Babək Göyüş. “Bizim Natəvan”

Babək Göyüş. “Bizim Natəvan”

Giriş əvəzi

Heç indi də onun neçə yaşında olduğunu bilmirəm. Soruşmamışam. Hətta, onun öz adıyla dərc olunan “Mən o günləri yaşamışam” kitabında da yaşı haqqında heç bir məlumat yoxdur. Ancaq yaradıcılığı, əmək fəaliyyəti barəsində o kitabda hər şey var. Elə mənim dəftərçəmdə də var, çünki  söhbət etmək üçün vaxt tapıb onun  qonağı olduq.

Xoş təəssürat

Özümü bu yerdə yaman qınayıram. 10 il sərasər bir şirkətdə çalışasan və onu yaxından tanımayasan. Sözün düzü, o vaxtlar biz çalışdığımız AzTV-də 2000 nəfərə yaxın işçi var idi. Hər adamı tanımaq, onunla təmas qurmaq üçün həm vaxt lazım idi, həm də istək. Adı çəkilən şirkətlə əlaqəsi olan insanlar bilir ki, əvvəllər televiziyanın ən üst qurumunda dayanan adamlar məhz diktorlar idi. Onlar istər dəhlizdə, istərsə də şirkətin həyətində başı dik gəzir, çoxlarına salam vermir və bir sözlə, Vahid Naxışın filmindəki kimi “seçilənlər” sayılırdılar. O baxımdan Natəvan Hacıyeva ilə münasibət qurmaq yalnız onlarla bərabər çalışan insanlara nəsib olurdu. O ki, qaldı  işlədiyim  redaksiyaya. Bizim beynəlxalq redaksiyamız elə o vaxtlarda da radionun əsas binasında yerləşirdi və yalnız montajdan montaja aşağı binaya düşürdük. Bir də çöldəki çayxanada çaylananda televiziyanın binasında oturanlarla söhbətləşirdik. İndi təəssüflər olsun ki, o dediklərimin heç biri yoxdur. Nə Natəvan xanım orda işləyir, nə mən. Nə də həyətdəki çayxana işləyir. Əslində var, deyilənə görə müqəvva kimi dayanıb orda. Televiziyanın redaksiyaları isə bütövlükdə radionun bunasına köçüb.

Natəvan Hacıyeva kimdir?

Əslinə qalanda bu sualın özündə də bir qəribəlik var. Onsuz da bu dünyada heç kəs heç kəsi yaxından tanıya bilmir, yalnız zahiri əlamətlərini anlaya bilər. Başqa heç nəyə insanın gücü çatmır. İnsanları bütöv tanımaq Tanrılıqdır. Bizim səlahiyyətlərimizə daxil olan isə hər bir insanın avtobioqrafiyasına baş vurmaqdır. Təbii ki, Natəvan xanımla bir saatlıq söhbətimdə onun daxili dünyasını duya bilmədim. Anladığım tək şey o oldu ki, bu insan ömrünün bəlkə də bütün hissəsini yaşıl ekranlara həsr edib. Həsr edib bir az köklü səslənmir. Daha dəqiqini desək, o özünü tamamilə televiziyaya qurban verib. Tək övladı Cəmiləni də tale burda ona pay verib. Ancaq buna baxmayaraq  tam ailə səadəti ondan yan keçib.  Və o, bu ağrını nə canlı efirdə, nə də çəkilişlərdə büruzə verməyib. Şax gəzib. Elə indi də şaxdır. Onun sifətindəki qadın təravətini yalnız onu yaxından görənlər bilər.

Natəvan xanımın kimliyi haqqında onun öz kitabında bir abzasa rast gəldim. O abzas özünə hörmət etdiyim jurnalist, AzTV-nin əməkdaşı Firuzə Nadirə məxsusdur: “ …Televiziyaya gəlişi, xalq artisti Fatma Cabbarovadan sənət dərsi aldığı, efirimizin korifeyi Aydın Qaradağlı ilə “Günün səsi”ni birgə oxuduğu, tamaşaçılara xoş xəbərlər çatdırdığı, keçmiş SSRİ-nin ayrı-ayrı şəhərlərində Azərbaycan televiziyasının  proqramlarını ləyaqətlə təqdim etdiyi, əməkdar artist adına layiq görüldüyü günlər, qızı Cəmilənin gəlinlik libasına büründüyü an, nəvələri Zərifənin, Nərminin doğum günləri, Xurşud banu Natəvan adına mükafat aldığı gün və …”

O özü isə özü haqqında belə yazıb: “ Hərdən düşünürəm, görəsən, mənim ömrüm neçə səhifəlik kitabdır? Onun neçə səhifəsi oxunub, neçəsi hələ açılmamış qalır? Bəs bu kitabın ən oxunaqlı, ən parlaq, ən yaddaqalan səhifələri hansılardır? Bəlkə də çox ciddi, yaxud heç ciddi olmayan bu suallara hər dəfə eyni cür cavab tapıram: mənim tale kitablarımın ən diqqətçəkən səhifələri mavi ekranla, televiziya ilə, bir sözlə, sənətimlə bağlı olanlardır. Bu isə… 50 ildir. Deyəsən, çox adi dedim - 50 il… Əslində bir igidin ömrüdür bu… Bu igidin ömrü isə televiziyada keçib.

