Bakıda maraqlı sərgi:

Bakıda maraqlı sərgi: "Tullantıdan sənətə" - FOTOLAR

İyunun 1-də Heydər Əliyev Fondunun, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Təmiz Şəhər” ASC-nın birgə təşkilatçılığı ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Tullantıdan sənətə” adlı beynəlxalq sərginin açılışı olub.

Sərgidə məişət tullantılarından müxtəlif sənət nümunələri hazırlanaraq tədbir iştirakçılarına nümayiş etdirilib.

Sərginin əsas məqsədi insanları israfçılıqdan yayındırmaq və onların malik olduğu əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir. Sərgidə ən bəsit və lazımsız materiallardan – tullantılardan istifadə etməklə hazırlanmış heyranedici sənət əsərləri tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Tullantıdan sənət əsərlərinin yaradılması müasir dövrdə “alternativ incəsənət”, şablon və qaydalara etiraz kimi dəyərləndirilir. Bu sahənin sənətkarları metal, kağız, plastik kütlə, rezin məmulat və müxtəlif məişət tullantılardan istifadə etməklə maraqlı və ibrətamiz əsərlər yaradıblar.

Sərgidə Azərbaycan, Almaniya, ABŞ, Estoniya, Rumıniya, Litva, Gürcüstan, Belarus və digər ölkələrdən olan sənətkarların kağız, ev təsərrüfatında istifadəyə yararsız texnika və əşyalar, şin, maşın şüşələri, şüşə qablar, metal və digər tullantı materiallarından hazırlanmış əl işləri nümayiş etdirilir. Burada “Xalça”, “Qızıl tullantı”, “Yumşaq mebel”, “Motosiklet”, “Palitra” və digər kompozisiyalar sərgi iştirakçılarının zövqünü oxşayıb.

Sərgi iyunun 10-dək ictimaiyyətə açıq olacaq.

[gallery link="file" columns="2" orderby="title"]