AZƏRBAYCAN TELEVİZİYASININ

AZƏRBAYCAN TELEVİZİYASININ "AFTOQRAF"ı

Siyavuş Aslanı faciəvi rakursda təqdim edəcək

Azərbaycan televiziyasında gedən dəyişikliklər nəinki tamaşaçıların, heç mütəxəssislərin də diqqətindən yayınmır. Təsadüfi deyil ki, televiziya sahəsi üzrə ən tanınmış şərhçilər "Az.TV adı altında yeni televiziya yaradılır" ifadəsini işlətməkdən çəkinmirlər. Azərbaycan televiziyasına yeni nəfəs gəlir, efir gəncləşir, maraqlı televerilişlər, layihələr televiziyanın auditoriyasını böyüdür. Belə verilişlərdən birinin - "Avtoqraf"ın müəllifi Vidadi Hüseynov bizimlə söhbətində televiziyada gedən dəyişikliklərdən söhbət açdı.
- Sevindirici haldır ki, Azərbaycan televiziyası sivil quruma çevrilir. MDB məkanındakı telekanallar hələ ötən əsrin 90-cı illərindən başlayaraq bu istiqamətdə inkişaf edirlər. Bizim dövlət televiziyamız isə 10 il müddətində durğunluq dövrü yaşadı. Hətta sovet dövründən qalan redaksiyalar sistemi bu yaxınlara qədər fəaliyyət göstərirdi. Azərbaycan televiziyasının yeni sədri Arif Alışanov isə yaradıcı insanların fəaliyyətinə təkan vermək və sivil televiziya strukturu yaratmaq məqsədilə yaradıcı qrupların yaradılmasına qərar verib.
"Avtoqraf"ın yaradıcı qrupu var. Rejissor, operator və müəllifə azadlıq verilib ki, qrup şəklində fəaliyyət göstərsinlər. "Avtoqraf"da sənət adamlarının yalnız sənət imzasından söhbət açılır. Onun məişət həyatı, sənətdən kənar həyatına yer verilmir.
- Yerli telekanallar şou xarakterli verilişlər hazırlamaq üzərində yarışa giriblər. Hətta vaxtilə şou-maqazin tipli verilişlər hazırlamayan, şou-biznesin nümayəndələrinə efirində yer ayırmayan telekanallar da siyasətini dəyişiblər. Mədəniyyət və incəsənət xadimləri ikinci plana keçiblər. Belə vaxtda sənət adamlarının sənət dünyası haqqında veriliş hazırlamaq çətin deyil ki?
- Onbeşillik təcrübəmə əsaslanaraq deyə bilərəm ki, hər bir jurnalistin, televiziyaçının məqsədi olmalıdır. Biz də verilişin ideyasını müzakirə edəndə bu sual meydana gəldi. Rejissor İradə Aydəmirova, operatorum Elxan Nəbiyev məndən soruşdular ki, misal üçün Brilliant xanım haqqında yeni nə söz deyə biləcəksən? Özü də nəzərə alın ki, mən onun haqqında kifayət qədər veriliş hazırlamışam. Amma bilirdim ki, yeni fikir ortaya qoya biləcəm. Çünki bilirəm ki, Brilliant xanım beynəlxalq layihələrdəki işindən az danışır. Verilişi də elə bu fikir üzərində qurduq.
İkinci verilişimin qəhrəmanı isə nasir kimi kifayət qədər çox tanınan xalq yazıçısı Elçin oldu. "Avtoqraf"da onun dramaturgiyasına nəzər saldıq. Elçin böyük yazıçı, publisist, nasirdir. Amma biz onun dramaturq kimi "Avtoqraf"ını təqdim etdik.
- Tamaşaçıların şou formatlı verilişlərə meyilli olduğunu nəzərə alan telekanallar demək olar ki, bütün proqramlarına müğənniləri, aktyorları dəvət edirlər. Telekanalları izləyərkən insanda bəzən elə fikir formalaşır ki, bizdə digər sahələr inkişafdan qalıb. Tamaşaçıların sənət adamları ilə bağlı verilişlərdən bezdiyini düşünmürsünüz ki?
- Bilirsiniz, şou-biznesə həsr edilmiş süjetlər, verilişlər hazırlamaq asandır. Əvvəla, ona görə ki, müğənnilər özləri bunda çox maraqlıdırlar. Digər tərəfdən burada jurnalistdən yaradıcılıq nümayiş etdirmək tələb olunmur. Biz isə sənət adamlarının sənət imzasını işıqlandırmaq, təhlil etmək missiyasını üzərimizə götürmüşük. Əgər yerli telekanalların proqram siyasətinə nəzər salsanız, onda bu səpkidə demək olar ki, verilişlərin hazırlanmadığının şahidi olarsınız.
