Brilliant Dadaşova: “Erməni müğənni mənə zəng edib dedi ki....”

Brilliant Dadaşova: “Erməni müğənni mənə zəng edib dedi ki....”

Brilliant Dadaşova "İs(i)min halları” layihəsində

 
ADLIQ

Mən universitetin birinci kursunda oxuyandan Azərbaycan Dövlət Televiziyasının solistiyəm. AzTV-nin o vaxtkı rəhbəri məni kabinetinə çağırıb dedi ki, sən bu mahnını ifa edərkən kimi nəzərdə tutursan? Biri böyük qardaşımız, digəri isə qonşumuzdur.  O, həmçinin mənə irad bildirdi ki, sən niyə "qaçsın düşmənlərimiz  vay-vay deyə-deyə” demisən?! Mən həmin şəxsə lazımi cavabı verdim. Və mübarizəmə davam etdim. İlk mübarizəm elə  "Bizə birlik gərəkdir” mahnısı ilə başladı.

Mən 30 yaşım olanda çox ağlamışdım. Ağlayırdım və evdə deyirdim ki, qocaldım, artıq hər şey bitdi.

Bütün qızlar arzulayır ki, həyat yoldaşı atalarına bənzəsin. Mən də ilk dəfə Ədalət müəllimi görəndə, onu atama bənzətdim. O, ilk dəfədən mənə çox təmiz, ziyalı adam təəssüratı bağışladı…

Mən ilk dəfə 1992-ci ildə Türkiyəyə dəvət aldım. Səhnəyə çıxmalı olduğum gün Xocalı faciəsi baş verdi. Konsertimi təxirə saldım. Hətta hadisənin şokundan möhkəm xəstələndim. Onsuz da, 1990-cı ilin şokunu hələ üzərimizdən atmamışdıq.

"Vokaliz”i mən 2001-ci ildə ifa etmişəm. 2005-ci ildə erməni müğənnisi Vartuni Vartanyan da "Vokaliz”i ifa edib, lakin müəllif hüquqlarının mənə məxsus olduğunu gizlətmişdi. Bu müğənni "Vokaliz”i oxuyandan bir müddət sonra vəfat etdi.

Bir dəfə düşmən ölkənin müğənnisi mənə zəng edib demişdi ki, mən sənə qulaq asa-asa müğənni olmuşam. Həmin şəxs eyni zamanda onu da bildirmişdi ki, tezliklə müharibə bitsin və mən sizinlə duet ifa etmək istəyirəm.

Mən soyuqda, avtobusda neçə kilometr yol gedib səngərlərdə, dizə qədər palçığın içində əsgərlər qarşısında vətənpərvərlik ruhunda mahnılar oxuyub konsert vermişəm.  Bu konsertlər zamanı 3 dəfə bətnimdə 4-5 aylıq uşağımı itirmişəm.

Mən Rəşid Behbudov, Şövkət Ələkbərova kimi sənətçilərin sırasındayam...

Ətrafımdakı insanlar elə düşünür ki, mən hər zaman hər şeyi düz eləmişəm. Amma dönüb arxaya baxanda o qədər səhvlərimi görürəm ki...

 

YİYƏLİK

Mənim nə vaxtsa məşhur olmaq kimi komplekslərim olmayıb. İstənilən adam hansısa bir hasara çıxıb paltarını başına çəksə, məşhurlaşacaq, onu bütün Azərbaycan barmaqla göstərəcək.

Mənim 1997-ci ildə Norveçdə bir layihəm oldu, orada disk buraxdırdım. Həmin ildən sonra çox azərbaycanlı müğənnilər həmin ölkəyə səfər etdi, konsert verdilər. Amma yenə də beş ildən sonra məni dəvət etdilər.

Həyat yoldaşım Ədalət də mənim kimi 17 yaşından işləyir. 25 illik ailə həyatımızda mən onu səhər saat 09.00-dan sonra evdə görməmişəm. O, hər zaman öz zəhməti ilə yaşayıb.

Hər dəfə əmin oluram ki, doğru olan mənim öz düşüncəm və öz hisslərimdir.

Niyə jurnalistlər məni, ümumiyyətlə, bu şou məsələlərə qatır, onu da başa düşmürəm. Axı mən indiyədək heç kimə cavab verməmişəm. Çünki mənim təbiətimə, mədəniyyətimə, ruhuma, özümə uyğun olan bir şey deyil bu məqamlar...

 

YÖNLÜK

Atamın xüsusiyyəti mənə də keçib. Mən hər hərəkətimdə Allaha xoş gedib-getməyəcəyini düşünürəm.

1988-ci ildə vətənpərvərlik ruhunda mahnı oxumaq çətin idi. Amma heç nəyə baxmayıb mahnılarımı oxudum. O zaman mənə dedilər ki, sən Lenin, Kirovun heykəlinin qarşısında mahnı oxuduğun üçün zirzəmilərdə çürüyəcəksən.

Türkiyədə olarkən bir neçə dəfə mənə deyiblər ki, gəlin qardaşlıq naminə bədxah qonşularımızın müğənnisi ilə şəkil çəkdirin. Amma mən etiraz etmişəm.

Albomum çıxandan sonra Türkiyəyə daha tez-tez gedirəm. Orada mənə deyəndə ki, sən azərbaycanlılara bənzəmirsən, çox əsəbiləşirəm.

