edəndə ölkənin ilk dövlət başçısı olur. 1920-ci ildə Sovet Rusiyası Polşaya müharibə elan edir. Marşal Pilsudski rusların qat-qat güclü ordusunu darmadağın edir. Məcburiyyət qarşısında Rusiya Polşanın müstəqilliyini tanıyır...

Mən bu məlumatı verəndə o, çox fərəhlənir. "Böyük fədaiyə eşq olsun!” deyib susur. Sonra qəmli-qəmli "Biz bacarmadıq” deyir. "Bizim ölkəmizi Rusiya ilə İran iki yerə parçalayıb. Gücümüzü birləşdirə bilsəydik, biz də qaniçən rus ordusuna qarşı vuruşa bilərdik... Nə yazıqlar ki, biz bunu gələcək nəsillərə saxlayası olduq...”

 

EMİN BƏY

 

Bizim bu təsadüfi tanışlığımız dostluğa çevrilir, deyəsən. Vanda xanım axşamüstü məni Varşavaya gəzintiyə dəvət edib. (Onun buradakı işi könüllü olsa da, ağırdır, yalnız axşamlar vaxtı olur.) Visla çayının sahilində gəzişirik.

-Varszava (o, bu söz bizim kimi Varşava deyə tələffüz etmir, "ş” əvəzinə "s” ilə "z”nın qarışığından ibarət bir səs kimi söyləyir), 1791-ci ildə paytaxt olub. Amma şəhər daha qədimdir. 1300-cü ildə polyak knyazları salıb Varszavanı...

Mən də ona Bakıdan danışıram.  Bağımsız Azərbaycan Respublikasını ilk dəfə Tiflisdə elan etdiyimizi, sonra Gəncəyə köçdüyümüzü və nəhayət  başkənd Bakıda gerçəkləşdirdiyimizi izah edirəm. Neft Bakısında yaşayan leh əsilli ailələrdən, leh memarları Qoslavski, Skibinski, Skureviç, Ploşkonun  Bakıda layihələndirdiyi memarlıq abidələrindən söz açıram. Bu dediklərim onu inanılmaz şəkildə etkiləyir. Bakıda leh əsilli insanlar, hətta memarlar yaşadığına inana bilmir...

Mən danışdığımız dilin – ruscanın onun belə sərrast bilməsinə işarə edərək deyirəm:

-Siz rusca yaxşı danışırsınız...

-Hə,- kədərlə cavab verir. – Biz Polşanın rusların işğalında  olan hissəsində yaşamışıq. Ona görə də az qala hamımız bu dili bilirik... Amma siz də təmiz danışırsınız?

-Kaş lehcə biləydim az-maz... Onda o dildə bir kəlmə də danışmazdım!.. – Əsəbi şəkildə cavab verirəm. – O dilin yiyələri mənim müstəqil ölkəmi işğal etdilər. Bayrağımı endirdilər... Ocağımı söndürdülər... Məsləkdaşlarımı güllələdilər...

-Bilirsiniz, mənə Varszava universitetində rus dili və ədəbiyyatı müəllimi işləməyi təklif etmişdilər, amma rədd etdim.

-Siz də, biz də ruslardan çəkdiyimizi çəkmişik. Ölkəmi işğala məruz qoydular. Onun yeraltı, yerüstü sərvətlərini qarət etdilər, qiymətli insanlarımızı məhv etdilər... Əminəm, bu hal yüz il də sürsə belə, xalqım ayağa qalxacaq, bu işğalçı ölkənin, qəddar rus şovinistlərinin cavabını verəcək... Mən ona görə burdayam. Siznin kimi azadlıqsevər insanların köməyi ilə Türkiyəyə yetişib ölkəmin haqq işini dünyaya yayacağam. Bir də mübarizəmizi qaldığı yerdən davam etdirəcəyəm...

Vanda xanım qəfil ayaq saxlayıb qoluma girir və şəfqətli baxışlarını gözlərimə dikir:

-Mən, sizi Pilsudskiyə təqdim edə bilərəm... Sizə demişdim, biz axı yaxın qohumuq... Yəni, siz burada da qalıb mübarizənizi davam etdirə bilərsiniz...

Mən heyrətlənirəm:

-Doğrudan?! Nə yaxşı!.. Amma bu dəfə yox. Mən, sağlıq olsun, Lehistana yenidən dönəcəyəm. Onda buna cəhd edərik. Əgər görüşə bilsəniz, mənim salamımı pan Pilsudskiyə çatdırın. Bir də deyin ki, ehtiyatlı olsun, rus ayısı artıq mağaradan çıxmışdır... Türkiyə isə... Ora mənim ikinci vətənimdir. Bizim əməl yoldaşlarından sağ qalanlar orada – Ankarada toplaşacaqlar. Ora getməliyəm...