Haşiyə:

Mən əslində Natəvan xanıma igid deməzdim. Ona çalışqan  sözü daha çox yaraşır. Həm də ona “igid”demirəm ki, igidlər çox az yaşayır. Misal üçün, bizim son igidimiz Mübariz İbrahimov kimi. O doğrudan da igiddir. Bütün oxucularımız da, elə Natəvan xanımın özü də yaxşı bilir ki, kimdən yazsaq da, söz açsaq da yenə də hər şeyin sonu Qarabağda birləşir.  Bu Qarabağ məsələsini elə-belə söz gəlişi olaraq ortaya atmadım. Sadəcə bilirəm ki, Natəvan xanımın ən böyük arzusu Qarabağın geri alınması xəbərini məhz AzTV-dən xalqımıza çatdırmaqdır. Gözəl arzudur. Təki yaxın vaxtlarda o çin olsun və Tanrı da Natəvan Hacıyevanın başına bir xoşbəxtlik quşu endurib onu yenidən AzTV-yə qaytarsın…

Riyaziyyatçı ola bilmədi

Yenidən Natəvan xanımla üzbəüz oturduğum ana qayıdaq. Qayıdaq ki, söhbətimiz öz axarıyla davam eləsin. Sizin özünüz də bir fincan çay içsəniz, bizimlə bərabər çaylanmaq fürsətini saxlaya bilərsiniz. Elə isə onun haqqında hər şeyi, ta uşaqlıq illərindən bugünədək onun özündən eşidək.
-    Ata babası Kəlbəli İsmayıl əslən Vedibasardandır.
-    4 yaşında 3-cü sinfin proqramını bilirmiş.
-    Oxuduğu on il ərzində yeganə aldığı “4” qiyməti ona 3-cü sinifdə yazı dərsində verilib.
-    Beş qardaşın bacısı olan Natəvanı atası tənbeh edəndə maraqlı bir metod seçibmiş. Döşəməyə tökülən noxudun üstündə dayanan Natəvan əllərini yuxarı qaldırmaqla öz “cəzasını” belə yüngülləşdirirmiş…
-     Ən böyük arzusu riyaziyyatçı olmaq imiş…
Ancaq o, riyaziyyatçı olmadı, rus dili üzrə mütəxəssis oldu. Heç əslinə qalanda  tam olaraq ali təhsil aldığı o ixtisasın dərinliyinə də daxil olmadı.  Daxil olduğu tək yer AzTV oldu və orada yiyələndiyi aparıcı-diktor sənətinin müəlliminə çevrildi.
Onsuz da insanlar bir-birinə müraciət edəndə “müəllim” deyirlər. Ona isə “müəllim” demək yersizdir. O, daha çox sənətkar və bir Azərbaycan ziyalısıdır.