Seda Sayan verilişində məndən soruşdu ki, ailəlisən və həyat yoldaşın burdadırmı? Mənə də qəribə gəldi. Niyə mənim həyat yoldaşım Bakıdakı işlərini atıb Türkiyəyə, Seda Sayanın verilişinə getməlidir? Sedaya cavab verdim ki, kim Tulaya öz samovarı ilə gedir? Bu zarafatı çox qabartdılar, elə Seda Sayanın özü də.

Bir dəfə canlı yayımda mənə bir iftira atıldı. Sadəcə, gülümsəyərək oturub baxırdım. Onda yaxın rəfiqəm Zülfiyyə Xanbabayeva mənə zəng edib dedi ki, sən necə özünü saxladın? Mən olsaydım, ürəyim gedərdi. Çünki o da bilirdi ki, bu, şərdir.

Əxlaq insanın öz işidir. Çünki qapılar bağlanandan sonra insan şəxsi həyatında nə edirsə, özü bilər və bunun heç kimə aidiyyəti yoxdur. Amma vicdan cəmiyyətin işidir. İnsanın vicdanı mütləq olmalıdır. Adam var ki, əxlaqsızdır, ancaq çox vicdanlıdır. Onun əxlaqsız olmasının nə sənə, nə də mənə ziyanı dəyə bilməz.

Yaxınlarım mənə deyir ki, sevib-sevmədiyin adamları mətbuatda bəlli etmə. Bəyəm, bunu gizlin etmək olmazmı? Deyirəm, yox! Mən kiməsə quyu qazıb, arxadan vurmaq xislətinə malik deyiləm.

 

TƏSİRLİK

Mən görürəm ki, onlar Azərbaycan sənətçisi olaraq məni Türkiyədə qeyri-adi qarşılayırlar. Ajda Pekanın bağ evində qonaq olmuşam, eyni zamanda o məni bir neçə dəfə balıq yeməyə dəvət edib. Orada olanda məni mütləq evlərinə dəvət edirlər, pianoda çalıb-oxuyuruq, həmin ifanı yazırlar.

Məni sevən insanlar var. Onlar kimə necə münasibət bəslədiyimi bilmək haqqına sahibdirlər.

Bəzən eynəkdən və papaqdan istifadə edirəm ki, məni maksimum az tanısınlar. İllər öncə sadə, makiyajsız halda istədiyin yerə gedə bilərdin. İndi hər kəsin əlində bir telefon tez çəkib paylaşır.

 

YERLİK

Məndə də ehtiyac çox olub. Hər zaman maddi cəhətdən əziyyət çəkmişəm.

Şou-biznesdə çox şey var. Amma sənətdə yalnız sənət var – məndə də bu fikir var.

Məndə bir az prinsipiallıq var, lazım olan yerdə sözümü deyirəm. Sözümü həmin anda deməsəm, o mənim qəlbimdə qalıb məni çatlada bilər.

 

ÇIXIŞLIQ

Televiziya verilişlərinin bir neçəsi xoşuma gəlmir, birinə getsəm, digərləri inciyəcək məndən, ona görə də heç birinə getmirdim. Mədəniyyət aləmimizdə çox pis bir atmosfer yaranmışdı. Ona görə də Mədəniyyət Nazirliyinin təşkil etdiyi konsertlərə də getmirdim...

Məşhur türk müğənnisi Şükriyyə ilə birgə proqrama çıxdıq və o məndən ona müəllimlik eləməyimi xahiş etdi. 

Hüseyn Abdulayev əvvəl deyirdi ki, "mən Akif İslamzadə və Brilliant Dadaşovadan savayı müğənni tanımıram”. Amma sonra o, mahnılarını məndən çox başqalarına verdi.

Məndən soruşsanız deyərəm ki, şou-biznesi təmsil edənlərin əksəriyyətinin  vətəndaş mövqeyi yoxdur.

Həyatında vicdansız adamlar olsa, taleyin pis istiqamətə dəyişər. Vicdansız adam üçün heç bir qayda yoxdur. O, bir dəqiqəyə adamı satar və sabah təzədən öpüb-qucaqlayar. Çox çalışıram ki, vicdansız insanlar məndən uzaq olsunlar.

 
TƏNHALIQ

Bütün uşaqlığım yadımdadır. Pianoda ifa etməyə cəhd etdiyim üçün atamla anamın yoldan qayıdıb, əlimdən öpməklərini yadıma salanda, sanki, o anı yenidən yaşayıram. Atam lap əllərimi dişləyərdi. Amma daha bir unutmadığım məqam var. Bunu heç vaxt dilə gətirməmişəm. Çünki hər dəfə danışanda o dəhşətli anı təkrar-təkrar yaşayıram. Biz bağ evinə getmək üçün ailəlikcə maşınımıza mindik. Mən artıq gözümü açanda gördüm ki, bütün ailə üzvlərim yerdə və huşsuz haldadırlar. Bir tək anam mənə baxıb, gülümsəyirdi. Yəqin, ona görə gülürdü ki, mən qorxmayım. Həmin avtomobil qəzasında anamı itirdik. Əcəl, sanki, onun üçün gəlmişdi...

Kult.az