Bir şeyə bir daha adım kimi əmin oldum: haqdan yanan çıraq sönməz! Bizdə necə demişlər? "Yansa, yanar aşiq, nə ətəklə, nə püflə. Yanmasa, yanmaz aşiq, yüz ətəklə, yüz püflə.”

Bizim haqq işimizə pəl vuranlar qoy bilsinlər: Azərbaycanın haqq işi uzaq Lehistanda belə dəstəklənir! Bax, bu gənc leh xanımının timsalında. Yadınızdadır Cümhuriyyətin bir illiyi münasibəti ilə "Azərbaycan” qəzetəsində yazdıqlarım?"Hər nasılsa növzadımız bir yaşına çatdı. Bundan 6 ay əvvəl Azərbaycan Məclisi-Məbusanının açıldığı gün - bir kərə yüksələn bayraq bir daha enməz -demişdim. İçində bulunduğumuz zaman o qədər müşkül və o qədər pərxof idi ki, yüksəltdiyimiz bayrağı pək də yüksəkliyə qaldırmayır, onu yalnız parlaman binasına münhəsir etdirib də "müdara” göstərmək məcburiyyətində qalıyorduq. Bu məcburiyyətdən müntəsir olan bəzi bədbinlər, hanı yaaa, bir kərə yüksələn bayraq bir daha endiriləməz diyorduz” diyordular. İştə qoy bugünkü gün milli bayraqlara boyanmış Azərbaycan paytaxtı o kibi bədbinlərin qəlbini təsfiyə etsin”.

Vislanın kənarı ilə narahat addımlarala gəzə-gəzə bilirsiniz nə düşünürəm? 100 il sonrakı soydaşlarımızı düşünür və onlara gözaydınlığı verirəm: o munis bayrağı enməyə qoymadıqları üçün. Bağımsız Azərbaycanda əyilmədən, əzilmədən şıq gəzə bildikləri üçün...

-Nə fikrə getmisiniz? – Vanda xanım soruşur.

-Sizə qəribə gəlməz ki cavabım? Mən realist adamam, zira içimdə romantikaya həmişə yer olub. Hətta şeir də yazmışam... Yəni...

-Deyin, deyin... – O gülümsəyərək israr edir.

-Mən burada, Vislanın kənarında gəzərkən 100 il sonranın Azərbaycanını düşündüm... Soydaşlarımı düşündüm...

-Necə gördünüz ölkənizi və soydaşlarınızı?..

-Bağımsız... Tam azad və firavan olmaya bilərlər, amma ölkəm bağımsız idi... O müqəddəs bayraq hər yerdə dalğalanırdı...

-Emin bəy! Biz polyaklar 100 il yarıac yaşamağa razıyıq, təki ölkəmiz azad olsun...

-Olacaq, hökmən azad olacaq ölkələrimiz... Nəyi istəsən, onu alarsan... Təki istək olsun...

Vislanın dalğaları "urra” bağıran insan seli misalı səsimə səs verirmiş kimi qeyzlə sahilə çırpıldı.

           

VANDA

 

Geri dönəndə Vislanın dalğalarına baxa-baxa Emin bəy qəfil  soruşdu:

-Vanda adının mənası nədir? Bu ad öz kökünü haradan alır?

Mən tutuldum. Ona görə yox ki, cavabım yox idi; ona görə ki, hələ yaxşı tanımadığım bu adama ürəyimdəkiləri danışmağa cürət etmirdim. Amma bu təlaş qısa sürdü. Bir də gördüm ki, içimdəkiləri tökürəm:

-"Vanda”nın bir sıra anlamları var. Latıncada vanda məşhur çiçək adıdır. Slavyancada Vanda – Tanrının mərhəməti anlamına gəlir... Çox qədim polyak rəvayətinə görə, bax bu Vislanın kənarındakı Krakov şəhərində Krak adlı knyaz yaşayırdı. İndiki Krakov  adını həmin knyazın adından alıb. Knyazın Vanda adlı  gözəl qızı atasından sonra onun knyazlığını sürdürür. Bir alman şahzadəsi Vandaya elçi düşür. Amma qız onu rədd edir. Qəzəblənmiş şahzadə Krakova qoşun çəkir, müharibə başlayır. Ölkəsini  işğaldan və talandan qorumaq üçün Vanda intihar edir – özünü Vislaya atıb məhv olur və beləcə azğın şahzadə sarsılmış halda qoşununu çəkib gedir, müharibə başa çatır.Vandanın mərhəməti sayəsində ölkəsi qurtulur... Vislanın kənarında böyük kurqan var – Vanda orada dəfn olunub...

