"Azərkitab" "hər yer ədəbiyyat" kampaniyasına dəstək verir

İctimaiyyətdə geniş rezonans doğuran #heryeredebiyyat hərəkatı ölkədə və ölkədən kənarda həmyerlilərimizin böyük diqqətini çəkib.

Müxtəlif sahələrdən dəstək görən hərəkata bu dəfə "Azərkitab" Kitab Təbliğatı Mərkəzi də qoşulub.

Hərəkatçıların sözlərinə görə, mərkəzlə əməkdaşlığa böyük bir layihə ilə start veriləcək. Hələlik layihə haqda açıqlama verilmir. "Yaxın zamanlarda ictimaiyyətə və mediaya projemiz haqda məlumat verəcəyik. Əsas odur ki, bu layihə Azərbaycan ədəbiyyatı üçün atılacaq növbəti bir addımdır. Uğurlu olacağına inanırıq. Yeni və çağdaş estetikası olan bir iş görmək istəyirik. Hər kəsə dəstək üçün təşəkkür edirik" - deyə hərəkatın ideya müəlliflərindən olan yazar Aysel Əlizadə bildirib.

Qeyd edək ki, yazarlar bu günlərdə sosial şəbəkədə partlayışa çevrilən bir trend yaradıblar. Onlar " heryeredebiyyat" həştəgi ilə paylaşımlar edib, hər kəsi ədəbiyyata və kitaba diqqət çəkməyə səsləyiblər. Çağırış ciddi rezonans yaradıb. Saysız insan bu çağırışa qoşularaq "hər yer ədəbiyyat" həştəgi ilə müxtəlif statuslar və videolar paylaşıblar. Bütün televiziya və mətbuatın diqqətini çəkən yeni trend üzvləri ədəbiyyat üçün davamlı layihələr həyata keçirəcəklərini bildiriblər. (musavat.com)