Yuxarıda da qeyd etdiyim kimi biz sənətkarlara fərqli aspektdən yanaşmağa çalışırıq. Siz özünüz də jurnalistsiniz. Təbii ki, bir şəxsdən 2-3 dəfə müsahibə götürməyənizdən asılı olmayaraq, fərqli mövzularda söhbət edirsiniz. Mən "Pərdənin o üzü", "Rakurs", "Teatr sənət toplusu", "Telemizan" və s. proqramları hazırlamışam. Bu verilişlərin hamısı teatr sənətinə hərs olunub. Düzdür, verilişlərin hamısında eyni sənətkarlardan bəhs olunub. Amma baxış fərqli olub.
"Avtoqraf"ın müzakirəsi zamanı Arif müəllim mənə məsləhət gördü ki, teatr sənəti ilə məhdudlaşmayım. O məsləhət gördü ki, yaradıcılığımın başqa mərhələsi başlansın. Yəni verilişdə aktyorlarla yanaşı bəstəkarlar, balerinalar, vokalçılar haqqında da söhbət açım. Öncədən təsdiq edilmiş siyahıya əsasən, Fidan və Xuraman Qasımova bacıları, Əminə Dilbazi, Arif Məlikov, Amaliya Pənahova və digərləri "Avtoqraf"ın qəhrəmanları olmalıdırlar. Yeri gəlmişkən, bu ay Siyavuş Aslanın "Avtoqraf"ı efirə gedəcək. Biz verilişdə onu komediya ustası kimi təqdim etmirik. Onun klassik və faciəvi tamaşalarda oynadığı obrazlardan söhbət açırıq. O, Maksim Qorkinin "Həyatın dibində" əsərində Luka, "Mənsiz dünyada" Dəli Qulam, "Sevgililərin cəhənnəmdə vüsalı"nda Cabbar və digər rolları ifa edib. Əfsuslar olsun ki, onun iştirak etdiyi tamaşaların bəziləri lentə alınmayıb. Ancaq istədiyimiz atmosferi yaratmağa çalışmışıq.
- "Avtoqraf"ın qəhrəmanına qoyulan meyarlar hansılardır?
- Bir meyar var. Verilişin qəhrəmanının sənət imzası olmalıdır. Ona görə də fikirləşirəm ki, proqramın ömrü uzun olmayacaq. Xatırladım ki, "Teatr sənət toplusu", "Telemizan" 6 il gedib. Yəni verilişin meyarları fərqlidir. "Avtoqraf" ayda iki dəfə efirə gedir. Bəziləri məsləhət görürlər ki, ayda dörd dəfə hazırlayaq. Amma keyfiyyətin aşağı düşəcəyindən ehtiyatlanaraq bu addımı atmırıq. Proqramın ömrü 2 ildən artıq olmayacaq.
- Bu sizi kədərləndirmir ki?
- Əslində desəm ki, sevinirəm, inanın. Mən hesab edirəm ki, bir verilişin efirə altı il getməsi telejurnalistin məhvi deməkdir. Su da bir yerdə qalanda iy verir. Proqramlar tez-tez dəyişməlidir. Bir proqramın uzağı iki il ömrü ola bilər. "Teatr sənət toplusu" verilişini mübahisəli şəkildə bağladım. Mən özüm yorulmuşdum, verilişi hazırlamaq istəmirdim. "Avtoqraf"ın layihəsini şəxsən Arif Alışanovla müzakirə etmişik. Onun yaradıcı insana olan münasibəti müqabilində zəif layihə ortaya qoymaq ən azı müəllifin özünə hörmətsizliyidir. Ona görə də yaradıcı qrup çalışır ki, rəhbərliyin etimadını doğrultsun. Bizim ən böyük tənqidçimiz elə sədrimizdir.
- Bəs əvvəlki dövrlərdə niyə qalıb işləyirdiniz?
- Bilirsiniz, bizim redaksiyanın aurası bir başqa idi. Redaksiyanın redaktoru Mailə Muradxanlı, rejissorlar Məhərrəm Bədirzadə və Tariyel Vəliyev mənim ailəm idilər. Onlar mənə şərait yaradırdılar ki, istədiyim insanları çəkə bilim. Sanki məni qoruyurdular. Ona görə də qalıb işləyirdim.
- Hazırda qorunmağa ehtiyacınız var?
- Xeyir, indi televiziyada elə mühit yaradılıb ki, yaradıcılıqla məşğul olmaq istəyənlər üçün bütün qapılar açıqdır. Təki əməkdaş tamaşaçı marağına səbəb ola biləcək veriliş hazırlamaq istəsin. Vaxtilə isə sirkdə fokus göstərən şəxs də televiziyada jurnalist işləyirdi. Jurnalistin bir televiziyadan digərinə getməsində pis heç nə yoxdur. Bu gün də Azərbaycan televiziyasından gedənlər var. Kimi yaradıcılıq axtarışındadır, bəzilərinin qüvvəsi artıq tükənib. Pensiyaya çıxanlar var. Bir qisim insan layihə ortaya çıxarda bilmir. Amma bununla bahəm ekran nə qədər gəncləşib, gənclərin televiziyaya axını var.
AYNA