Emin bəy bu kədərli əfsanəyə dərhal münasibət bildirdi:

-Vanda zənnimcə, bir də  xilaskar, fədakar anlamına gəlir – ölkəsini və namusunu yadelilərdən qorumağı bacaran qəhrəman qız...

-Hə, elədir, - mən danışdığım rəvayətin sarsıntısından çıxmağa çalışıram. – Amma mənim idealım olan başqa bir Vanda da var – Vanda Voynarovskaya Sezarina-Konstantinovna – əfsanəvi polyak inqilabçısı! Rusiyada, Fransada və Polşada inqilabı fəaliyyət göstərmiş, illərlə Avropa ölkələrində türmələrdə yatmış, amma inqilabi əqidəsindən dönməmişdir...

-Hə, zənnimcə bu bizim kəsişən nöqtəmizdir – həyatımızı özümüzdən çox xalqlarımızın milli azadlıq hərəkatına, inqilabi işə vermək... Elə bu da mərhəmətdir – ilahi mərhəmət... – O, bu son kəlmələri ilə özü də bilmədən içimdə bir ocaq çatıb getdi – bizim kəsişən nöqtəmiz deyimi ilə zaman-zaman o ocaq alovlandı və heç sönmədi...

 

 

 

İkinci hissə

 

MÜƏLLİF

 

Təxminən bir ay keçdi. Məhəmməd Əmin bəy Almaniyaya, oradan Fransaya və nəhayət, Türkiyəyə keçdi. İşlərini sahmana saldıqdan sonra Vanda xanıma məktub yazdı. Beləcə, onlar uzun zaman yazışdılar. (Həmin məktublardan biri marşal Pilsudskiyə yazılmış, Vanda xanım vasitəsi ilə ünvanına çatdırılmışdı. Məktubda Polşadakı azərbaycanlı zabitlərin bu ölkənin ordusunda çalışmasına şərait yaratdığına, habelə rusların əsarəti altında əzilən xalqların mühacir təşkilatı olan "Prometey” cəmiyyətinə dəstək verdiyinə görə  marşala təşəkkürünü bildirirdi. ) Bu məktublar hələ ki, iki dostun, iki inqilabçının bir-birinə ərzi-halı idi. Amma kim bilir, bəlkə də bu iki insanın gələcəkdə bir-birinə sevgi duyğusu ilə yanaşmasında bu rəsmi məktubların rolu vardı. Sevgi planlaşdırılmayan, qəfil başa gələn bəla kimidir. Hara qaçsan da bu bəladan yayına bilməzsən. Və bir də bu tale idi. Eyni taleli, vətəni, dili, milli ruhu daim təhdid altında olan iki insanın bir-birinə olan ehtiyacı kimi...

 

VANDA XANIM

 

Emin bəy ilk görüşümüzdən illər  sonra Varşavaya gəldi. O çox qəmgin idi. Qohumlarının incidildiyini, həyat yoldaşının, övladlarının, digər qohumlarının həbs edildiyini, ölkənin sərt iqlimli yerlərinə sürgün edildiklərini söylədi. Buna baxmayaraq, onun enerjisi, yaradıcılıq əzmi güclü idi. Mən onu marşal Pilsudski ilə görüşdürdüm. Onların söhbəti uzun çəkdi. Hətta sonda Emin bəy  Polşada SSRİ-yə qarşı yaradılan xüsusi xidmət idarəsi – Ekspozituranın rəhbəri olmaq təklifini də qəbul etdi. Paris konsulluğunun ona viza vermədiyini  dedikdə, pan Pilsudski bu məsələni yenidən həll etmək üçün dostlarla əlaqə saxlayacaqlarını bildirdi.

Axşam mən Emin bəyi evimizə dəvət etdim. O, ailə üzvlərimizlə tanış oldu. Bir gün sonra isə mən onu digər qohumumuz – Polşanın xarici işlər naziri Beklə görüşdürdüm. Onların hər ikisinin bu görüşdən çox razı qaldıqlarını mən ailə ziyafətində iştirakları zamanı gördüm.

İllər sonra ilk dəfə idi ki, mən narıncı ziyafət paltarında idim və o mənə bu məclisdə kavalerlik  etdi. Gecənin bir anında ziyafət iştirakçılarının xahişi ilə  pianoda "Marselyoza” çaldım və hamı xorla oxudu. Biz Ruje de Lilin misralarını  qəzəblə oxuyurduq:

 

Allons enfants de la Patrie

Le jour de gloire est arrive...

 

Fikir verib gördüm ki, o öz dilində oxuyur. Onun oxuduğu misraları illər sonra anladım:

 

İrəli, yurd oğulları!

Gəlib çatıb şöhrət anı.

Qoşun çəkir bizə sarı,

Qanlı bayraqlar tiranı...

