AzTV-nin çəkiliş qrupu Laplandiyadan qayıdıb

AzTV-nin çəkiliş qrupu Laplandiyadan qayıdıb

AzTV-nin yeni ildə tamaşaçılara təqdim edəcəyi “Laplandiyadan gələn qonaq” film-tamaşasının çəkiliş qrupu Laplandiyadan qayıdıb.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, film-tamaşanın rejissoru Faiq Kərimoğlu deyib ki, Azərbaycan Televiziyasının tarixində ilk dəfə Santa-Klausla görüş onun sehrli məkanı sayılan Laplandiyada çəkilib.

Ssenariyə əsasən, Bakıdakı mədəniyyət saraylarının birində fərqli Yeni il şənliyi keçirmək qərara alınır. Bunun üçün Santa Klausu Laplandiyadan Azərbaycana gətirmək təklif olunur. Amma onu cənuba gətirmək elə də asan başa gəlmir. Santa Klaus bir qrup mədəniyyət işçisindən Azərbaycandan gəldiklərini sübut etmək üçün muğam oxumağı tələb edir…

F.Kərimoğlu qeyd edir ki, Santa Klausun Laplandiyadan gətirilmə səhnəsinin Murmansk oblastının Lavozero bölgəsində lentə alınması çəkiliş qrupu üçün əsl sınağa çevrilib. “Çəkiliş qütb gecəsi dövrünə təsadüf etmişdi. Sərt iqlim şəraitində epizodların çəkilməsi üçün hər gün cəmi 1,5 – 2 saat vaxtımız olurdu. Çünki saat 11-də hava işıqlanmağa başlayır, saat 13-də isə artıq gün batırdı. Hava o qədər soyuq olurdu ki, quruluşçu operator Tanrıverdi Tanrıverdiyev əlini ştativdən çəkəndə dərisi soyulurdu, milli geyimli xanəndələrin və musiqiçilərin açıq havada öz nömrələrini ifa edərkən hansı çətinliklərdən keçdiklərini təsəvvür edin. Lakin bütün bunlara baxmayaraq, yaradıcı qrup böyük həvəslə işləyərək, 5 gün ərzində öz vəzifəsinin öhdəsindən məharətlə gəldi”.

Lavozerodakı çəkilişlərdə Brilliant Dadaşova, Rüfət Mehdiyev, Ədalət Şükürov, Abgül Mirzəliyev, Ənvər Sadıxov, aşıq Samirə və başqaları iştirak ediblər. Film-tamaşada həmçinin Səyavuş Aslan, Sabir Məmmədov, Rövşən Kərimdux, Naibə Allahverdiyeva, Tofiq Hüseynov, Aslan Şirinov və digərləri çəkiliblər.

Laplandiyadan başqa, çəkilişlər AzTV-nin pavilyonlarında, Mərdəkandakı mədəniyyət sarayında və təyyarədə aparılıb. Hazırda filmin son montaj işləri gedir.

Qeyd edək ki, Faiq Hüsiyev və Hafiz İmamnəzərlinin ssenari müəllifi olduqları film-tamaşanın quruluşçu rejissoru Faiq Kərimoğlu, quruluşçu operatoru Tanrıverdi Tanrıverdiyev, operatoru Rüfət Kərimov, işıqçısı Elçin Nağıyev, montajçıları Rəşid İslamov və Feyzulla Abdullayev, inzibatçısı Tural Məmmədovdur.