Azərbaycanlı aktrisa Çanaqqala filminə çəkilir

Azərbaycanlı aktrisa Çanaqqala filminə çəkilir

"Küçük Ağa” serialında Başak obrazını canlandıran azərbaycanlı aktrisa Çanaqqala filminə çəkiləcək

Türkiyənin "Kanal D” televiziyasında yayımlanan "Küçük Ağa” serialında Başak obrazını canlandıran əslən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni filmə dəvət alıb.

Çanaqqalaya həsr edilən və Türkiyə Mədəniyyət Nazirliyi tərəfindən çəkilişinə 1 milyon 750 min lirə maliyyə dəstəyi ayrılan "Son məktub" filmində baş rolda oynayacaq qadın ifaçı müəyyənləşib. 

Bu günə qədər bir çox filmlərdə uğurla çıxış edən Nəsrin Cavadzadə bu filmdə tibb bacısı Nihal obrazını canlandıracaq.

Döyüşün başladığı günlərdə könüllü olaraq Çanaqqalaya gedən tibb bacısı Nihal obrazını canlandıracaq aktrisa, rolu ilə əlaqədar bunları bildirib: "Bir aktrisa olaraq özümü tarixi bir filmdə sınamaq istədim. Oynayacağım obrazla aramda artıq bir bağlılıq əmələ gəlib. Filmdəki hadisələr 1915-ci ildə baş verdiyi üçün o dövrə aid araşdırmalar aparıram və obrazım üçün bütün enerjimlə çalışıram."

Filmin çəkilişlərinə iyul ayının ilk həftəsində başlanılacaq. Doqquz həftə davam etməsi planlaşdırılan filmin çəkilişləri İstanbulda yekunlaşdırılacaq.

Qeyd edək ki, 1982-ci ildə Bakıda dünyaya gələn Nəsrinin ilk serial təcrübəsi 2007-ci ildə "Yersiz Yurtsuz” layihəsi ilə başlayıb. Daha sonra gənc aktrisa "Samanyolu”, "Al Yazmalım” və "Ağır Roman” kimi seriallarda müxtəlif obrazları canlandırıb.(ANS)