...Silahlanın, vətəndaşlar!

Birləşin bir cərgədə siz!

İrəli! İrəli!

Düşmənlərin al qanıyla

Qoy boyansın çöllərimiz!..

 

Sonra mən ondan marşalla görüşdə daha çox nələrdən danışdıqlarını soruşdum. Bulud kimi tutuldu, gözü yol çəkdi:

-Milli azadlıq hərəkatı zamanı başımıza gələnlərdən, özümüzü fəda etməyimizdən, hər an edama məhkum edilə bilməyimizdən, amma geri çəkilmədən sonacan mübarizə aparmağımızdan danışdıq. O, lehləri, mən isə azərbaycanlıları bu mübarizəyə necə hazırlamağımızdan söz açdıq. Hər ikimiz ilk olaraq ailələrimizi, yaxınlarımızı bu işə inandırmağımızdan danışdıq. Mən ruhani atamın belə azadlıq eşqilə alışıb yandığını deyəndə o da eyni hissi keçirdiyini bildirdi. Mən mübarizəmizin ilk çağlarında Stalini məsçiddə atamın oturduğu minbərin altında rus jandarmalarından necə gizlədiyimi danışanda marşal uğunub getdi... "Etməyəydin kaş” dedi və biz təkrar gülüşdük. "Amma o da borcundan çıxdı, səni ölümdən qurtardı” dedi və mən Lehistanın liderinə Stalinlə olan görüşlərimdən daha geniş məlumat verdim.

-Siz mənim xalqımı necə adlandırırsınız? – Heyrətlə soruşdum.

-Leh... Lehistan... –Biz belə deyirik.

Mən onun şirin şərqli ləhcəsilə dediklərini təkrar etdim və biz gülüşdük.

Bir həftə sonra Emin bəy artıq Polşa hökümətinin yardımı ilə aldığı viza əsasında digər Avropa ölkələrinə yola düşdü. O, buradakı məslək dostları ilə görüşməli, ehtiyac içində olan keçmiş hökümət üzvlərinə mümkün olan yardımları təşkil etməli, eyni zamanda Fransada toplaşmış müqavimət hərəkatı üzvlərinin qarşısında çıxış etməliydi. (Ən əsas isə onu oxumağa göndərdiyi gənc tələbələrin taleyi narahat edirdi. Cümhuriyyət süqut etdikdən sonra onlar Fransada, Almaniyada və başqa ölkələrdə pulsuz-parasız qalmışdılar. Təhsil haqqına görə oxuduqları unuversitetlərdən xaric edilmiş, geri dönməyə pulları olmadığından dilənçi kökünə düşmüşdülər. Hətta geri dönə bilsəydilər, ən yaxşı halda onları Sibirə sürgün gözləyirdi...)

Təəccüb doğuran işdir: bu adam bu qədər dərdin içərisində ola-ola dayanmadan çalışmaq üçün sonsuz enerjini haradan alırdı?!.

 

EMİN BƏY

 

Bakıdan dalbadal bəd xəbərlər gəlirdi. Zövcəm Ümbülbanu xanım, qızım, oğlum, bütün qohumlarım sürgün edilmişdi. Zövcəm və qızım sürgündə dünyasını dəyişmiş, oğlum Rəsul güllələnmişdi. O biri oğlum Azərdən isə xəbər tuta bilmirəm.

İş şəraitim isə o qədər gərgindir ki, tez-tez xəstələnirəm. Mədəmdə yaranan yara, habelə şəkər məni üzür. Dostlar gərəkən  yardımları etmək üçün bir qadınla ailə qurmağımın vacib olduğunu deyirlər. Bilirəm, mən o hayda deyiləm, amma deyəsən, bu qaçılmazdır. Bu barədə Ankaradan Vandaya yazıram və axırda zərfin içərisinə əlahiddə bir məktub da qoyuram.

 

"Əzizim, Vanda!

Bilirsən ki, mən əzabların adamıyam. Əzablardan güc almaq, onlara qatlana bilmək mənim kimi insanların məramıdır. Amma deyəsən, daha bu əzablara tək çiyin vermək iqtidarında deyiləm.

Yadındamı, illər öncə səni Varşavada gördüyüm ilk gün? O gün mən anlamışdım ki, sən  həyatımda iz buraxacaq qadınsan. Amma o illərdə mən evli bir kişiydim. Üzücü də olsa, sənə bildirim ki, Stalin rejimi mənim həyat yoldaşımı, ailəmi məhv edib. İndi mən bu əzabları tək çəkmək iqtidarında deyiləm. Bilmirəm, mənə əzab ortağı olmaq istərsənmi?

