"Baku Creative Center"in açılışı oldu

Bakıda yeni incəsənət və yaradıcılıq mərkəzinin -  “Baku Creative Center”in  açılış sərgisi baş tutub.

Mərkəz Azərbaycan mədəniyyət və incəsənətinin ölkəmizin hüdudlarından kənarda təbliği, təbliğatın PR strategiyasının hazırlanması, kreativ ideyaların reallaşdırılması və yaradıcı insanların inkişafına yardım edəcək.

“Baku Creative Center”in rəhbəri Emin Yasinov yaradıcılıq mərkəzinin məqsəd və missiyasından söz açaraq Azərbaycanın incəsənət və mədəniyyətinin PR və reklam texnologiyalarından istifadə etməklə düzgün hədəf qrupuna çatdırılması və təbliğatının zərurətini qeyd etdi. Emin Yasinov həmçinin bildirdi ki, Azərbaycanın Avroviziya müsabiqəsinə ev sahibliyi etməsi və 2020-ci il dünya olimpiadasına namizədliyimiz nəticəsində dünya ictimaiyyətinin nəzərinin ölkəmizə yönəldilməsi bu zərurəti daha da şərtləndirir.

Sitat: “Azərbaycanda yaradıcı gəncləri ortaya çıxarmaq, ən əsası, ölkəni xaricdə baş tutan mədəni tədbirlərdə uğurla təmsil etmək prioritetimizdir. Düşünməyin ki, “Baku Creative Center”-in açılışıyla işimizi bitmiş hesab edirik. Qarşıda Azərbaycanın yaradıcı, bir az da qayğıya ehtiyacı olan gənclərini bir araya gətirməyi planlaşdırırıq. Onları dünya incəsənəti, müasir yaradıcı cərəyanlarla tanış edəcək, kreativ metodologiyaya əsaslanıb təcrübi təlimlər keçirəcək “Baku Creative Academy”-nin əsasını qoymağı düşünürük”.

Açılışda Azərbaycanın mədəniyyət sahəsində söz sahibləri olan bir sıra incəsənət xadimləri də çıxış etdilər. Azərbaycan Rəssamlar İttifaqının katibi, professor, xalq rəssamı Ağaəli İbrahimov çıxış edərək yeni yaradılmış yaradıcılıq mərkəzinin Azərbaycanın incəsənət və mədəniyyətinin tanıdılması, yaradıcı insanları ətrafına toplayıb uğurlu layihələrə imza atacaqlarından əminlik hissi duyduğunu dilə gətirdi.

Ünvan: Həsən Abdullayev küç.6, Axundov bağının yaxınlığı