Borxes: Habil və Qabil haqqında - TƏRCÜMƏ

Borxes: Habil və Qabil haqqında - TƏRCÜMƏ


Kult.Az saytı dünya şöhrətli yazıçı Xorxe Luis Borxesin "Habil və Qabil haqqında əfsanə" adlı pritçasını Həmid Piriyevin tərcüməsində oxuculara təqdim edir:


Ölümdən sonra Habil Qabili gördü. Onlar səhrada gedirdilər, hündür olduqları üçün, onları uzaqdan da görmək mümkün idi. Torpaqda oturdular, ocaq yandırıb yemək bişirdilər. Uzun və zəhmətli iş günündən sonra susan adamlar kimi sükuta qərq olmuşdular.

Səmada yeganə, hələ adlandırılmamış ulduz parladı. Qabil qardaşına dedi:

- Bağışla məni...

- Mən artıq xatırlamıram. Biz yenə bir yerdəyik. Kim kimi öldürüb, qardaş?

- Bax, indi sən məni bağışladın, Habil. Unutmaq – bağışlamaq deməkdir. Mən də unutmağa çalışacağam.

- Hə, mənim qardaşım. Nə qədər ki, xatırlayırsan, o qədər günahkarsan.


KULT.AZ