Sonda onu da bildirim ki, mən leh xalqını sənin sayəndə tanıdım, sevdim. Və biləsən ki, bizim xalqın "Leyli və Məcnun” adlı bir dastanı var. Uzun zaman qovuşa bilməyən  sevgililərə bu səadət yalnız o biri dünyada nəsib olur. Sən mənim Leylam olmaq istərsənmi? Əgər bu təklifimi qəbul etmiş olsan, dərhal bilet al və həmən Türkiyəyə yola düş. Sayqı və sevgi ilə sənin Emin bəyin.

P.S.  Leyl gecə anlamına gəlir. Bütün gecələrin isə sonu gündüzdür. Gəlsən, gecə kimi mübhəm  gəl, gündüz kimi həyatıma işıq sal.”

 

LEYLA XANIM

 

Bu məktubu neçə il gözləmişəm. Əslində o mənə tez-tez yazırdı, fəqət bu yazışmalar iki dostun, iki inqilabçının məktublaşmalarından o tərəfə keçmirdi. Hətta bunu hiss edən anam məni danlayır, qarşıma çıxan neçə-neçə oğlana yox deməyimə görə qınayırdı.

 Üç gün sonra mən artıq Ankarada idim. Bu ekzotik şərq şəhərində hər şey mənə cazibədar görünürdü. Amma yad gəlmirdi. Bu, bəlkə də Eminə görə idi. Onun olduğu yer mənə doğmadır. Onunla dünyanın o başına da gedərəm. Lap Antraktidaya da!

 İlk işimiz yalnız dostların iştirakı ilə yüngül bir törən təşkil etmək oldu. Əsasən, azərbaycanlı və polyak mühacirlərin qatıldığı bu qonaqlıqda Eminin silahdaşları tost dedilər, şeir söylədilər. İllər əvvəl Ankaraya yerləşmiş bir qafqazlı ailəsinin məktəbli yavrusu Eminin "İlk çağındaydı gözəl mövsümün” misrasıyla başlayan şeirini əzbərdən söylədi. Mən bu ümid və inam dolu adamların içərisində olduğumçün çox xoşbəxt idim. Bir  xeyli əvvəl mən ismimi dəyişdirərək Leyla yazdırmışdım. O, bundan çox təsirlənmişdi. Hətta gözləri də doldu. Alnımdan öpüb "Səninlə qürur duyuram” dedi. Beləcə, taleyin qisməti ilə Polşa inqilabçılar nəslinin nümayəndəsi Vanda dönüb Leyla Rəsulzadə oldu.

 

 

EMİN BƏY

 

Bilirəm ki, məni istəyənlərlə yanaşı, istəməyənlər də var. İndi, Sovetin qan-qadasının tüğyan elədiyi vaxtlarda daha çoxdur bəlkə. (Üstümə silah çəkən Əliheydər Qarayevlərin******** sonu faciə ilə bitmədimi? Amma onu da bilirəm ki, bu bir müvəqqəti haldır. Sabah Sovet yıxılsın, hər şey tərsinə olacaq. Birinci bayrağımızı yüksəldəcəklər binalarımızın üstündə - onsuz da endirməmişdilər ki! Qəlblərdə vardı o bayraq... Hə, indi bizi söyənlər valı çevirəcəklər. Yəni onları başa düşmək olar.) Bir də var bizdə deyildiyi kimi, iyəşənlər. Yəni aşığın sözü qurtaranda məsələsi... Müsəlmanın o günü, Ankarada bir məclisdəyəm, Leyla da yanımdadır. Biri – bizim Bakı əhlidir – göz vurur mənə və hamının eşidəcəyi sələ :”Emin bəy, danışırlar sizin bu evliliyiniz siyasi evlilikdir həm də, belədirmi?” – deyir və qımışır. Mən heç tövrümü pozmuram. Amma Leylanın yanaqları allanır. Özünü pis hiss edir. Dayanmağın yeri deyil, əfəndim!

-Hə, elədir! Mən Lehistanın inqilabçı-zadəganlarının nəslinə mənsub bir xanımla, əsil adı Vanda olan sevgilimlə ailə həyatı qurdum – bu həm də dünyanın inqilabçı-demokratları ilə həmrəylik evliliyidir! Vanda-Leyla təkcə mənim zövcəm deyil: tərcüməçimdir, katibəmdir, doktorumdur, aşpazımdır və azadlıq mücadiləmizdə arkadaşımdır... Ən nəhayət, bu evlilikdən çox, dostluqdur,  leh xalqı ilə azəri türklərinin, Lehistanla Azərbaycanın dostluğu, birliyi...

Leyla yol boyu hıçqırırdı. Yox, ona görə deyil ki, bizlərdə deyildiyi kimi, bir tüllab onun xatirinə dəymişdi, xeyr. Qətiyyən belə deyil. Ona görə hıçqırırdı ki, mənim cavabım ona ləzzət eləmişdi... O sevincdən ağlayırdı...

