Bakıda Xalid Hüseyniyə həsr olunmuş seminar (FOTO)

Bakıda Xalid Hüseyniyə həsr olunmuş seminar (FOTO)

21 dekabrda Xəzər Universitetində "Dünya ədəbiyyatını öyrənək” layihəsi çərçivəsində əfqan əsilli Amerika yazıçısı Xalid Hüseyninin "Çərpələng uçuran”, "Min möhtəşəm günəş”, "Və dağlardan səda gəldi” adlı trilogiyasına həsr edilmiş seminar keçirilib. 

Azərbaycan dili və ədəbiyyatı departamentinin müdiri dosent Vurğun Əyyub giriş sözü ilə çıxış edərək, seminar iştirakçılarına uğurlar arzulayıb.

Xəzər Universitetinin müəllimi layihə rəhbəri Qardaşxan Əzizxanlı "Günəş Şərqdən doğur” (İşıq Şərqdən gəlir –Ex oriente lux) məşhur deyiminə əsaslanaraq, layihəyə məhz bu əsərlərlə başlamağın səbəbindən söz açıb. 

Trilogiyanı təqdim edən filologiya fakültəsinin tələbələri Fəridə Nadirova-Əsgərova, Aytac Həsənova və Nərmin Ələkbərova öz təqdimatlarında əsas surətlərə diqqət yetirməklə, seminar iştirakçılarını əsərlərin məzmunu ilə tanış ediblər. 

AMEA-nın Azərbaycan-Asiya ədəbi əlaqələr şöbəsinin müdiri, seminarın həsr olunduğu əsərlər barədə silsilə məqalələr müəllifi professor Bədirxan Əhmədov trilogiyanın ilk kitabdan məşhurluq qazanmasını, bütün dünyada geniş yayılmasını onun ideyası və qoyulan problemlə əlaqələndirib. Asiyaşünas alim, həmçinin seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıb.