Azərbaycanlı rəssam ABŞ-da qadınlara dəstək olacaq

Azərbaycanlı rəssam ABŞ-da qadınlara dəstək olacaq

Azərbaycanın tanınmış rəssamı, beynəlxalq mükafat laureatı Mehriban Əfəndi ABŞ-a dəvət alıb. Rəssamın verdiyi məlumata görə, onun səfərinin məqsədi mayın 5-də ABŞ-ın Montana ştatının Bigfork şəhərindəki “The summer house Playhouse” sərgi zalında "THE Abbie Shelter" və zorakılığa düçar olanlar üçün qaynar xəttin təşkilatçılığı ilə keçiriləcək "İncəsənət və maarifləndirmə" adlı sərgidə iştirak etməkdir.

Dünyanın bir sıra ölkələrindən görkəmli fırça ustalarının ruhlandırıcı sənət və foto nümunələrindən ibarət əsərlərinin nümayiş olunacağı bu səssiz hərrac sərgisi xeyriyyə məqsədi daşıyır. Sərgidən əldə olunacaq vəsait zorakılıqdan əziyyət çəkmiş qadınların problemlərinin həllinə sərf olunacaq.

Bu nüfuzlu beynəlxalq sərgidə tamaşaçılara yüksək mənəviyyat aşılayan əsərlərin müəllifi kimi iştirak edəcək azərbaycanlı rəssamın “Harmoniya” adlı ruhlandırıcı əsəri nümayiş olunacaq. Artıq Mehriban Əfəndi “Harmoniya” adlı bədii əsərinin rəqəmsal surətini bu hərrac sərgisinə hədiyyə edib.

Qeyd edək ki, azərbaycanlı rəssamın sözügedən sərgiyə dəvət alması onun 2005-ci ildə ABŞ-ın Montana ştatının Bigfork şəhərində keçirilmiş fərdi sərgisinin uğurlu nəticəsidir.

ANS PRESS