“Azərbaycanda müəllif hüquqlarının pozulması hələ də davam edir”

“Azərbaycanda müəllif hüquqlarının pozulması hələ də davam edir”

"Azərbaycanda intellektual mülkiyyətin qorunmasında hələ də problemlər var”.

Bu sözləri insider.az saytının "XXI əsrin piratları - Kimə şikayətlənməli?” mövzusu ətrafında keçirdiyi sorğuya cavab olaraq "Cinema Plus” kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü, tanınmış marketinq mütəxəssisi Zaur Darabzadə deyib.

O bildirib ki, internet-piratçılıq XIX əsrin qlobal problemlərindən birinə çevrilib: "İlk növbədə qeyd edim ki, bizim kinoteatrlar şəbəkəsində güclü təhlükəsizlik sistemi olduğu üçün kontentin oğurlanması mümkün deyil. Belə ki, piratçılıqla mübarizə aparmaq üçün xüsusi departament yaratmışıq. Zallarımızda nəzarət kameraları quraşdırılıb, eləcə də hər 15-20 dəqiqədən bir nəzarətçilər zallara baxış keçirirlər.

Kontentin oğurlanmasına gəldikdə, ümumiyyətlə bütün dünya bununla mübarizə aparır. Müxtəlif dövlətlərin təsis etdiyi müvafiq qurumlarla yanaşı, mübarizəyə "Sony”, "Disney”, "Warner Brothers”, "Paramount Pictures”, "20th Century Fox” kimi dünyaca tanınmış distribütorlar da qoşulublar.

Düzdür, bəzi ölkələr bu sahədə nailiyyət əldə ediblər. Məsələn Türkiyə, Gürcüstan pirat saytların fəaliyyətinin qarşısını tam, Rusiya isə qismən ala bildi. Belə ki, Türkiyə və Gürcüstan bu tip saytları öz ölkələrində bloklayıb, eləcə də müəllif hüquqlarının qorunması Assosiasiyası yaradıb ki, bura da müəyyən kinoteatr, şirkət, radio, ifaçılar, həmçinin intellektual mülkiyyətini qorumaq istəyən insanlar üzv olurlar.

Təəssüf ki, qanun layihələrinə, dövlətin apardığı mübarizəyə baxmayaraq, Azərbaycanda müəllif hüquqlarının pozulması hələ də davam etməkdədir. Belə ki, Azərbaycanda pirat fəaliyyəti ilə məşğul olan kifayət qədər sayt var. Kinoteatrlarda yayımlanan hər hansı filmi bir həftə sonra bu cür saytlarda aşkar edirik. Təbii olaraq, bu, bir cinayətdir. Lakin saytların çoxunun kökü bilinmədiyinə görə, onları nə cinayət məsuliyyətinə cəlb etmək, nə də cərimələmək mümkündür.

Bu cür kontent oğruları səbəbindən Azərbaycanın qlobal kino industriyasında etibarı zəifləyir. Düzdür, indiyə qədər bizim kinoteatrlarda nümayiş olunan filmlərin hamısı dünya premyerası ilə eyni gündə yayımlanıb. Lakin bəzən filmi alana kimi müəyyən çətinliklərlə üzləşirik. Filmi aldığımız şirkətlər isə buna səbəb olaraq ölkəmizdə müəllif hüquqlarının hələ də kifayət qədər qorunmadığını gətirirlər".

Qeyd edək ki, aparılan tədqiqatlar göstərir ki, Azərbaycanda internet-piratlıq bazarı 2017-ci ilin nəticələrinə əsasən, 2016-cı illə müqayisədə 21% artaraq 85 mln. dollar təşkil edib. Məşhur axtarış sistemlərində film və seriallara pulsuz baxmaq üçün azərbaycanlı istifadəçilərin verdiyi sorğuların sayı ötən il təxminən 10 milyard təşkil edib.