Azərbaycanlı musiqiçi Rusiya Filarmoniyasının baş dirijoru təyin olundu

Azərbaycanlı musiqiçi Rusiya Filarmoniyasının baş dirijoru təyin olundu

Azərbaycanlı musiqiçi Əyyub Quliyev Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru təyin olunub.

Mədəniyyət və Turizm Nazirliyindən Kult.Az-a verilən məlumata əsasən, bu ilin iyununda filarmoniya və orkestr rəhbərliyi ilə müqavilə imzalanıb.

Müqavilənin şərtlərinə görə, orkestr iki il müddətində silsilə konsert proqramı ilə çıxış etməlidir. Konsertlərdə Azərbaycan musiqisinə həsr olunan gecə də olacaq, Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Hacı Xanməmmədovun əsərləri səslənəcək.

Qeyd edək ki, Əyyub Quliyev 1984-cü ildə Bakıda anadan olub. Xalq artisti, tarzən Ramiz Quliyevin oğludur. 2005-ci ildə Bakı Musiqi Akademiyasının dirijorluq fakültəsini fərqlənmə ilə bitirib.

2005-2008-ci illərdə Sankt-Peterburq Dövlət Konservatoriyası və Vyana Dövlət Musiqi və İncə Sənətlər Universitetində təhsil alıb. O, 2013-cü ildə Rusiyada keçirilən Sergey Raxmaninovun 140 illik yubileyinə həsr olunmuş beynəlxalq musiqi festivalında iştirak edən ilk azərbaycanlıdır.