 

LEYLA XANIM

 

Məndən tez-tez soruşurdular:

-Nədən Emin bəy vəfat etdikdən sonra Polşaya dönmədin? Axı övladınız da yox idi? Sizi bu ölkəyə bağlayan nədir?

-Bu torpaqda mənim sevdiyim adam  yatır. Onu qoyub hara gedim? Mən də onun qarışdığı torpağa qarışmaq istəyirəm...********* Övlada gəldikdə isə... Eminlə mənim milyonlarla övladımız var. Onlar Azərbaycanda, İranda, Türkiyədə, Avropada yaşayan azərbaycanlılardır... Gələcək azad, Eminin dediyi kimi hürr azərbaycanı onlar – bizim övladlarımız quracaqlar... O buna inanırdı. Elə mən də inandığımdan burdayam.

 

 

BÜLƏND DANIŞOĞU

 

"Leyla xanımı 1970-ci illərdə tanıdım. Qızılırmak sokakda, indi Ankapol sinemasının olduğu yerdəki binanın bir zirzəmi qatında qalırdı. Həmin küçəyə köçdüyümüz gündən bəri hər gün itinin ipindən tutaraq titrək addımlarla yeridiyini görərdik. Arıq, ağbəniz, gülərüzlü, yaşlı, amma gözləri parıldayan bir qadındı. Məhəllə əsnafı ona "madam” deyə xitab edərdi. Ləhcəsindən türk olmadığı anlaşılırdı. Sonra bir gün anam onu evimizə dəvət etdi.

            Madamın adının Leyla olduğunu o zaman öyrəndim. Özü də bir müddət sonra adının Vandadan Leylaya dönüşməsinin hekayəsini anlatmışdı. Sevgili əri "Leyli və Məcnun” əhvalatını danışmış və adının Leyla olmasını istəmişdi. Əri, yəni Azərbaycan Cümhuriyyətinin qurucusu və ilk cumhurbaşkanı Məhəmmədəmin Rəsulzadə...”        

(Ankara, "Kebikeç” dergisi, 22-ci say.)

 

MÜƏLLİF

 

Yolum Ankarayadır. Üç il əvvəl getdiyim bu şəhərdə dostum Ahmet********** bəylə Atatürkün Anıt qəbirini ziyarətə yollanarkən maşını durdurdum və dedim:

-Əfəndim! Anıt qəbirə bir az gec gedərik, onsuz da oradan ziyarətçi əskik deyil. İndi isə maşını Əsri məzarlığına sür. Orada bizim Azərbaycan türklərinin öndəri Məhəmməd Əmin Rəsulzadə uyuyur. Onu ziyarət edək, sonar Anıt qəbirə gedərik.

Sağ olsun. Məni anladı və kədərimi bölüşdü. Böyük insanın Əsri qəbiristanındakı məzarını birlikdə ziyarət etdik. Şəkil çəkdirdik. Sonra bu münasibətlə dərgilərdə çıxan məqalə də yazdım. Amma… Qul xətasız olmaz deyiblər. O zaman bir xəta etmişdim. Emin bəyin məzarını ziyarət edərkən onun vəfalı həyat yoldaşı Vanda xanımın – Leylasının qəbirini axtarmağı unutmuşdum. İndi Ankara yolçuluğumun bir səbəbi də budur. Qədirbilən azərbaycanlı mühacirlərin********** yardımı ilə Əsri məzarlığında yenidən bərpa olunan o qərib qəbiri görmək, baş endirməkçün yola çıxmışam. Təbii ki, sevgilisi ilə bərabər! Sağlıqlarında fərqli dinlər onları ayıra bilməmişdi, vəfat edəndə ayırdı. Amma torpaq eyni torpaqdır – müqəddəslərin uyuduğu bu yeri onlar daha da paklaşdırıblar. Yerləri pərqu olsun…      

         

 

AYAQ YAZI

 

MÜƏLLİF

 

Bizlər həmişə belə olmuşuq. Kimin yad, kimin doğma olduğunu heç düşünməmişik. Min illərdir küçələrdə əli çömçəli bir kişi gəzir, çömçəsini dınqıldada-dınqıldada elədiyi səhvləri yadımıza salır ki, biz o səhvləri düzəldək:

 

Gəlinə ayıran demədim mən Dədə Qorqud,

Ayrana doyuran demədim mən Dədə Qorqud,

İynəyə tikən demədim mən Dədə Qorqud,

Tikənə sökən demədim mən Dədə Qorqud…

 

Hanı, gəlin yenə ayırandır, amma biz yenə gəlin deyirik. Ayran içməkdən köpmüşük, amma elə ayrandır ki, ayran. Tikən min illərdir bizi sökür, amma tikən bilirik. Yetim iynə tikənin sökdüklərini yamamaqdan quruyub çöpə dönüb, amma bildiyimizi dədəmizə də vermirik: iynədi, vəssalam!..

