Biri xristianlığı qəbul edib, biri məsciddə çalışır, digəri...

Biri xristianlığı qəbul edib, biri məsciddə çalışır, digəri...

Azərbaycanın məşhur uşaq filmi  "Asif, Vasif, Ağasif” çoxunuza tanışdır. Bu filmlə məşhurlaşan üç kiçik baş qəhrəman - Asif, Vasif, Ağasifin yaradıçılığını sonralar izləmək mümkün olmadı.

Modern.az saytı illər sonra kiçik aktyorların axtarışına çıxıb.

Öncə onu deyək ki, 1983-cü ildə çəkilən film Asif, Vasif və Ağasif  adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğılarından bəhs edir. Ata (Məmməd Məmmədov) vaxtının çoxunu iş yerində keçirdiyindən övladlarının tərbiyəsini ana (Şükufə Yusupova) öz öhdəsinə götürüb. O, oğlanlarını dəbdə olan "tərbiyə üsulları” ilə böyütmək fikrindədir. Ana xüsusi cədvəl tərtib edir: uşaqlar musiqi və idmanla məşğul olmalı, xarici dil, süfrə arxasında, böyüklərin yanında davranmaq qaydalarını öyrənməlidirlər. Nənənin (Leyla Bədirbəyli) hərdən eşidilən etirazı evdə ancaq qanqaralığa səbəb olur. Atalarının gəlişi isə uşaqlar üçün əsl toy-bayrama çevrilir.

Filmdəki hadisələr də məhz Asif, Vasif, Ağasifin ataları ilə gəzintiyə çıxdıqları zaman baş verən "sərgüzəştlər”, daha doğrusu, ortancıl qardaşın "əyləncələri” ətrafında cərəyan edir.

Onu da deyək ki, axtarışımız heç də asan başa gəlmədi. Filmin qəhrəmanları arasında yalnız Asifi (Emil Pənahov) asanlıqla tapa bildik. "Asif, Vasif, Ağasif” filmində çəkildikdən sonra Emil Pənahov xoreoqrafiya məktəbinə daxil olub və bir daha heç bir filmdə çəkilməyib. Hazırda "Buta” rəqs ansamblının rəhbəridir. Xristian dinini qəbul edib və hazırda Bakıda yaşayır.

Filmdə üç qardaşın ən kiçiyi hamının oğlan zənn etdiyi Ağasif (Hökümə Cəlilova) isə hazırda "bp” şirkətində çalışır. Onun da aktyorluq fəaliyyəti elə "Asif, Vasif, Ağasif” filmindən sonra başa çatıb.  

Kinonun üçüncü qəhrəmanı haqqında isə demək olar ki, xoşagələn məlumatlar əldə edə bilmədik. Uzun axtarışlardan sonra son ümid yeri kimi filmin ssenari müəllifi Nadejda İsmayılovaya müraciət etdik. O, Vasif rolunun ifaçısı Ramin Aslanov barədə məlumatsız olduğunu dedi. 
"Filmin 31 illiyi ilə bağlı kinorejissor Cəmil Quliyev həmin uşaqları bir yerə yığmaq istədi. Amma alınmadı. Çünki Vasif rolunun ifaçısı Ramin Aslanovu nə qədər axtardıqsa, tapa bilmədik. Gah dedilər o türmədədir, gah dedilər xəstədir. Beləcə, onu tapa bilmədik. Amma Cəmil Quliyev müxtəlif yollarla onu arayıb nəhayət ki üzə çıxardı, lakin filmin yubileyinə gətirə bilmədi. Heç demə o, məscidlərdən birində çalışırmış. Cəmil Quliyev onunla danışdı. Amma ona icazə vermədilər”.