Azərbaycanda tərcümə işiylə bağlı böyük layihə

Azərbaycanda tərcümə işiylə bağlı böyük layihə

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası dekabrın 7-dən etibarən yeni üzvlərin qəbulu və cari üzvlərinin akkreditasiyası prosesinə başlayacaq.

AzərTAc xəbər verir ki, Assosiasiyadan bildiriblər ki, yeni üzvlərin qəbulu iki mərhələdə keçiriləcək. İlkin mərhələdə 18-30 yaşlı gənc, sonrakı mərhələdə isə 30 yaşdan yuxarı tərcüməçilərin akkreditasiyası həyata keçiriləcək. Peşəkarlıq dərəcəsindən asılı olaraq, tərcüməçilər 3 kateqoriya (A, B, C) üzrə təsnif ediləcək və hər kateqoriyada tərcümənin şifahi-ardıcıl, şifahi-sinxron və yazılı tərcümə qollarından biri və ya bir neçəsi üzrə akkreditə olunacaqlar.

Akkreditasiyadan keçməyən tərcüməçilər də kənarda qalmayacaqlar. Onlar müşahidəçi üzv kimi qeydiyyata düşəcək və müəyyən edilmiş aralıqdan sonra təkrar imtahan verərək akkreditə olunacaqlar. Sonrakı müraciət yalnız ilk müraciətdən bir il sonra edilə bilər.

Akkreditasiyadan keçmiş tərcüməçilər haqqında məlumatlar həm də təşkilatın saytında yerləşdiriləcək elektron bazaya daxil ediləcək. Bu yolla, işəgötürənlər və sifarişçilər tərcüməçilərlə birbaşa əlaqə saxlaya biləcək, eyni zamanda hər hansı tərcüməçinin AGTA tərəfindən akkreditə olunub-olunmadığını öyrənə biləcəklər.

Prosesin ilkin mərhələsinin qarşıdakı ilin fevral ayına qədər davam etməsi planlaşdırılır.

Qeyd edək ki, AGTA 2014-cü ilin avqust ayından Beynəlxalq Tərcüməçilər Federasiyasının tamhüquqlu üzvüdür. AGTA-nın sədri İsmayıl Cəbrayılov həmin vaxtdan etibarən həm də Beynəlxalq Tərcüməçilər Federasiyası Şurasının üzvüdür.

Edebiyyat.biz