O küçəbəküçə gəzib səhvlərini ninni kimi oxuyan kişini biz tamam unutduq. Elə unutduq ki, həşəbəxeybər, alman alimi H.F.Dits olmasaydı, nə Dədə Qorqud adda dədəmizin olduğunu biləcəkdik, nə də yazdığı kitabdan xəbərimiz olacaqdı…

Hələ bax, gör nə qələt eləmişik: ən mötəbər kişilərimizə dəli adı yapışdırmışıq: Dəli Domrul, Dəli Həsən, Dəli Alı…

Sözünü daşlara yazan xan babalarımızı, xaqan babalarımızı isə elə unutduq ki, yazdıqları hərfləri belə xatırlaya bilmədik. Adına kafir dediyimiz avropalı Vilhelim Tomsenin, allah eləməmiş,  başına bir daş dəysəydi, hələ indi də nə Bilgə xaqanı, nə Gültikini tanıyacaqdıq, nə də Monqolustandan üzü Sibir çöllərinə səpələnən bu daş kitabələri biləcəkdik…

Bizlər uzun zaman elə bilmişik ki, əsl dədəmiz anamızla yatıb bizi dünyaya gətirən kişidir. Amma yox, belə deyil. Daha onda madyanla cütləşib at, eşşəklə cütləşib qatır doğuzduran atdan nə fərqi olardı dədəmizin… Hə, analarımızla yatıb bizi dünyaya gətirənlər atalarımızdır, amma bioloji atalarımız…

Bizim əsl dədəmiz ruhumuzun dədəsi olan kişidir. Ətimiz, qanımız, sümüyümüz onun olmaya bilər, amma ruhumuzun dədəsi adı bu qara daşa – baş yazıda gənc oğlanın üstündə oturduğu - yazılan kişidir. Gəncədə heykəlinin başına çuval************ keçirilən kişidir. Ankarada Əsri məzarlığında səksəkə ilə uyuyan kişidir… (Atatürkün bu yerdə bir deyimi yadıma düşür: "Ətimin və sümüyümün atası Əli Rza əfəndidirsə, fikrimin atası Ziya Göyalpdır.”)

Bəli, ruhumuzun atası odur. İsa Peyqəmbər allahın nurundan yarandığı kimi, bizə də nuru o kişi bəxş edib.

Nə olsun ki, uzun illər küçə və xiyabanlarımızda özgə, yad, ögey dədələrimizin heykəlləri ucalıb? Lenin, Stalin, Kirov, hətta Şaumyan…

Bizdə ögey atalara sevgi hardandır, bilirsinizmi? Analarımızdan gəlir bu günah. Bizi doğanda, bələyəndə qulağımıza kimin oğlu olduğumuzu pıçıldamayıblar. Ya bəlkə onlar nəyisə qarışdırıblar?!.

Bax, ona görədir ki, başımıza bu DAŞ ağırlıqda bir nəsnə düşüb ki, uzun illərdir altından çıxa bilmirik.

Yetər, gəlin bu daşı qaldıraq, onun üstündə yazılanları gələcək nəsillərə saxlamayaq. Yoxsa onlar da ögey atalarının küçə və xiyabanlarımızda ucalan heykəllərinə sitayiş edəcəklər…

 

S.A (Söz Ardı)

Mən bu yazını məndən əvvəl qələmə almış, fəqət özünü yaşadığı binanın yuxarı qatından ataraq intihar etmiş o gəncdən bir xeyli sonar  yazdım. Nə cibindəki əlyazması qalmışdı, nə kompüterindəki fayl. Sadəcə sevdiyi qıza yazdığı əsərin qaralama variantını oxuyanda qız yazı sənətinə könül verdiyinə görə ondan üz çevirmişdi… Faciədən sarsılan qız, mənim xahişimlə  oğlanın ağzından eşitdiklərini fikrində canlandırmağa çalışmış, fəqət mənə ancaq yazının skeletini danışa bilmişdi.    

Zənnimcə, o eşitdiklərim bu yazının yazılmasına təkan oldu. Həmin insanların qəzavatından bəhs edən bu yazını yazdım ki, yaddaşımız təzələnsin. Qəzamız mübarək.

 

 

dekabr 2017 – fevral 2018

 

 

 

*Mövsüm Əliyev (1939-1997)  - Cümhuriyyətin və  M.Ə.Rəsulzadənin ilk tədqiqatçılarından idi. 1993-cü ilin sonlarında həbs olunub. Orada infarkt keçirib. Yarımcan  halda həbsdən çıxandan sonra faciəli şəkildə vəfat edib.

