Azərbaycanlı rəssam Türkiyədə faciəli şəkildə vəfat edib

Azərbaycanlı rəssam Türkiyədə faciəli şəkildə vəfat edib

Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Soltan Qara Türkiyənin Konya şəhərində olarkən faciəli şəkildə vəfat edib.

49 yaşlı rəssam qonaqlıqda olduğu dostunun damını düzəltmək məqsədilə dama çıxıb və ayağı sürüşərək 5 metr hündürlükdən yıxılıb.

Ağır bədən xəsarəti alan S.Qara təcili olaraq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun cənazəsi bu gün 16:00-da Bakıya gətirilib. S.Qara doğulduğu Əmircan qəsəbəsində torpağa tapşırılacaq.

Qeyd edək ki, Soltan Qara 1962-ci ildə Əmircan qəsəbəsində anadan olub. 1988-ci ildən Bakı İncəsənət Mərkəzinin üzvüdür. 1990-cı illərdən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2000-ci illərdə ABŞ-da yaşayıb, işləyib. Son dövrlərdə Bakıda bir sıra dekorativ kompozisiyalar yaradıb. Rəssam Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. 1986-cı ildən sərgilərin iştirakçısıdır.