Başı qırxılan qadın...

Başı qırxılan qadın...

Şərif AĞAYAR

Son günlər gündəmdən düşməyən o məşum və məşhur videoya baxanda içimdə nəsə qırıldı. Çox düşündüm. Axı niyə bu çəkiliş mənə bu qədər pis təsir edir?

Qadınının başını qırxıb qəddarcasına videoya çəkən, üstəlik kadr arxasında soyuqqanlı şəkildə danışan kişi bizim, biz tamaşaçıların ona dəstək olacağına, gördüyü işi alqışlayacağına inanır. Bizim onunla şərik olduğumuza əmindir. 

Halbuki biz bu videoda, yumşaq desək, qeyri-insani hal müşahidə edirik. 

Cəmiyyət xəyanət edən qadına qəddar münasibəti ilə bu cür hadisələri şərtləndirir. Hətta o qədər ki, qanun qorxusu da kişilərin qarşısını ala bilmir. 

Yılmaz Güneyin məşhur "Yol” filmində bir detal var. Həbsxanadan bir həftəlik iznə çıxan Seyid qohumlardan eşidir ki, arvadı ona xəyanət edib. Atası qızını heyvan kimi tövlədə zəncirləyib saxlayır. Seyidi gözləyir. Çünki qan haqqı onundur. Bacarmasa, atası, yaxud qardaşları öldürəcək qadını. Qayınatası Seyidə öyüd-nəsihət verir: "Öldürərkən əlin titrəməsin!” 

Xəyanət edən qadının türklər demiş, infazını gerçəkləşdirmək üçün xüsusi qayda-qanunlar da varmış. Kim, harda, necə, hansı şəraitdə öldürməlidir? 

İş o qədər qəlizdir ki, qadının oğlu, doğma bacısı belə, onu anlamağa, bağışlamağa, heç olmasa, bir az yumşaq davranmağa meylli deyil. 

Filmin bu hissələri, arvadını sevgilisi ilə yataqda güllələyən bir kişinin məhkəmə işini yadıma salır. O, özünü müdafiə üçün üçcə söz deyirdi: "Namus üstündə öldürmüşəm!”

Nəhayət, hakim dilə gəldi: "Yadda saxla, bu dünyada heç nə insan ölümünə bəraət vermir! İki nəfərin ölümünə isə heç vermir!”

Doğrudur, başını qırxmaq öldürməkdən daha yüngül hadisədir, amma diqqətlə fikir verəndə, o qədər yüngül də deyil. Bunun adı da virtual qətldir və bəlkə də, bir çox cəhətlərinə görə, ölümdən ağırdır. 

Bizdə xəyanətkar qadının cəzalandırılmasının ciddi tarixi kökləri var. Video olmadığı dövrdə bu cür qadınları eşşəyin belinə tərsinə mindirib kəndin içində gəzdirirdilər. 

Xəyanət edən qadına cəmiyyətin alçaldıcı və inamsız münasibəti bəzən daha eybəcər hadisələrə yol açır. Misal üçün, İran istehsalı olan "Sürəyyanı daşlamaq” filmində kişi qadından boşanır, şəriət qaydasına görə ödəməli olduğu pulu verməmək üçün ona böhtan atır. Guya ərinə xəyanət edib. Beləliklə, qadını quyuya basdırıb daş-qalaq edirlər və ilk daşı ona öz doğma atası atır.
Budur, videosu yayılan qadının da anası oxşar sözlər deyir. Qızıma böhtan atıblar! Onu təhdid altında saxlamaq və şantaj etmək üçün belə bir video çəkiblər.

Haqlıdır, haqsızdır, demək çətindir. Lakin bircə şey hamımıza aydındır; qadın xəyanət edibsə də, ona böhtan atılıbsa da cəmiyyət günahkardır. Bu mövzulara aqressiv, qeyri-humanist və qəddar münasibəti, eyni zamanda şeytani marağı ilə!

Ortada xəyanət varsa, mədəni şəkildə ayrılmaq ən doğrusudur. Həm də sakit-səssiz. Çünki Rusiyanın ucqar bir yerində tanınmayan bir qadının ərinə xəyanət etməsində heç bir sosial mahiyyət yoxdur. Şübhəsiz, əgər onu videoya çəkib ictimailəşdirən yoxdursa... 

AzNews.az