**Murdarüşüyən – qışdan yeni çıxmış əti yeyilməyən (murdar) heyvanlar – insan da daxil – aprel ayında üşüyərlər. Bu səbəbdən el arasında aprelə murdarüşüyən deyirlər.

***M.Ə.Rəsulzadə ”Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri” (İstanbul, 1997)

****Musa Cərullah Bigiyev (1875-1949) – tanınmış tatar maarifçisi. Sank-Peterburqda yaşayıb. M.Ə.Rəsulzadənin xaricə qaçışının təşkilatçılarından olub.

*****Abdulla Battal Taymas (1883-1969) – Kazan türklərinin liderlərindən biri. O da 1925-ci ildə Türkiyəyə gedib. M.Ə.Rəsulzadə uzun illər ilə yaxın münasibətdə olub.

******Lehistan - əski dövrlərdə Şərqdə Polşaya verilən ad.

*******Koba – Stalinin gizli inqilabçı ayaması.

*********Əliheydər Qarayev(1896-1938) – Cümhuriyyətin və M.Ə.Rəsulzadənin düşməni. 1920-ci il aprelin 27-də bolşevik deputat H.Sultanovun təslim ultimatumunu qəbul etmək istəməyən millət vəkillərinə silah çəkərək "Səsini çıxardanı gülləbaran edəcəyəm!” deyib hədələmiş, sonralar isə Azərbaycan adını tarixdən silmək üçün vilayətlərə bölüb Rusiyanın tərkibinə qatmağı təklif etmişdi. 1938-ci ildə "əksinqilabçı” kimi güllələnmişdir.

*********”May ayının sonunda Məhəmmədəmin Rəsulzadənin mühacirətdəki həyat yoldaşı Leyla xanım da mədə qanamasından müalicə aldığı Ankara xəstəxanasında fani dünyaya vida etdi. Ömrünün 30 ilini xroniki şəkər xəstəliyi ilə mücadilə içində keçirən mərhum milli öndərimiz Rəsulzadə 1930-cu illərdə Varşavada mətbu fəaliyyəti zamanı bir tərəfdən düşmənin əsir türklərə qarşı davam etdirdikləri politik, ekonomik və mədəni basqı və sömürgəçiliyi sərt qələmi ilə cavablamaqla məşğul ikən, digər tərəfdən də içini gəmirən xəstəliklə mücadilə etmək məcburiyyətində qalırdı. Şəkər xəstəliyinin başlıca müalicə üsulu hesab edilən pəhriz rejiminə sıx şəkildə əməl etmək gərəkli idi. Bu isə ancaq vəfalı bir həyat yoldaşının olması ilə mümkün idi. Ona görə də Əmin bəy xarici bir mühitdə polyak əsilli Leyla xanımı özünə həyat yoldaşı olaraq seçmişdi.

Əmin bəy 1955-ci ilin martında həyata gözlərini qapadığı ana qədər vəfalı yoldaşı Leyla xanım istər nisbi sağlığında, istərsə də xəstəliyinin ağır vaxtlarında başının üstündən bir an belə ayrılmayıb, sevə-sevə, hər cür məşəqqətlərə qatlanaraq bir xəstə baxıcısı kimi qulluq edib. Bütün bunları edərkən, Leyla xanım sadəcə bir həyat yoldaşı kimi deyil, eyni zamanda Əmin bəyin böyüklüyünü və müştərək düşmənə qarşı mücadilədə güclü şəxsiyyətini nəzərə alıb hərəkət edirdi. Buna görədir ki, Əmin bəyi sevən hər kəs Leyla xanıma da ürəkdən sayğı duyur, təqdir edərdi. Ruhu şad olsun.”         

 

Ankara,  "Azərbaycan” dərgisi, 1974.

 

******** **- Ahmet Yıldız – türkiyəli yazar, bir neçə nəsr kitabının müəllifi.

*********** - cumhuriyyet.net xəbər portalı bildirir ki, Türkiyədə yaşayan jurnalist Könül Şamilqızı M.Ə.Rəsulzadənin  mühacirətdıki həyat yoldaşı Vanda (Leyla) xanımın Əsri məzarlığının xristian bölümündə yerləşən qəbirini tapıb. Onun müraciətindən sonra qəbirin üstü ona yaraşan şəkildə götürülmüşdür.

*************Lap elə bu yaxınlarda Gəncə şəhərindəki müəssələrin birində M.Ə.Rəsulzadənin büstünün başına çuval keçirmişdilər. Gəncəli bir millət vəkili də buna haqq qazandırmışdı – "o mənim liderim deyildir” deyərək.