Azərbaycan rəssamları Londonun pasxa festivalında - FOTOLAR

Azərbaycan rəssamları Londonun pasxa festivalında - FOTOLAR

Londonda Pasxa bayramı münasibətilə fevralın 21-dən martın 8-dək festival keçiriləcək. Festival çərçivəsində 200 xüsusi bəzədilən yumurtaların nümayişi təşkil olunacaq.

İnteraktiv oyunu xatırladacaq nümayiş üçün bir sıra aparıcı rəssam, dizayner, memar və zərgərlər tərəfindən hazırlanan yumurtalar təqdim olunacaq.

Yumurtalar Londonun 10 nöqtəsində nümayiş etdiriləcək. Tamaşaçılara isə yumurtaların nümayiş olunduğu yerləri tapmaq üçün oyun təklif olunacaq. Pasxa yumurtalarına baxmaq üçün şəhər boyu xüsusi ipuculardan, xəritədən və ya telefona yüklənmiş proqramlardan istifadə etməklə xüsusi yerləri tapmaq lazım olacaq.

Sonradan həmin yumurtalar hərraca çıxarılacaq və toplanılması nəzərdə tutulan 2 milyon funr-sterlinq nəsli kəsilməkdə olan heyvanların qorunması və əlil uşaqlarla bağlı layihələrin reallaşdırılmasına yönələcək.

Qeyd edək ki, Azərbaycandan olan rəssamların da işləri festivalda nümayiş olunacaq.

İştirakçılar arasında Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA kampaniyasının təsisçisi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının rəhbəri Leyla Əliyeva, rəssamlar Anar Hüseynzadə və Əsmər Nərimanbəyova da var.

Festivalda nümayiş olunacaq işi barədə danışan Leyla Əliyeva qeyd edib ki, onun kompozisiyası “Dirçəliş” adlanır.

“Mən dünyada ən güclü və ən qədim münasibətin rəmzi olan ana və uşağı təsvir edərək, yumurtanın kövrəkliyini və məsumluğunu göstərmək istəyirdim. Həyat qarşılıqlı asılılıq və sevgiyə dayanan bu cür əsaslı və dövri əlaqələrlə doludur”.

Anar Hüseynzadənin kompozisiyası isə “Bakı nağılı” adlanır.

“İçəri Şəhər, əsirlərin sınağından keçmiş nağıl şəhəri... Xalqımızın min illik yaddaşını daşlarında yaşadan günəşli şəhər... İnsanları da günəş kimi isti, mehriban... Qonağına gülər üz, düşməninə amansız şəhər... Nə çox sevincli, kədərli günləri olub bu şəhərin... Toylu, büsatlı şəhər... Qaynar həyatlı şəhəri... Odur, elə bir insan olmaz ki, İçəri Şəhərin dolanbac küçələrini dolaşsın və özünü nağıllar aləmində hiss etməsin...”

Əsmər Nərimanbəyova isə işini “Mənin Bakım” adlandırıb.

Pasxa  yumurtası ən qədim bərəkət rəmzi biri rəssam Əsmər Nərimanbəyovanın işində işin məna və kompozisiya əsası olan nar ağacı rəmzi ilə birləşir.

“Azərbaycan mədəniyyəti üçün narın müqəddəs mənası var – o, bərəkət ideyasını təsvir edir və özündə güclü həyat energetikası daşıyır. O, həyat şirəsinin özü ilə doludur. Mavi dəniz, qızılı qum, çiçəkləyən ağac, sehrli xalı rəngləri – günəş istisinin əzizlədiyi Abşeronunun koloriti yumurtanın hamar səthini bir növ öz ağuşuna alır.

Ənənəvi və rahat Bakı eyvanı bir dəqiqəlik əyləşməyə və nar ağacının kölgəsində ətirli çayla susuzluğu yatırmağa, İçəri Şəhərə və dənizə, qala divarları və Qız Qalasına açılan görüntünün gözəlliyindən həzz almağa dəvət edir”.

Gün.Az

[gallery link="file" columns="2" orderby="title"]