Bir əfsanə görüş (FOTO)

Bir əfsanə görüş (FOTO)

Xəzər Universitetində "Yaradıcı yazı” fənninin budəfəki qonağı Bakı Dövlət Universiteti "Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının dosenti Məti Osmanoğlu olub.

Aprelin 12-də keçirilən tədbirə Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlının dəvəti ilə M.Osmanoğlu rəhbərlik etdiyi "Söz” Yaradıcılıq Birliyini təmsil edən tələbələrdən bir qrupu- Nailə Ağayeva, Qismət Cəfərov, Cəmil Cəmilbəyli, Şəhla Abbaszadə, Seymur Hüseynzadə, Elnarə Talıbova, Rüfət Qaçayevlə gəlib.

"Xəzər”li tələbə Səidə Cabarova gələn qonaqla bağlı qısa təqdimatla çıxış edəndən sonra ədəbiyyatşünas alim "Bədii mətn, müəllif, təhkiyə və oxucu münasibətləri” mövzusunda mühazirə oxuyub, verilən sualları cavablandırıb. 

Gənc şairə Elnarə Talıbovanın bənzərsiz intonasiya ilə dediyi modern şeirləri və gitarası ilə "Uzaq yaşıl ada”, "Göy göl”, "Sən gəlməz oldun” mahnılarını ifa edən gözəl səsli Rüfət Qaçayevlə birgə şirin bir ləhcəylə oxuması, "ev sahibləri” Pinar Məmmədzadənin, Aytac Həsənovanın səsləndirdiyi şeirlər açıq dərsə fərqli bir düzən gətirib. "Xəzər”lilərə kitablarını bağışlayan M.Osmanoğlu isə avtoqrafında yazıb: "Bir əfsanə görüşdən...”