AzTV-yə gəldiyi günlər

Natəvan xanım televiziyaya gəlişini belə xatırlayır: “Televiziyanın yaranması gününü indi də xatırlayıram. Onda 1956-cı il idi. Günlərin birində atam evimizə bir qutu gətirib dedi ki, bu televizordur. Dərslərinizi tam oxuyandan sonra bəzi verilişlərə baxa bilərsiniz. Mənim isə onda ən çox xoşuma gələn verilişlər yox, o televizorun qutusu oldu. Və o gündən televiziyanın vurğununa çevrildim. Təsadüf elə gərirdi ki, 1959-cu ilin qışında elan olunan diktorluq müsabiqəsində bəxtimi sınadım, ancaq məni seçmədilər. Buna görə ruhdan düşmədim. Sonra elə oldu ki, rejissor Kamil Rüstəmbəyovun çəkdiyi “Aygün” filmində epizodik rolda çəkildim. Bu rola çəkilməyim üçünsə ailəmizin yaxını kinostudiyada işləyən Xanım Hacıyeva öz köməkliyini göstərdi. Daha doğrusu, o filmə çəkilmək üçün atamdan razılığı Xanım aldı. Məktəbdə oxuyan vaxtları tez-tez çızma-qara edib şeir yazırdım. Və elə oldu ki, adını daşıdığım Natəvan xanıma hərs etdiyim üç bəndli bir şeir müəllimlərimin xoşuna gəldi və məni Cəfər Xəndanın məclisinə dəvət edib o şeiri oxumağımı tövsiyyə etdilər. 1-ci kursun sonunda isə televiziyada yenidən diktor müsabiqəsi elan edildi və mən qeydiyyata düşüb bəxtimi  sınadım. Bugünkü kimi xatırlayıram. Son 3-cü tura 170 nəfərdən 20 nəfər qalmışdı. Məni də həmin 20 nəfərin içində sona saxlayıb oturdurtdular bir studiyada. Növbə-növbə Azərbaycan və rus dillərində mətn verib səsimi yoxladılar. Sonra yuxarıda rejissor pultundan bir nəfər dedi ki, Natəvan haqqında yazdığım şeiri oxuyum. Həmin an oturduğum yerdə donub qaldım və düşündüm ki, bunlar hardan bilir ki, mən şeir yazıram. Nə isə. Özümü toparlayıb o şeiri oxudum. Sonra orda əyləşən bir kişi səsi aşağı studiyaya yayıldı. “Hamını evə buraxın. Tək Natəvan xanım qalsın”. Dəhlizə çıxanda o dəqiqə hiss etdim ki, mən qalib olmuşam və rejissorlardan biri mənə yaxınlaşıb dedi ki, sədr Teymur Əliyevin kabinetinə getməliyik. O an hansı həyəcan keçirdiyimi göydəki Tanrıdan başqa heç kəs bilmir. Teymur müəllim bizi qəbul elədi və dedi ki, şeir yazmağını bildiyimə görə onu oxutdurdum. “Qızım səni təbrik edirəm. Bugündən siz AzTV-nin əməkdaşısınız. Sabahdan işə çıxıb diktorluq fəaliyyətinizə başlaya bilərsiniz”. Ata kimi hamıya qayğı göstərən Teymur müəllimin mənə dediyi o sözləri heç indinin özündə də unutmamışam. Evdə isə bu xoş xəbəri heç kəs bilmirdi. Axşam söhbət açılanda məni ilk dəstəkləyən atam Əsgər Hacıyev oldu. “Qızım həmişə alnımı ağ edəcək” - dedi.

Televiziya ona nə verdi?

AzTV, diktorluq sənəti, sonralar isə televiziya aparıcılığı həyatda Natəvan xanıma nə verdi? Nə verməyini indi Azərbaycanımızın çox milyonluq tamaşaçıları yaxşı bilir. Düzdür, bu sözü müasir gənclərimizə şamil etmək olmaz, çünki onlar sovetlər dövrünü görməyib və təbii ki, AzTV-nin verilişlərinə də baxmayıblar. İndi ölkəmizin hüdudlarında Natəvan xanımın televiziya həyatının 50 illiyi ilə bağlı bir sıra tədbirlər, görüşlər keçirilir. Və inanırıq ki, o görüşlərin kulminasiya nöqtəsi kimi ona Azərbaycanın xalq artisti adı veriləcək. Çünki Natəvan Azərbaycan  televiziya məkanında ilk qadın diktorlarından biridir və onun gərgin əməyini qiymətləndirməmək düzgün sayılmaz.

Son söz əvəzi

Natəvan xanım Hacıyeva haqqında bugünkü yazımızda hər şeyi deyə bilmədik. Hər şeyi demək üçün bir qəzetin 16 səhifəsi bəs eləməz. Çünki insanların ta doğulandan ahıl vaxtlarınadək keçdiyi həyat ssenarisinin süjet xəttində yalnız o ömrü yaşayanlar çəkilir. Epizodik rollarda o insanı yaxından, uzaqdan tanıyanlar yer alır. Biz jurnalistlərin işi isə belə çalışqan, Vətənini, xalqını sevən insanları yenidən tanıtdırmaqdır. Bilmirik, bugünkü yazımızda buna necə nail olduq. Olmadıqsa, qoy Natəvan xanım bizi bağışlasın.

P.S. Son sözün sonunda isə şair Ramiz Heydərin  10 dekabr 1971-ci il tarixində yazdığı bir şeiri ilə söhbətimizə son deyərdik.

Çox da bizi görməyirsən
Danışanda qarşında.
Hər gün gəlib oturursan
Süfrəmizin başında.

Salam verib görüşürsən
Necə gülər, mehriban.
Hamı deyir:”Bir baxınız,
Gəldi bizim Natəvan…

Elə bil ki, evimizin
Bir üzvüsən nə vaxtdan.
Özgə deyil, lap yaxınsan
Bizə gözəl Natəvan…